31 Mart soyqırımı törədilənə qədər ermənilər azərbaycanlılara qarşı bir çox soyqırımıları törətmişdilər. Belə ki, XIX əsrin sonlarından etibarən Çar Rusiyası tərəfindən Cənubi Qafqaza köçürülən ermənilər ilk olaraq, bir çox cinayətlər həyata keçirən terror təşkilatları yaratdılar. Dövlətlərini yaratmaq və sonralar ərazilərini genişləndirmək üçün terror metodundan istifadə etdilər. 1905-1907-ci illərdə azərbaycanlılara qarşı soyqırımıları törətdilər. 1914-1918-ci illərdə I Dünya müharibəsi zamanı, Rusiyanın Şərq cəbhəsində uğur qazanmaq cəhdi Türkiyədə erməni fıtnəkarlığının kütləviləşməsi ilə müşayiət olundu. Müharibə illərində Rusiya İstanbula, onun ətrafındakı boğazlara, Şərqi Anadoluya yiyələnmək, Türkiyəni zəiflətmək və Cənubi Qafqazda möhkəmlənmək üçün erməni silahlı dəstələrinin fəaliyyətindən istifadə etmiş, Türkiyə daxilində yaşayan ermənilərin hökumətə qarşı qiyamlar etməsini təşkil etmişdir. Rusiya ordusunda 300 000 erməni vuruşmaqla yanaşı, Erməni Milli Şurası Çar Rusiyası ilə ermənilərin könüllü dəstələrinin — drujinalarının yaradılması barədə razılaşmışdılar. Rusiya hakim dairələri ermənilərdən istifadə etmək üçün “erməni məsələsi”ni ortaya atırdılar. Ermənilərə “Böyük Ermənistan” yaratmaqda kömək edəcəyini vəd edərək, Osmanlı hakimiyyətinə qarşı mübarizə aparmaq üçün erməni drujinalarının yaradılmasını təşkil edir, onları yeni silahlarla silahlandırır, ölkə içərisində silahlı üsyanlar təşkil edirdi. Nəticədə erməni hərbi dəstələri I Dünya müharibəsi illərində Şərqi Anadoluda və Qafqazda dinc müsəlman əhaliyə qarşı görünməmiş cinayətlər törətdilər.
Erməni könüllü dəstələrinin formalaşmasında Daşnaksütun və Hnçak terror təşkilatları fəal rol oynadılar. Türkləri qətlə yetirmək məqsədilə daşnaklar 40 000 ermənini döyüşə cəlb etmişdilər, onlarla xumba yaratmışdılar. Həmin hərbi dəstələrə öz qəddarlıqları ilə tanınan terrorçular – Andranik Ozanyan, Dro, Hamazasp, Keri, Xeço, Vardan başçılıq edirdilər. Dörd istiqamətdə hərəkət etməsi nəzərdə tutulan erməni könüllü dəstələri erməni əhalisinin daha sıx olduğu yerlərdə fəaliyyət göstərməli idilər. Onlar Sarıqamışdan Ərzuruma qədər türklərə qarşı vuruşdular. Eyni zamanda rus ordusu və ermənilər Türkiyədə məskunlaşan ermənilərin Türkiyə dövlətinə qarşı üsyanını təşkil etdilər. Fransa, İngiltərə, ABŞ ordusunda daha 50 000 erməni türklərə qarşı vuruşurdu. Ermənilərə Böyük Britaniya, ABŞ və Fransa da müəyyən maliyyə yardımı göstərirdi. Müharibədə iştirak edən ermənilər daxildə üsyan edən ermənilərlə birləşməli və Türkiyə dövlətini devirməli idilər.
Növbəti erməni planlarının iflasından sonra daşnak liderləri ordularını Şərqi Anadoludan çıxararaq Azərbaycan torpaqlarının qərbinə yönəltdilər. Türk dövlətinə qarşı xəyanət edən ermənilər məğlubiyyətə uğradıqdan sonra onların Qafqaza növbəti kütləvi köçü başladı. Bu dövrdə köçənlərin sayı təxminən 300-500 min oldu.
