Qarabağda müharibə başa çatıb. Zəfərlə yekunlaşan 44 günlük müharibədən və 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan – Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərimizin bərpasına, məcburi köçkünlərin doğma yurd-yuvasına dönməsi üçün infrastruktur qurulmasına başlayıb.
Lakin Ermənistan tərəfi davamlı olaraq müxtəlif təxribatlar törətməyə cəhd edir, Qarabağda ermənilərin də yaşamaq hüquqi tanınan ərazilərdə diversiya qrupları peyda olur və s. Noyabr ayında təxribatlara cəhd edən 60-dan çox erməninin (onların arasında xaricdən gətirilən muzdlular da var) yer aldığı terrorçu, diversant qruplarlar da zərərsizləşdirildi.
Faktiki olaraq 10 noyabr bəyanatından sonra edilən bu hərəkətlər birmənalı şəkildə terror, diversiya cəhdləridir və onların qarşısı Azərbaycan qanunlarına uyğun şəkildə alınır və gələcəkdə də olarsa, qətiyyətlə alınacaq. Neqativ proseslər təbii ki, uzun müddət davam edə bilməz.
Əlbəttə, sirr deyil ki, Ermənistanda revanşist qruplar və onların xaricdə havadarları mövcuddur. Onlar hələ də reallıqları dərk etmək istəmirlər. Xarici havadarlarının isə Azərbaycana qarşı məkrli planları olması da yeni məsələ deyil…
Azərbaycan isə bəyan edib ki, torpaqlarını işğaldan azad edib, bundan sonra sülhün, əməkdaşlığın tərəfdarıdır, 10 noyabr razılaşmasına sadiqdir, ancaq bu cür terror məqsədli, diversant qruplar baş qaldırarsa, onlara qarşı anti-terror əməliyyatları da qaçılmaz olacaq. Prezident İlham Əliyev də bir neçə dəfə revanşist düşüncəli ermənilərə xəbərdarlıq edib, dəmir yumruğu unutmamağı tövsiyyə edib. Habelə, xaricdəki havadarlara, revanşistləri hərəkətləndirməyə çalışanlara da sərt mesajlar göndərib.
Maraqlı və həm də təəssüf doğuran haldır ki, erməni lobbisi də siyasi-diplomatik müstəvidə təxribatlarını, “diversiyalarını” davam etdirir. Təbii, gözlənilən idi ki, Qarabağda müharibə bitsə də, siyasi-diplomatik müstəvidə savaş xeyli müddət davam edəcək. Azərbaycan şübhəsiz ki, bu mərhələyə də hazırlıqlıdır və bu cinahdakı savaşda da qalib olacağıq.
Bu məsələdə aparıcı dövlətlərin, siyasi qütblərin ədalətli, obyektiv və beynəlxalq hüquq çərçivəsində davranması mütləqdir. Azərbaycan Qarabağ məsələsində bütün davranışlarında hüquqa əsaslanır, haqlı tərəfdir. 30 il ərzində dünyanın müxtəlif təşkilatlarının, aidiyyəti qurumlarının susqun, qeyri-adekvat davranışlarını, hərəkətsizliyini gördük. Nəhayət, Azərbaycan Minsk Qrupunun, digər beynəlxalq qurumların da görməli olduğu işi özü təkbaşına həyata keçirdi – BMT-nin 27 il icra olunmayan 4 qətnaməsini icra etdi: Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi.
Qərb və Avropanın bəzi dövlətləri gərək heç olmasa bundan sonra obyektiv davranmağa çalışsınlar. Ancaq hələlik bunu da görmürük.
Əksinə, hazırda biz Amerikada erməni lobbisinin təsiri ilə bəzi konqresmenlərin anormal bir prosesə başladığını müşahidə edirik.
ABŞ-da erməni diasporunun əsas təşkilatı olan Amerikanın Erməni Milli Komitəsinin yaydığı məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatasında “erməni qrupu”nun üzvləri -Adam Şiff, Cek Speyr, Frenk Pellon, Qus Bilirakis və David Valadao tərəfindən Azərbaycana qarşı qətnamə layihəsi hazırlanıb. “Azərbaycan tərəfindən bütün müharibə əsirləri və əsir götürülmüş mülki şəxslərin azad edilməsi ilə bağlı Nümayəndələr Palatasının mövqeyinin ifadə olunması” adlı layihə hələ rəsmi olaraq təqdim edilməyib. Hazırda qətnamə layihəsinin müəllifləri Palatada respublikaçılar və demokratların dəstəyini əldə etmək üçün iş aparırlar.
