Erməni vandalizminin Kələxana “etüdləri” – VİDEObackend

Erməni vandalizminin Kələxana “etüdləri” - VİDEO

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist

Son illər Azərbaycan dövlətinin hərtərəfli qayğısı və dəstəyi sayəsində respublikamızın demək olar ki, bütün guşələrində tarix və mədəniyyət abidələrinin mühafizəsi, tədqiqi, konservasiyası və təbliği istiqamətində çox mühüm layihələr həyata keçirilməkdədir. Bu cəhətdən Şamaxı rayonunda görülən işləri xüsusi olaraq qeyd etmək olar. Rayon icra hakimiyyətinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən son üç ay ərzində Kələxana türbələr kompleksi ərazisində aparılan arxeoloji tədqiqatlar bu istiqamətdə görülən möhtəşəm işlərin daha bir nümunəsi oldu. Xatırladaq ki, Kələxana türbələri orta əsrlər dövründə Şirvanda təşəkkül taparaq, inkişaf edərək Azərbaycanda, daha sonra isə Avrasiya coğrafiyasında geniş yayılmış olan sufizimin daha çox elmi-fəlsəfi qolu kimi tanınan Xəlvətiliyin akademik səviyyədə qavranılması və araşdırılması baxımından bənzəri olmayan nadir tarixi – memarlıq kompleksidir.

Şamaxı şəhərindən 9 km cənubda yerləşən, 4,6 ha ərazini əhatə edən Kələxana türbələr kompleksi bir–birinin yaxınlığında inşa edilmiş 9 türbədən ibarətdir. Tərəfimizdən aparılan son arxeoloji tədqiqatlaradək bu kompleksin xronoloji baxımdan XVII əsrin ortalarına aid olduğu, eyni vaxtda və eyni memar – usta tərəfindən inşa olunduğu ehtimal edilirdi.

Kələxana türbələri haqqında ilk məlumat Holland rəssam – arxeoloqu Kornelius de Bruinin 1714-cü ildə Amsterdamda nəşr olunmuş kitabında yer alıb. Alman səyyahı E.Diez Kələxana türbələrini səkkizguşəli türbələrin ən yaxşı nümunələri kimi dəyərləndirib. XIX əsrin əvvəllərində rus tədqiqatçısı V.M.Sisoyev ərazidə olub və türbələr barədə müəyyən məlumat nəşr etdirib. Bununla belə keçən əsrin ortalarınadək olan tədqiqatlarda Kələxana türbələri haqqında ilkin məlumatların nisbətən məhdud və ümumi məzmunda olduğu diqqəti çəkir.

Ötən əsrin 60-cı illərində akademik Ə.V.Salamzadə ilk dəfə olaraq Kələxana türbələrinin memarlıq xüsusiyyətlərinin tədqiqi ilə nisbətən daha müfəssəl məşğul olub. Memar Kamil Məmmədbəyli tərəfindən isə Kələxana türbələri ilk dəfə olaraq pasportlaşdırılıb və onların eskizləri işlənib. Hansı ki, həmin materiallar hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Elmi Bərpa layihə İnstitutunun arxivində saxlanılmaqdadır. Məlumat üçün onu da qeyd edək ki, Kələxana türbələr kompleksi ətrafındakı məzarlıqda üzərində kitabələri olan çoxsaylı qəbirlər vardır.

Hansı ki, həmin qəbirüstü sənduqələrin bəzi nümunələri keçən əsrin 50-70-ci illərində görkəmli epiqraf alim M.S.Nemət tərəfindən qismən araşdırılmışdır. Lakin bütün bunlara rəğmən, Kələxana türbələr kompleksinin tarixi, onların təyinatı və fəaliyyəti ilə bağlı bir çox suallara elmi cəhətdən aydınlıq gətirilməsinə ehtiyac vardı. Bu baxımdan ərazidə torpaq altında qalmış olan digər tikinti qalıqlarının da aşkara çıxarılaraq tədqiq olunması, onların təyinatı və memarlıq xüsusiyyətlərinin öyrənilməsi də aktual olaraq qalmaqdadır. Məmnunluq hissi ilə onu da bildirməliyəm ki, üç ay ərzində aparılmış kompleks tədqiqatların (ona görə kompleks tədqiqatlar deyirik ki, orada arxeoloqlarla yanaşı memar, epiqraf, antropoloq, numizmat alimlər və kriminalist mütəxəssislər də iştirak ediblər) yekunu olaraq çox mühüm elmi nəticələr əldə olunmuşdur.

