“Ermənistan ayağa qalxdı” – “Kommersant”backend

“Ermənistan ayağa qalxdı” - “Kommersant”

İki gündür ki, sosial şəbəkələrdə 100-dən çox erməni əsgərinin Azərbaycanlı Silahlı Qüvvələrinə əsir düşməsini əks etdirən video paylaşılır. Bu video Ermənistanın ictimai həyatında şok effekti yaratdı. 10 noyabr atəşkəs anlaşmasından sonra bu xəbər ermənilərin aldığı ən böyük acı xəbər idi. Dünən səhər saatlarından başlayaraq Ermənistanın bütün bölgələrində etiraz mitinqləri başlayıb, fəallıq artmaqda davam edir. Baş nazir Nikol Paşinyanın istefası üçün onsuz da tanış olan mitinqlərə əlavə olaraq indi əsirlərin yaxınları və Dağlıq Qarabağ hərbi hissəsində itkin düşənlər – Hadrut yaxınlığında yerləşən mübahisəli Xtsaberd (Çaylaqqala-red) və Khin Taher (Köhnə Tağlar-red) kəndlərini müdafiə edənlər tərəfindən ayrı-ayrı aksiyalar təşkil edilir. Son məlumata görə, onlarla erməni əsgəri böyük ehtimalla əsir götürülüb. Bununla birlikdə, səlahiyyətlilər heç bir dəqiq məlumat vermirlər və yalnız onları evlərinə qaytarmaq üçün “mümkün olan hər şeyi edəcəyik” sözlərini verirlər.

RF Müdafiə Nazirliyinin xəritəsində əvvəlcə sülhməramlılar tərəfindən qorunan, daha sonra yenidən Azərbaycanın nəzarətində olan ərazi kimi qeyd olunan Qarabağın Xtsaberd (Çaylaqqala) və Khin Taher (Köhnə Tağlar) kəndlərindəki vəziyyət Ermənistanda onsuz da çətin olan siyasi durumu daha da gərginləşdirib. “Kommersant”ın əvvəlcədən xəbər verdiyi kimi, Azərbaycanın Telegram kanallarında erməni hərbçilərinin Azərbaycan hərbçilərinin nəzarəti altında silahlarını yerə necə atdıqlarını göstərən bir video ortaya çıxıb. Bundan sonra Xin Takher (Köhnə Tağlar) kəndinin başçısı Eduard Ayvazyan bildirib ki, cəmi 17 hərbçi  itkin düşüb. Tanınmamış “respulika”nın Ombudsmanı  isə rəqəmin daha böyük olduğunu vurğulayıb: “İlkin məlumatlara görə, 60 nəfər itkin düşüb”.

Ermənistan tərəfindən dəqiq məlumatların olmaması və rəsmi qurumların başdansovdu cavabı əhalinin əsəblərini tarıma çəkib. Erməni KİV-in xəbər verdiyi kimi, Ermənistanın müxtəlif bölgəsindən onlarla insan Telegram kanallarından itkin düşmüş övladlarının videolarını yayıblar. Yayılan videolardakı əsirlərin sayı isə bir neçə yüz əsgər idi. Bundan sonra bir qrup əsgər valideynləri Ermənistan Müdafiə Nazirliyinin ətrafına toplaşıblar. Onlar nazirlikdən açıqlama tələb ediblər. Bir cavab almayan valideynər Nazirliyin binasına girməyə cəhd ediblər. Bu zaman xeyli sayda valideyn xəsarət alıb. Bununla paralel Şirak bölgəsi sakinləri əvvəlcə inzibati binanın yaxınlığında mitinq keçiriblər, daha sonra bir sıra yolları, xüsusən Gümrü-İrəvan və Gümrü-Bavra magistral yollarını (Gürcüstan sərhədinə aparan) bağlayıblar. Şirak vilayətinin qubernatoru Tiqran Petrosyan etirazçılarla görüşdə Ermənistan Baş Qərargah rəisi Onik Qasparyanın Rusiya sülhməramlılarının komandiri general-leytenant Rüstəm Muradovla görüşmək üçün Qarabağa gedəcəyini və hərbi əsirlərin geri qaytarılması məsələsini müzakirə edəcəyini deyib.

Başqa etirazçı dəstə isə Mehridə İrana gedən avtomobil yolunu bağlayıblar. Bir neçə saat yolda hərəkət dayanıb. Etirazçılar hökumətdən açıqlama gözləyiblər: Əsgərlər hansı şəraitdə əsir düşüblər və onların konkret sayı nə qədərdir?

Hadrut yaxınlığındakı kəndlərdəki vəziyyətlə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan “Azadlıq” radiosunun yerli redaksiyasına verdiyi müsahibəsində Xtsaberd (Çaylaqqala) və Khin Taher (Köhnə Tağlar) kəndləri yaxınlığında erməni əsgərləri ilə yanaşı Rusiya sülhməramlılarının da yer aldığını diqqətə çatdırıb. Baş nazir əlavə edib ki, “Dəqiqləşdirmə üçün müəyyən problemlər var. Ərazinin çətin relyefi və hadisə yerində rabitənin olmaması ciddi çətinliklər yaradır. Bizimlə yanaşı rus sülhməramlılarında da bu problemlər var və orada müəyyən bir böhran vəziyyəti yaşanır”.

Daha sonra RF Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı tərəflərdən birinin Rusiya sülhməramlı qüvvələrinin bölmələrinin mühasirəyə aldığı barədə məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Ancaq bu tip açıqlamalar itkin düşən əsgərlərin yaxınlarını və ölkə əhalisini sakitləşdirməyib. Ölkə ciddi siyasi böhran yaşayır. İdaretməni itirən Paşinyan Administrasiyası xalqa nə deyəcəyini bilmir. Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi heç bir açıqlama verməyib.

“Kommersant”, 17 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*