Ermənilərin Gəncəyə atdığı “SKAD” ballistik raketi – XÜSUSİYYƏTLƏRİbackend

Ermənilərin Gəncəyə atdığı “SKAD” ballistik raketi - XÜSUSİYYƏTLƏRİ

Hərbi hədəflərin məhvi üçün effektiv deyil.

 

Ermənistanın Gəncəyə zərbəni “SCUD” (skad) raketi ilə endirdiyi məlum olub.

Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov da məlumat verib.

O qeyd edib ki, raketin qalıqlarının üzərində 8K-14 yazılıb:

“Bu, bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan “Elbrus” raketi olub. Onun uzunluğu 11,2 metrdir”.

KONKRET.az həmin ballistik raketlə bağlı araşdırmanı təqdim edir.

Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. “Skad” adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (1.7 km/s).

Skad-A 1951-ci ildə R-11 adı ilə dizayn olunan bu texnika “Skad” seriyasının ilk ballistik raketidir. Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu raket Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk uçuşunu 18 aprel 1953-cü ildə həyata keçirib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb. Makeyev 1955-ci ilin iyununda bu zavoda baş dizayner təyin olunur, elə həmin ilin iyul ayında isə R-11 orduya qəbul olunur. Nüvə başlığı daşıma qabiliyyətinə malik R-11M isə 1 aprel 1958-ci ildə rəsmi şəkildə silahlanmaya qəbul olunub. Raketin atış platforması 8K11 adlanır. Nüvə başlığının gücü 50 kiloton hesablanmışdır.

R-11M-in maksimum atış məsafəsi 270 km, nüvə başlığı daşıdıqda isə 150 km-dir. Bu, Sovet ordusuna Avropadakı hücum hədəflərini məhv etməyə imkan verirdi.

Raketin dəniz variantı olan R-11FM (SS-N-1 Skad-A) ilk dəfə 1955-ci ilin fevralında test olunub. Onun atış platforması olan Proyekt 611 (Zulu sinfi) sualtı gəmi isə həmin ilin sentyabr ayında təqdim olunub. İlkin dizaynı Korolevin OKB-1 firması tərəfindən hazırlanan bu proqram 1955-ci ilin avqustunda Makeyevin SKB-385 firmasına transfer oldu. 1959-cu ildə əməliyyata hazır hala gəldi və Proyekt 611, Proyekt 629 (Qolf sinfi) sualtı gəmilərdə yerləşdirildi. Xidməti ərzində ümumilikdə 77 atış həyata keçirildi ki, bunlardan 55-i uğurlu oldu.

Skad-B R-11 (Skad-A) raketinin davamçısı olaraq R-17, 1970-ci illərdən isə R-300 olaraq adlandırıldı. Bu seriyanın ən çox istehsal olunmuş variantıdır (7,000 ədəd). 32 ölkəyə ixrac olunub, həmçinin, 4 ölkə bu raketin eyni versiyasından istehsal edib. 1961-ci ildə təqdim edilib, 1964-cü ildən isə silahlanmaya qəbul olunub.

Skad-C Makeyevin OKB firması həmçinin, R-17 raketinin atış məsafəsini artırmaq üzərində işləyirdi, bu silah Qərbdə SS-1d Skad-C adı ilə tanınırdı. Bu raket ilk uçuşunu 1965-ci ildə Kaputsin Yar bölgəsində həyata keçirdi. Bu texnikanın əvvəlkilərdən fərqi atış məsafəsinin 500–600 km-ə qədər qaldırılması və dəqiqliyinin artırılması idi. Lakin, bu raketlə eyni vaxtda TR-1 Temp (SS-12 Scaleboard) kimi daha müasir texnikalar meydana çıxdığına görə, Skad-C lazımsız hesab olundu və Sovet ordusuna qəbul olunmadı.

Skad-D R-17 VTO (SS-1e Skad-D) proyekti R-17 raketinin dəqiqliyinin daha da artırılmış variantı hesab olunur. Bu proyektin üzərində 1968-ci ildə işləməyə başlanmışdır. İlk testi isə 1979-cu ilin sentyabrında həyata keçirilib. İnkişafı 1989-cu ildə 9K720 Aerofon sistemi xidmətə qəbul olunanadək davam edib.

9K720 sistemi digərlərindən fərqlənir. Burada döyüş başlığı raketdən ayrı yerləşir və terminal nəzarət sistemindən istifadə olunur. Buna görə də, raketin hədəfdən sapması 50 metrə qədər enir.

Ermənistanın Gəncə şəhərində mülki əhalini hədəf alan raket zərbəsi zamanı “SKAD” raketindən istifadəsi təsadüfi deyil. “SKAD” raketlərinin texniki xüsusiyyətləri bunu deməyə əsas verir.

Belə ki, 1961-1987-ci illərdə istehsal olunan R-17 ( “SCUD-B” – “ELBRUS” kompleksi) raketlərinin hədəfdən yayınma dairəsi 450 metr təşkil edirdi.Nəzərə alsaq ki, sonuncu buraxılışı 1987-ci ildə baş tutan bu raketlər yetərincə köhnədir, indi bu raketlər dəqiq zərbə qabiliyyətini itirib və yayınma dairəsi daha böyükdür. Buna görə də “SKAD”lardan hərbi hədəflərin məhvi üçün istifadə etmək effektiv deyil. Mülki hədəflərdə isə qeyri-dəqiq zərbə qabiliyyəti “işə yarayan”dır. Çünki yaşayış məntəqələrində raket hara düşərsə, yenə də sıx məskunlaşma səbəbilə dağıntı törədəcək və konkret nöqtəyə deyil, “arzu olunduğu kimi” böyük bir əraziyə zərər vuracaq.

Bu raketlərin praktik istifadə tarixinə nəzər yetirsək, İraq diktatoru Səddam Hüseyn “SKAD”dan İran-İraq müharibəsi zamanı İrana və Körfəz müharibəsində İsrailə qarşı istifadə edib. Hər iki halda nəticədə böyük dağıntılar və insan tələfatı qeydə alınıb.Həmçinin çağdaş dönəmdə bu raketlərdən Liviyada ölkənin böyük bir hissəsini qanunsuz şəkildə ələ keçirərək mərkəzi hökumətə qarşı qiyam qaldırmış Xəlifə Həftərin nəzarətindəki qüvvələrə ötürülməsi barədə informasiyalar gəzir.

Bütün bunlar göstərir ki, Ermənistanın faşist mahiyyətini ortaya qoyaraq “SKAD”ı bilərəkdən seçib və hərbi əməliyyatlarda belə nadir istifadə olunan bu dağıdıcı silahı mülki əhaliyə qarşı tətbiq etməklə hərbi və insanlıq cinayəti törədib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində 10 nəfər ölüb, 34 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*