Məsələn, Kornelius de Bruin Kələxana türbələrindən bəhs edərkən onların yaxınlığında – bulaq olan yerdə bir qalanın da olduğunu qeyd edib. Hansı ki, sonraki dövrlərə aid yazılı məlumatlarda həmin tikinti barədə heç bir məlumata rast gəlinmir. Odur ki, ərazidə ilkin arxeoloji işlərə başlanarkən qarşıda duran əsas hədəflərdən birisi də yalnız bəzi yerüstü əlamətləri görünən həmin tikinti qalıqlarının aşkara çıxarılaraq öyrənilməsi idi. İlkin arxeoloji axtarışlar orada ətrafı daş hasarla əhatələnən və ümümi sahəsi 400 kvadratmetrdən artıq olan sahəyə malik möhtəşəm ictimai bina qalıqlarının aşkar olunması ilə nəticələndi. Tədqiqat davam etdirilərkən tikintinin mərkəzi hissəsində iki qatdan ibarət beşotaqlı bina qalığı olduğu müəyyən edildi. Binanın alt qatı 7.5 və 12.3 kvadratmetr sahəsi olan zirzəmi tipli iki otaqdan, üst qatı isə 67 kvadratmetr sahəyə malik üç otaqdan ibarətdir. Üst qatdakı otaqlardan birinin cənub divarında mehrab yeri olduğu aydın bilinir. Şirvan-Abşeron memarlıq məktəbi üçün səciyyəvi olan elementlərlə zövqlə işlənmiş mehrabın üst hissəsinin sındırılaraq kənara atıldığı müəyyən edildi.

Tədqiqatlar davam etdirilərkən tikinti ərazisində xeyli sayda kitabə fraqmentləri, şirli və şirsiz keramika nümunələri və bir neçə ədəd sikkə tapılmışdır. Həmin sikkələrdən də dövr etibarilə ən qədimi Şirvanşah Kəsranilər sülaləsinin nümayəndəsi II Məniçöhrün oğlu Əfrudinin(1107-1120) adından zərb olumuş mis sikkədir (Kələxana sikkələri dosent Aygün Məmmədova tərəfindən təyin olunmuşdur).

Əhəmiyyətli məqam odur ki, həmin sikkə ilə yanaşı oradan həmçinin, XI əsrin sonu-XII əsrin əvvəlləri üçün xarakterik olan bir neçə ədəd şirli və şirsiz keramika nümunələri də tapılmışdır. Bunlar isə bəhs olunan tikintinin xronoloji baxımdan XI əsrin sonu- XII əsrin əvvəllərinə aid olduğunu çox inamlı şəkildə söyləmək üçün olduqca tutarlı dəlillərdir.

Hesab edirik ki, “Kələxana” toponimi də elə məhz XII əsrin əvvəllərindən etibarən dövriyyəyə daxil olmuşdur. Mütəxəssislərin fikrincə, “Kələxana” sözü ərəb dilindəki “kələ”( məbəd, sərdabə, zaviyə) və fars dilindəki “xana” (bina, ev, tikili) sözlərinin birləşməsindən əmələ gəlməklə böyük ev, imarət, sərdabə və ya zaviyə olan yer mənası bildirir. Arayış üçün onu da qeyd edək ki, Kələxana kəndi və onun ətrafında nə orta əsrlər dövründə, nə də sonraki dönəmdə yuxarıda barəsində söhbət açdığımız və Şirvanın ən mühüm sufizim mərkəzi olduğunu ehtimal etdiyimiz tikinti kompleksindən daha möhtəşəm olan ikinci memarlıq nümunəsi məlum deyil. Bu mənada Kələxana kəndinin adının da məhz həmin tikinti ilə əlaqəli olduğu çox inandırıcı görünür.

