Ermənistanın eks-prezidenti Serj Sarkisyan növbəti dəfə təxribatçı açıqlama verib. Xocalı soyqırımının müəlliflərindən biri olan və Azərbaycan xalqı qarşısında saysız cinayətlərə əl atmış cəllad Sarkisyan İkinci Qarabağ savaşındakı məğlubiyyətin qisasının alınacağını iddia edib.
O bildirib ki, Ermənistan ordusu yenə də yumruğunun gücünü göstərəcək və Azərbaycana yaxın zamanda biabırçı keçmişini xatırladacaq.
Serj Sarkisyanın təxribatçı açıqlamasını KONKRET.az-a şərh edən millət vəkili Aqil Abbas bildirib ki, ermənilər növbəti təxribata hazırlaşırlar: “Ermənilər boşuna belə demirlər, növbəti revanşa hazırlaşırlar. Rusiya sülhməramlıları da onlara kömək edir. Artıq təxmini 50 min ermənini Xankəndinə köçürüblər. Hələ bilmirik ki, ermənilər orada neyləyir. Ona görə də Azərbaycan hər bir təxribata hazır olmalıdır. Ermənilərin verdiyi açıqlamalardan görünür ki, onlar 3-cü Qarabağ savaşına hazırlaşırlar. Biz erməniləri yerində oturtmalıyıq. Yumruğu elə vurmalıyıq ki, müharibə bir daha ağıllarına gəlməsin”.
Deputat onu da vurğulayıb ki, Azərbaycan Ordusunu gücləndirməli və hər təxribata hazır olmalıdır: “İlk olaraq Rusiya sülhməramlılarına sual verilməlidir ki, İrəvandan bu qədər ermənini Xankəndinə gətirirsən, bəs azərbaycanlıları nə zaman öz dədə-baba evlərinə köçürəcəksən? Onları başa salmaq lazımdır ki, Xocalıdakı, Əsgərandakı azərbaycanlıları da öz yurdlarına köçürmək lazımdır. Qəbul edilən bəyanatda yazılmayıb ki, təkcə ermənilər köçürülməlidir. O sənəddə qeyd olunub ki, qaçqınlar öz evlərinə köçürülməlidir. Yəni bizim qaçqınlar da öz yurdlarına geri qayıtmalıdır”.