Ermənilərin illər boyu xalqımıza qarşı törətdiyi silsilə cinayətlər və terrorçuluq fəaliyyəti barədə ümumi məlumatlar olsa da, təəssüf ki, bu informasiyaların kütləvi şəkildə ictimailəşərək hər kəsə çatdırılması istiqamətindəki səylərimiz kifayət qədər deyil.
Mığrı türk tayfasından olan Böyük Alban hökmdarı Cavanşirin 681-ci ildə zəhərlənməsindən başlayaraq, onun varisi Şeruya və onun yaxın adamlarına qarşı qətllər törədən erməni terrorçuları öz mənfur əməllərinə fasilə vermədən dəhşətli qətllər törədiblər.
Təkcə 1970-1980-ci illərdə türk səfirliyi əməkdaşlarına və türklərə qarşı 220-də çox terror aktı törətmiş erməni terrorçularının əməllərini faş edən xronologiyanı bilmək, unutmamaq, unutdurmamaq və bütün dünyaya çatdırmaq hər kəsin borcudur.
Ona görə də KONKRET.az olaraq bu gündən etibarən erməni terrorçuları tərəfindən xalqımızın başına gətirilən bütün müsibətləri, yaşadığımız faciələri xatırlatmaq, unutmamaq üçün “Erməni terrorunun xronologiyası” adlı rubrikanı oxucuların ixtiyarına verir.
Oxuyun, yadda saxlayın, yayın!
Yayın ki, müxtəlif zamanlarda erməni terrorunun qurbanlarının ruhu qarşısındakı borcumuzu az da olsa, ödəmiş olaq.
29 oktyabr 1991-ci il
Xocavənd rayonunun Xocavənd kəndi Qərvin qəsəbəsində məskən salmış daşnak terrorçuları tərəfindən raket və top atəşinə tutulur. Kənd sakini İsfəndiyar Məmmədovun evi dağılır.
Yevlaxdan Xocalıya uçan AN-2 təyyarəsi Əsgəran rayonunun Kərmirsar-Xanabad səmasında daşnak erməni terror qruplaşması tərəfindən vurulub yerə salınır. Təyyarədəki yeddi ekipaj üzvü:
Əsəd Əsədov,Hikmət Muradov,Ceyhun Rəhimov, Əhmədağa Baxşıyev,Yunis Misirov,Azad Sadıqov və Sabir Rəcəbov qətlə yetirilir. Sonra isə mərhumların cəsədləri yandırılır.
29 oktyabr 1993-cü il.
Daşnak terror birləşmələri Zəngilanın Məmmədbəyli, Babaylı, Rəbənd, Alıbəyli,Xumarlı,Sarıl,Şərifan,Hacallı,Muğanlı, Ağbənd, Vejnəli, Əmirxanlı, Xurama, Bartaz, Şayıflı, Nəcəflər, Yusiflər, Cahangirbəyli, Saralı Xəştab, Şamlı, Aladin, İsgəndərbəyli, Kolluqışlaq, Rəzdərə, Qaragöl, Vənətli kəndlərini və Mincivan qəsəbəsini işğal edirlər. Ölən və yaralananlar olduğu qeydə alınır. Təkcə 10 nəfərdən çox dinc sakin Arazın sularında boğulur.
29-30 oktyabr 1993-cü il.
Erməni silahlları Zəngilan şəhərinə həmlə edirlər. Nəticədə rayonun 83 yaşayış məntəqəsinin, o cümlədən, bir şəhər və bir qəsəbənin 39 minlik dinc,əliyalın əhalisi erməni-daşnakların etnik təmizləmə siyasətinin günahsız qurbanlarına çevrilir. Rayon üzrə ümumilikdə 182 nəfər qətlə yetirilir,44 nəfər itkin düşür, 110 nəfər şikəst olur, 200 uşaq yetim qalır.
C.MƏMMƏDLİ