Başqa sözlə, “Kələxana” toponimin özü də məhz sufi mərkəzi olan həmin tikilinin adına və mövcudluğuna xitabən meydana gəlib. Yeri gəlmişkən, onu da qeyd edək ki, Dərbənd, Şabran, Şamaxı, Ağsu və Beyləqan kimi iri ticarət və mədəniyyət mərkəzlərini birləşdirən və bütün orta əslər boyu intensiv fəaliyyətdə olan qədim ipək yolunun bir qolu məhz Kələxana türbələr kompleksi olan ərazidən keçib. Görünür, dövrünün elmi-ictimai fikir mərkəzi olan belə bir mötəbər sufi ocağı üçün yer seçilərkən daha çox ərazinin işlək karvan yolları üstündə olması amili əsas götürülüb.

Kələxana türbələr kompleksi ərazisi sözün müəyyən mənasında həm də böyük bir məzarlıqdır. Doğrudur, burada məzarlar olduqca seyrəkdir, yəni bir-birindən xeyli aralıdadır. Onların da xeyli hissəsinin üstündə qəbirüstü sənduqələr var. Hansı ki, həmin sənduqələrin də demək olar ki, böyük əksəriyyətinin üzərində ərəb əlifbası ilə kitabəsi, müxtəlif əşya və simvolları özündə əks etdirən olduqca nəfis və rəngarəng təsvirlər işlənilib. Əfsuslar olsun ki, zaman-zaman qəbirüstü sənduqələrin əksəriyyəti ilkin yerindən götürülərək hara gəldi tullanıb. Yer səthində olan qəbirüstü sənduqələrin isə demək olar ki, hamısı sındırılaraq kitabəsi oxunmaz hala gətirilib. Yalnız bütünlüklə, yaxud da əsas hissəsi torpaq altında olan qəbirüstü sənduqələr qismən salamat vəziyyətdə qalmışdır.

Yeri gəlmişkən onu da xatırladaq ki, Kələxana erməni kəndi olub. Çar Rusiyası tərəfindən işlənmiş 1920-ci ilə aid kameral təsvirlərdə orada 40-a yaxın rəncbər ailəsi yaşadığı bildirilir. 1831-ci ilə aid kameral təsvirlərdə isə Kələxanada yaşayan ermənilərin sayının sürətlə artmış olduğu öz əksini tapıb. Onlar yerli sahibkar Ağarza bəyin torpaqlarından istifadə edir və rəsmi qaydada ona rüsum ödəyirdilər. Bu faktın özü təsdiqləyir ki, ermənilər məhz 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələrindən sonra mütəşəkkil qaydada oraya köçürülüblər. Beləliklə də, nə Kəlləxana adının, nə də ki oradakı zəngin tarixi-mədəni irsin ermənilərə əsla aidiyyatı olmayıb. Bax, elə bu səbəbdən də onlar orada məskunlaşdırıldıqdan sonra azərbaycanlılara məxsus tarixi-mədəni irs nümunələrini intensiv surətdə dağıtmağa, yox etməyə başlayıblar.

Bu minvalla türbələr ərazisindəki XII əsrin ortalarına aid sufi mərkəzi demək olar ki, bünövrə hissəsinədək tam olaraq dağıdılıb. Sufizm mərkəzinə aid çoxsaylı daş kitabələrin hamısı vandalcasına qoparılaraq, sındırılaraq, üzərindəki yazıları qaşınaraq, parça – parça edilərək oxunmaz hala gətirilməsi olub.

Təsəvvür edin, tam dürüst olaraq Qiblə istiqamətində inşa edilən və təqribən 400 m2 sahəyə malik iki qatdan və beş otaqdan ibarət sufizm mərkəzindən heç bir yerüsütü əlamət qalmamışdır. Yəni, ermənilər orada yaşadıqları 200 il ərzində o müqqəddəs sufizm mərkəzini tamam dağıdaraq xarabazara və zibil tullantıları atılan məkana çeviriblər.