Layihə tamamilə qərəzli, saxta məlumatlardan ibarətdir. “Sənəddə” göstərilir ki, 2020-ci il 10 noyabrda imzalanan Üçtərəfli Bəyanatın tələblərinin, xüsusilə hərbi əsirlərin qaytarılması ilə bağlı razılaşmanın Ermənistan tərəfindən guya tamamilə icra edilməsinə baxmayaraq, Azərbaycan tərəfi hələ də 200-ə yaxın hərbi və mülki şəxsləri “girov” kimi saxlayır.
Qərəzli qətnamə müəllifləri 44 günlük müharibə dövründə “Human Rights Watch” və Kolumbiya Universitetinin İnsan Haqlarının Tədqiqatı üzrə İnstitutunun yalan, saxta məlumatlarla zəngin məruzələrinə istinad edirlər. Guya müharibə dövründə Azərbaycan ordusu və Türkiyənin dəstəklədiyi islamçı döyüşçülər tərəfindən ermənilərə qarşı irimiqyaslı əməliyyatlar həyata keçirib. Hansı ki, Qarabağda 44 günlük müharibə dövründə bir nəfər də olsun əcnəbinin döyüşlərdə iştirakı faktı yoxdur. Bu iddiadan qərəzli, ermənipərəst təşkilatlar sadəcə Azərbaycana qarşı istifadə etməyə çalışdılar, o da baş tutmadı, ifşa edildi. Əksinə, Azərbaycan tərəfi sənədlərlə, faktlara sübut etdi ki, 44 günlük müharibədə Ermənistan tərəfdən Azərbaycana qarşı Livan, Fransa vətəndaşları olan muzdlular, terror mahiyyətli adamlar iştirak edib. Bununla bağlı Fransada artıq cinayət işi də başlanılıb, döyüşlərdə Azərbaycana qarşı vuruşan Fransa vətəndaşları istintaqa cəlb edilib…
“Erməni qrupu”nun üzvü olan konqresmenlər qətnamə layihəsində həyasızcasına Azərbaycandan bütün erməni hərbi və mülki şəxslərin dərhal geri qaytarılmasını tələb edirlər.
ABŞ Dövlət Departamenti bu məqsədlə Azərbaycan hakimiyyəti ilə birbaşa və ATƏT-in Minsk Qrupu vasitəsilə müdaxilə etməyə çağırılır.
Burada qeyd edək ki, bəli, Azərbaycanda saxlanılan, konkret terrorçuluq fəaliyyətinə görə mühakimə edilən ermənilər var. Lakin onlar müharibə zamanı girov götürülən hərbçilər və ya mülki şəxslər deyil! Onlar 10 noyabr bəyanatından sonra Qarabağa sızan terrorçulardır! Həmin qruplar gizli yollarla Ermənistandan gələrək, Azərbaycanın Xocavənd rayonu ərazisində hərbçilərimizə xain hücum etdilər, bir zabitimizi qətlə yetirdilər. Bundan dərhal sonra Azərbaycanın xüsusi təyinatlıları, təhlükəsizlik orqanları antiterror əməliyyatı keçirərək, həmin terrorçu qrupu zərərsizləşdirdi.
Onlar konkret olaraq terrorçu fəaliyyətə görə müvafiq qaydada məsuliyyətə cəlb ediliblər.
Azərbaycan terrorizmlə mübarizədə ABŞ-la, dünya ilə sıx əməkdaşlıq edir, hər zaman antiterror koalisiyasına dəstək verib. O cümlədən Azərbaycan Qarabağda peyda olan terrorçu qrupları da zərərsizləşdirməkdədir. Bu, beynəlxalq hüququn, terrozimlə mübarizə tərəfdaşlığının da tələbidir. Odur ki, həmin terrorçuları “erməni hərbçiləri və mülkü şəxsləri” kimi qələmə vermək, “girov” saxlanıldıqlarını iddia etmək yumşaq desək, nadanlıq, saxtakarlıqdır və terrorizmlə mübarizə anlayışına daban-dabana ziddir. Faktiki olaraq ermənipərəst konqresmenlər terrorçuların mühakimə edilmədən azadlığa buraxılmasını istəyir. Və üstəlik ABŞ Dövlət Departamentindən, ATƏT-dən terrorçuların açılıb buraxılmasına dəstək olmağı tələb edirlər…
Xatırladaq ki, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən Müharibəsi dövründə, habelə ondan sonrakı dönəmdə də Amerikadakı erməni diasporunun təzyiqi ilə yuxarıda adları çəkilən ermənipərəst konqresmenlər Azərbaycana qarşı dəfələrlə müxtəlif qərəzli, saxta iddiaların əks olunduğu bəyanatlar veriblər. Həmçinin, onlar tərəfindən ABŞ Administrasiyasına məktublar göndərilib, bəzi sənəd layihələri təqdim edilib. Yəni bu adamların qərəzli, erməni lobbiçiliyi etdikləri yeni məsələ deyil. Hazırda hazırladıqları qətnamə layihəsi də bu qəbildən olan təxribatlarının növbəti mərhələsi, davamıdır.
