Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, o cümlədən 27 sentyabrdan başlayaraq Azərbaycanın mülki əhalisinə qarşı terror aktı törətməsini əks etdirən videoçarx hazırlanıb.
KONKRET.az xəbər verir ki, videoda 1992-ci ildə və 2020-ci ildə əldə olunan atəşkəs razılığına ermənilərin məhəl qoymaması və terror törətməsi tarixinin təkrarlanması göstərilir.
Belə ki, 1992-ci ilin mayın 7-də Ermənistan prezidenti Levon Ter-Petrosyan və Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədov İran prezidenti Əli Əkbər Rəfsəncaninin vasitəçiliyi ilə Tehranda görüş keçirildi və atəşkəs razılığı elan olundu. Cəmi bir gün sonra – 8 may 1992-ci ildə erməni ordusu Şuşanı işğal etdi.
1992-ci ilin 21 fevralında Azərbaycan, rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə atəşkəs razılaşması imzalandı. Beş gün sonra ermənilər Xocalı soyqırımı törətdi.
2020-ci ilin 10 oktyabrında Azərbaycan Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə humanitar atəşkəslə bağlı razılıq əldə olundu.
Atəşkəsin elan olunduğu gündən bir gün sonra 11 oktyabrda Emənilər Gəncəyə raket zərbələri endirdi. 10 dinc sakin həlak oldu. 40 nəfər ağır xəsarət aldı, 80 nəfər isə evlərindən məhrum oldu.