Əfsuslar olsun ki, Kələxana erməniləri təkcə 8 əsrlik tarixi olan sufizm mərkəzini, həmin kompleksə aid olan digər tikililəri və oradakı çoxsaylı nadir daş kitabələri dağıtmaqla kifayətlənməyiblər. Onlar həm də dövrünün tanınmış ictimai xadimləri olan sufi şeyxlərinin dəfn olunduqları məzarlar üzərində ucaldılmış türbələrin giriş portallarını, oradakı kitabələri və ətrafdakı çoxsaylı qəbirüstü sənduqələri, bir sözlə, yer üstündə gözə dəyən bütün tarixi-mədəni dəyərləri vandalcasına dağıdaraq məhv ediblər. Hansı ki, dağıtdıqları həmin tikililərin daşlarından özlərinə aid şəxsi evlərin və hasarların inşasında geniş istifadə ediblər.

Ermənilərin Kələxanada azərbaycanlıların tarixi-mədəni irsinə qarşı törətdikləri bu vandalizm hərəkətlərinin davam etməkdə olduğu dönəmdə kənddə gözlənilməz hadisə baş verir. Belə ki, dağıntı işlərində xüsusi fəallıq göstərmiş olan erməni ailələrində bir-birinin ardınca təkcə yaşlı insanlar deyil, eləcə də, uşaqlar və gənclər qəflətən vəfat edir. Səbəbini anlaya bilmədikləri bu çoxsaylı, müəmmalı ölüm halları erməniləri bərk təşvişə salır. Onlar bunun Kələxanadakı müqəddəs abidələri dağıtdıqları üçün Tanrı tərəfindən verilən cəza olduğunu düşünüblər. Deyilənlərə görə, həmin hadisədən sonra ermənilər Kələxana türbələrinə münasibətdə daha ehtiyyatlı davranmaq məcburiyyətində qalıblar. Hazırda Kələxana türbələr kompleksinin turizm imkanlarını nəzərə alaraq, orada zəruri bərpa və konservasiya işlərinə başlanılıbdır.

1988-ci ildə birbaşa SSRİ-nin o zamankı ali rəhbəri Mixail Qarbaçov və onun xanımı Raisa Maksimovnanın xeyir-duası ilə Ermənistanda yaşayan soydaşlarımızın ucdantutma deportasiyası həyata keçrildi. Erməni hakim dairələrinin və azğınlaşmış erməni qaragüruhunun amansız təzyiqləri altında insanlar ev-eşiyini, bütün əmlakını orada qoyaraq necə deyərlər, ayaq yalın, baş açıq canlarını götürüb qaçmaq məcburiyyətində qaldılar.

Bunun məntiqi davamı olaraq Azərbaycanda yaşayan ermənilərin də köçü başladı. Amma nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan cəmiyyəti ermənilərin soydaşlarımızın başına gətirdikləri zülm-zilləti onlara rəva bilmədilər. İmkan yaratdılar ki, köçüb getmək istəyənlər (köçməyərək Azərbaycanda qalanlar da oldu və həmin insanlar bu gün də bizimlə bir yerdə promlemsiz yaşamaqda davam edirlər) hər nəyi var idisə (hətta evlərindəki unitazı da!) yığışdırıb apardılar.

Kələxana erməniləri də, həmçinin donuzuna, itinə, pişiyinə qədər nələri var idisə heç bir təzyiq və ya maneə ilə rastlaşmadan yığıb apardılar. Özlərindən sonraya isə Kələxana türbələr kompleksində törətmiş olduqları vandalizm hərəkətlərinin göstəricisi olan o acı və dəhşətli mənzərəni qoyub getdilər. Ərazidə aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkara çıxardığımız dəhşət saçan o görüntüləri isə sadəcə erməni vandalizminin Kələxana “etüdləri” kimi dəyərləndirmək olar. Çox istərdim ki, hər kəs gəlib bu dəhşətli mənzərəni öz gözləri ilə görsün! Yaxşı olar ki, erməniləri himayə edənlər, guya Qarabağda onlara aid olan tarixi-mədəni irsin təhlükədə olduğu barədə şivən qoparanlar da gəlsinlər, görsünlər. İnanıram ki, Kələxana türbələr kompleksində gördükləri mənzərə erməninin kimliyi və hansı “mədəniyyətin” daşıyıcısı olduğunu müəyyən etməkdə hər kəs üçün faydalı ola bilər.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*