Ermənistan Azərbaycana hansısa şərt irəli sürmək iqtidarında deyil – AÇIQLAMAbackend

Ermənistan Azərbaycana hansısa şərt irəli sürmək iqtidarında deyil - AÇIQLAMA 

Ermənistan Respublikasının mühüm işlər üzrə səfiri Edmon Marukyan sülh müqaviləsinin imzalanması üçün Ermənistan tərəfinin irəli sürdüyü 6 şərtin detallarını açıqlayıb. Belə ki, şərtlərin məğzi Ermənistan kütləvi informasiya vasitələrində öz əksini tapıb.

Azərbaycan Ermənistanın bu şərtlərinə necə reaksiya verəcək? İrəli sürülən tələblər bizim üçün məqbul hesab olunurmu?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb. O bildirib ki, Ermənistan Azərbaycana hansısa şərt irəli sürmək iqtidarında deyil:

“Daha əvvəl Azərbaycan Ermənistana sülhlə bağlı beş maddədən ibarət təkliflərini göndərib. Bu beş maddəni hər iki tərəf açıqlayıb və Ermənistan bu təkliflərə müsbət cavab verib. Hazırda Ermənistanın ölkəmizə 6 bəndlik təklifinə dair fikirlər səsləndirilir. Bu barədə Azərbaycan tərəfi rəsmi mövqe ortaya qoymayıb.

Nəzərə almaq lazımdır ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işçi qruplarının müzakirələrə başladığı bir məqamda digər istiqamətlərdə də müzakirələr aparılacaq. Ermənistanın tələbləri varsa, bu istiqamətdə dialoqlar ola bilər. Lakin qalib tərəf kimi şərtləri diqtə edən tərəf Azərbaycandır. Bu mənada 30 il  işğalçılıq siyasəti ilə regionda böyük bir gərginlik ocağı yaradan Ermənistanın Azərbaycana hansısa şərt irəli sürmək və ya tələb qoymaq kimi lüksü yoxdur. Avropa İttifaqı Şurası və Rusiya da yaxşı başa düşür ki, əsas güc faktoru Azərbaycandır və bizimlə hesablaşılmalıdır”.

Politoloqun fikrincə, Azərbaycanın rəsmi mövqeyi olmadan hansısa qondarma “şərtləri” müzakirə etməyə dəyməz:

“Hesab edirəm ki, danışıqların növbəti mərhələsində hər bir detal ictimaiyyətə açıqlanacaq. Azərbaycanın rəsmi mövqeyi olmadan hansısa qondarma “şərtləri” müzakirə etməyə dəyməz. İndiyə kimi Ermənistan çoxsaylı təxribatlar törədib. Buna uyğun olaraq dövlətimiz adekvat cavab verib. Sülh gündəliyinin taleyi dövlətimiz tərəfindən müəyyənləşir. Ermənistanın uydurma bəyanatlarına fikir verməməliyik. İlham Əliyev dəfələrlə bildirib ki, münaqişə başa çatıb və heç bir status məsələsindən söhbət gedə bilməz. İndi Ermənistanın Qarabağın statusu ilə bağlı irəli sürdüyü iddiaların da heç bir əsası yoxdur”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*