Türkiyə erməniləri Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində panerməni oyunlarına qatılmaqdan imtina ediblər.
Axar.az xəbər verir ki, bu məlumatı “Milliyyət” qəzeti yayıb. Qəzet Erməni Olimpiadası İstanbul Komitəsinin Ermənistan Olimpiya Komitəsinə məsələ ilə bağlı etiraz etdiyini bildirib. İstanbul komitəsi bu ilk oyunların Qarabağda keçirilməsinin siyasi qərar olduğunu bildirib.
Nəticədə panerməni oyunlarına 300 nəfərlik nümayəndə heyəti qatılmaqdan imtina edib. Türkiyədən olan erməni idmançılarına otel və təyyarə rezervasiyaları sona anda ləğv edilib.
Erməni Olimpiadası İstanbul Komitəsinin rəhbəri Hayqaram Qarasu “Milliyyət”ə açıqlama verərək İrəvanın atdığı addımın yanlış olduğunu bildirib:
“Hər il İrəvandakı müsabiqələrə gedərək, İstanbulu alqışlayırdıq. Türkiyə və Azərbaycan ilə diplomatik böhrana yol açan bir bölgədə idman yarışının keçirilməsi siyasi seçimdir. Biz bu ölkənin vətəndaşıyıq və bir xəttimiz var. Azərbaycanlı dostlarımızı təəssüfləndirəcək bir diplomatik problem varsa, biz belə bir şeyin içində olmarıq. Türkiyə vətəndaşları olaraq, Qarabağa getməyin yanlış olduğunu düşündük”.
“Taksimspor” İdman Klubunun rəhbəri Qaro Hamamcıyan isə bu qərarı könüllü olaraq qəbul etdiklərini bildirib:
“Qarabağ məsələsi həssas mövzudur. Olimpiadanın gözəlliyi rəsmi keçid mərasimidir. Bizə rəsmi “keçidə qatılmayın, amma oyunlarda yer alın” dedilər. Bu, qəbuledilməzdir”.
Qəzetə açıqlama verən Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmi nümayəndəsi Ramil Qurbanov isə panerməni oyunlarının Qarabağda keçirilməsinin beynəlxalq qanunlara zidd olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyədən Qarabağdakı oyunlara qatılım olsaydı, bu, Türkiyə-Azərbaycan əlaqələrində təxribat olaraq şərh ediləcəkdi.