1905-1906-cı illər qətliamlarında azərbaycanlıların sayı azalsa da, 1918-1920-ci illərdə, azərbaycanlıların soyqırımından əvvəl bölgədə etnik üstünlük azərbaycanlılara məxsus olmuşdur. Bakı quberniyasında da azərbaycanlı əhalinin üstünlük təşkil etməsinə baxmayaraq, 1917-ci ilin noyabrından sonra rəhbərlik ermənilərin əlinə keçdi. 1917-ci il martın 7-də 52 üzvdən ibarət Bakı Soveti yaradıldı. Orada bir nəfər də olsun azərbaycanlı təmsil olunmurdu. Cənubi Qafqazın bolşevikləşdirilməsi üçün V.İ.Lenin S.Şaumyanı Qafqazın müvəqqəti fövqəladə komissarı təyin etdi. Rusiyada 1917-ci il Oktyabr çevrilişi və Qafqaz cəbhəsindəki rus əsgərlərinin silahları ataraq öz ölkələrinə getmələri erməni daşnaklarının fəaliyyətinə təkan verdi. Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənlərinə qayıtmaq əvəzinə Azərbaycanın İrəvan, Şərur-Dərələyəz, Dağlıq Qarabağ, Bakı və başqa ərazilərinə gəlirdilər. Digər tərəfdən, Türkiyə ərazisindən qaçan ermənilər də Azərbaycanın qərb torpaqlarında məskunlaşırdılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və zəif silahlanmış olduğunu yaxşı bilən Şaumyan milli qırğına hazırlaşırdı. Ermənilər və azərbaycanlılar arasında düşmənçilik bolşeviklərin xeyirinə idi. 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Dəfndə iştirak edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirərək Şaumyanın göstərişi ilə silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasnı tələb etdilər. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atəşlə cavab verildi. Martın 30-da axşamdan etibarən dinc əhaliyə qarşı soyqırımı başladı. Ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və b. yеrlərdə azərbaycanlılara qarşı soyqırımını qəddarlıqla həyata keçirdilər, uşaq, qadın, qoca fərq qoyulmadan, qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Hücum ərəfəsində bütün ermənilər məqsədyönlü olaraq şəhərin müsəlmanlar yaşayan hissəsindən erməni yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalisindən ruslar və gürcülər qalmışdılar. Bakı qırğınında Y.Kоrqanоv və Pеtrоvla birlikdə A.Mikоyanın, Hamazaspın, Avеtisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstərmişlər. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən, 1918-ci ilin martında Bakıda təxminən on bir min azərbaycanlı qətlə yetirilmışdi. Şahidlərin ifadələrinə görə, ermənilər cinayətlərini ört-basdır etmək üçün meyitləri yanan evlərə, dənizə və quyulara atırdılar. İçərişəhərdə yaralıların yerləşdirildiyi xəstəxana Mikoyanın başçılığı altında yandırıldı, təxminən 2000 xəstə yanaraq həlak oldu, qaçmaq istəyənləri güllələdilər. Mart ayının əvvəlində təxminən üç min erməni silahlısı Bakıdan Şamaxıya gəldi. Şamaxıda azərbaycanlıların qətliamı bir neçə gün davam etdi. İstintaq materiallarına əsasən, Şamaxının əlli üç kəndində ermənilər 8027 nəfər, o cümlədən 4190 kişi, 2560 qadın və 1277 uşaq öldürmüşdülər. Kəndlərə dəyən ümumi zərər 339,5 milyon manat dəyərində idi. 1918-ci ilin ilk beş ayında Qubada Hamazaspın dəstəsi tərəfindən ümumilikdə 16 000 nəfər öldürülmüşdü. Lənkəranda iki min nəfər qətlə yetirilmişdi. Zəngəzurun 115 kəndində 10 068 nəfər, o cümlədən 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdü, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. 1918-ci ilin avqustunda İqdırda və Eçmiədzin qəzasında Dronun (Drastamat Kanayan) əmri ilə 60-dan artıq müsəlman kəndi məhv edilmiş və yandırılmışdı. İrəvanda 88 kənd məhv edilmişdi, 1920 ev yandırılmışdı, bir neçə ay ərzində 132 000 azərbaycanlı öldürülmüşdü. Urmiya, Xoy, Təbriz, Səlmas və Cənubi Azərbaycanın digər əyalətlərində erməni və aysor dəstələri tərəfindən qətliamlar törədildi, bir gecədə 1500 azərbaycanlı öldürüldü.
Erməni terror dəstələri 1918-ci ildə Qarabağda 157, Zəngəzurda 115 kənd və qəsəbəni yox etdilər. Zəngəzurda 10 068 nəfər, o cümlədən 3257 kişi, 2276 qadın, 2198 uşaq öldürüldü. Lakin qətl edilənlərin sayı göstərilən bu rəqəmlərdən çox olmuşdur. Belə ki, müsəlmanlar terror yolu ilə qaçmağa məcbur edilərkən öldürülənlərin çoxunun kimliyi, sayları məlum olmamışdı. Ümumilikdə 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 351 mini öldürüldü, qalanları doğma yurdlarından terror yolu ilə didərgin salındılar. 1917-1918-ci illərdə erməni daşnakları azərbaycanlılara qarşı kütləvi qırğınlar törədərkən, ən çoх ziyan çəkən bölgələrdən biri də Cənubi Azərbaycan olmuşdu. Bir sutka ərzində Urmiyada öldürülənlərin sayı 10 min nəfərə çatmışdı. 1918-ci ilin birinci yarısında Urmiya, Хoy, Səlmas və azərbaycanlıların yaşadığı digər yerlərdə dəhşətli soyqırımlar törədilmişdi. 1918-ci ildə erməni terroru nəinki Azərbaycanda, Cənubi Qafqazda, həmçinin Fərqanə vadisində, bütün Mərkəzi Asiyada da tüğyan etmişdir.
Uzun illər 1918-ci il mart hadisələri obyektiv araşdırılmamış, baş vermiş soyqırımına hüquqi qiymət verilməmişdir. 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə hüquqi-siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Bu tarixdən etibarən aparılan araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər üzə çıxarıldı, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, soyqırımı qurbanlarının sayının qat-qat çox olduğu sübut edildi.
2018-ci il yanvarın 18-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Fərmanda Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikasının soyqırımı hadisələrinə siyasi qiymət vermək borcu” vurğulandı.
Ramilə Dadaşova,
AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini,
siyasi elmlər doktoru, politoloq