O da şübhəsizdir ki, ABŞ Administrasiyasında, Konqresdə – bütün rəsmi strukturlarda da ermənipərəst konqresmenlərin qərəzli olduqları onlara bəllidir. Bu baxımdan Ağ Evin, ABŞ rəhbərliyinin, Dövlət Departamentinin bu təxribatlar qarşısında susqunluğu, beynəlxalq hüquq və ədalətə əsaslanan qəti mövqe bildirməkdən çəkinməsi ermənipərəst qüvvələri daha da azğınlaşdırır, onları təxribatlarını davam etdirməyə sövq edir.
Nəticə etibarı ilə bu seyrçilik, üstəlgəl bəzi hallarda hətta ermənipərəst dairələrin təkidi ilə ikitərəfli təmaslarda Azərbaycana təzyiq göstərmək cəhdləri Amerika-Azərbaycan münasibələrinə mənfi təsirini təbii olaraq göstərir. Faktiki olaraq bu cür qərəzli qətnamələr və onlara obyektiv münasibət sərgilənməməsi ümumi dəyərlər və ortaq maraqlara söykənən Azərbaycan-ABŞ strateji əlaqələrinə, tərəfdaşlığa ciddi zərbə vurur. Çünki bütün hallarda hansısa qərəzli, saxta faktlardan barət bir sənəd ABŞ-ın adına bağlanır…
Digər tərəfdən, indiki kövrək məqamda, postmüharibə dövründə bu cür qərəzli qətnamə layihələri hər nə qədər əsassız olsa da, qızışdırıcı cəhdlər kimi effektini verə bilir və beləliklə Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş səylərə, o cümlədən 2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Bəyanat və ondan irəli gələn fəaliyyətlərə olduqca mənfi təsir göstərir.
Hazırda yalnız Ermənistandakı revanşist, başıpozuq dəstələr, müəyyən erməni diasporu, bir də bölgədə sabitlik olmasını istəməyən müxtəlif missioner xarici qüvvələr sülh prosesinin əleyhinə davranış sərgiləyir.
Məsələ ondadır ki, artıq regionda yeni bir səhifə açılıb. Tamamilə dəyişir bölgəmiz. Belə bir vaxtda ABŞ-da yaşayan erməni diasporunun və özlərinin korporativ, bəlkə də maddi maraqlarından irəli gələn davranışlar sərgiləyən ermənipərəst konqresmenlərin belə qızışdırıcılıq məqsədi daşıyan əməlləri bütövlükdə regiona mənfi təsir göstərir. Ən əsası, onsuz da ağır durumda olan Ermənistanın da təhlükəsizliyinə, onun xalqının gələcək rifahına xələl yetirir, ölkədə azsaylı revanşist və radikal qüvvələrin baş qaldırmasına rəvac verir. O iddialara da inanmaq istəməzdik ki, ABŞ regionda sülhün və təhlükəsizliyin olmasında maraqlı deyil. Odur ki, Amerikada belə təxribatçı cəhdlərdə bulunan çevrələrə də istinad edilməməlidir, onların qərəzli davranışı, arxasındakı məqsədlər araşdırılmalı, ifşa edilməli, müvafiq hüquqi addımlar atılmalıdır. Əks təqdirdə regionumuzda gərginliyin davam etməsində bütövlükdə ABŞ-ın maraqlı olması qənaəti formalaşa bilər, bu isə heç də yaxşı hal deyil. Həm də Amerikanın onsuz da Qafqazda nüfuzunun eniş dövründə bu Birləşmiş Ştatların maraqlarına uyğun hesab edilmir.
Təbii, Amerikanın bölgədə nüfuzunun zəifləməsində məhz Qarabağ məsələsində tutulan mövqe də xüsusi rol oynayıb. Söhbət ondan gedir ki, Azərbaycan ərazilərinin işğal altında qaldığı 30 ilə yaxın müddət ərzində ABŞ hökuməti və qanunverici orqanı işğal faktını və Ermənistanın işğalçı siyasətini pisləyən, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsini qınayan, azərbaycanlı mülki əhalinin davamlı raket atəşinə tutulmasını lənətləyən bəyanat verməyib, müvafiq sənəd qəbul etməyib. Eyni zamanda ABŞ-da dövlət səviyyəsində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı müharibə cinayətləri, xüsusilə ötən ay 29 illiyini qeyd etdiyimiz Xocalı soyqırımı da pislənməyib.
Hansı ki, ABŞ Administrasiyası hələ 1990-cı illərin əvvələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və Ermənistanın işğalına son qoyulması tələbi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində öz əksini tapmış və rəsmi Vaşinqton bütün bu qətnamələrin lehinə səs vermişdi.
ABŞ-ın bu qətnamələrdə əks olunmuş tələblərə riayət etməsi, onların sarsıdılmasına qarşı yönəlmiş təşəbbüsləri dəf etməsi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi onun da öhdəliyi və məsuliyyəti idi.
Bunlar olmadı, dünyadan Qarabağ məsələsində 30 il ərzində ədalət görmədik və nəhayət, yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan özü BMT qətnamələrini icra etdi.
İndi heç olmasa bundan sonra Qərb, Avropa dövlət və institutları beynəlxalq hüquq, ədalət prinsipləri və obyektiv davransın. Regionun inkişafında, bölgədə davamlı sülhün əldə olunması üçün bu çox mühümdür. Buna əngəl törədən təxribatçı qətnamə layihələrinə isə sərt reaksiya verilməsi, ən azı onlara əhəmiyyət verilməməsi gərəkir…
Mümkündür ki, həmin konqresmenlərlə yanaşı, istər Amerikada, istərsə də dünyanın hansısa qütbündə Amerika-Azərbaycan münasibətlərini korlamaq istəyən qüvvələr daha intensiv səylər göstərməyə cəhd edəcəklər. Lakin bu bir faktdır ki, Azərbaycan hər zaman ABŞ-la ikitərəfli və çoxtərəfli müstəvilərdə münasibətlərin inkişafına maraq göstərib, buna öz töhfələrini verib, beynəlxalq terrorizmlə mübarizədə, təhlükəsizlik və enerji tərəfdaşlığı məsələlərində səmimi davranıb. İndi Azərbaycan bir qüdrətli dövlət, regionun lider ölkəsi kimi Vətən Müharibəsi ilə – işğal siyasətinə, erməni terrorizminə son qoyması nəticəsində bölgədə yeni reallıqlar, tam fərqli situasiya yaradıb. Bu reallıqları nəzərə almayan, əksinə, müsbət situasiyanı geri çevirmək, tormozlayıcı addımlara şərait yaratmaq istəyən bütün güclərə münasibətdə Azərbaycanın adekvat davranışlar göstərə bilər. Yəni istər ABŞ, istərsə də hansısa bir digər dövlət son 30 ildə bölgədə yaranan əməkdaşlıq və inkişaf prosesinə indiki kövrək mərhələdə zərbə vuran hərəkətlərə rəvac verərsə, bu, həmin dövlətlərlə münasibətləri, tərəfdaşlıq prespektivlərini şübhə altına ala, zədələyə bilər.
Bu baxımdan müstəqil ekspertlər hesab edir ki, ABŞ super güc kimi, bölgədə sülhün bərqərar edilməsində maraqlı olmalıdır. Bunun üçün Birləşmiş Ştatların sadəcə təxribatçı qətnamə layihələrinə əhəmiyyət verməməsi, dövlət səviyyəsində obyektivliyi, ən azı neytrallığı qoruması yetərlidir. Əlbəttə, arzuolunan və lazımlıdır ki, ABŞ Administrasiyası və Konqresi 10 noyabrda imzalanan bəyanatı dəstəkləsin, burada nəzərdə tutulan proseslərin icrasına öz təhfələrini versin, nəinki qısqanc münasibətlər, qərəzli qətnamələrdən çıxış edilsin.
Əgər insan taleləri onlar üçün bu qədər maraqlı, önəmlidirsə, erməni diasporunun, ermənipərəst konqresmenlərin müdafiəsinə qalxdıqları terrorçuların deyil, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibətinin aydınlaşdırılması üçün səylər göstərilsin, tələblər qoyulsun Ermənistan qarşısında.
Və bu gün bütün dünyanı narahat etməli olan məsələyə – 30 illik işğal dövründə minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim edilməsinə dair ABŞ-ın müvafiq qurum və şəxsləri tərəfindən Ermənistana çağırış edilməsini görmək də çox lazımlıdır. Çünki burada da söhbət insanların taleyindən, təhlükəsizliyindən gedir. Ermənistanın uzun illər ərzində basdırdığı və xəritəsini vermədiyi minalar nəticəsində 10 noyabrdan bəri işğaldan azad edilən ərazilərdə 11 mülki Azərbaycan vətəndaşı dünyasını dəyişib, bir neçə nəfər ağır yaralanıb, orqanlarını itirib.
Hər halda, ümid edək ki, ABŞ dünyanın supergücü və ədalət, demokratiya, terrorizmlə mübarizə carçısı kimi, ermənipərəst konqresmenlərin terrorçuları müdafiə etməyə yönəlik qərəzli, saxta məlumatlardan ibarət qətnamə layihəsinə obyektiv münasibət sərgiləyəcək, konkret desək, onu geri çevirəcək… musavat.com