“Ermənilərin oğurlamaq istədiyi “Yar gəldi” nəğməsi əslində xalq mahnısıdır”.
KONKRET.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı bildirib.
O qeyd edib ki, mahnın adı Azərbaycan Xalq Mahnıları Məcmuəsində də yer alıb. Sonralar məşhur tarzən, drijor Adil Gəray nəğmə üzərində işləyərək onu bəstə halına salıb.
Mədəniyyət işçisi vurğulayıb ki, sözügedən nəğmənin adı “Yar gəldi yar” yox, “Yar gəldi”dir.
Onu Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovadan başqa, Xalq artisti Qəndab Quliyeva, xalq mahnılarının ifaçısı, Əməkdar artist Yaqut Abdullayeva və digər sənətkarlar da ifa edib.
Xatırladaq ki, Əqli Mülkiyyət Agentliyindən məşhur Azərbaycan müğənnisi, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi musiqisi Adil Gəraya və sözləri Əli Kərimə məxsus olan “Yar gəldi yar” mahnısının yutub səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsi faktının araşdırılması ilə bağlı məlumat verilib.
Agentlikdən bildirilib ki, Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il 4 sentyabr tarixində yutubun “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video yutubun “BehrooZ Abshar” səhifəsindən silinib”.
Rəsmi məlumata görə, bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması yutub rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib.