Ermənistan Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına mane olur.
KONKRET.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Dövlət Miqrasiya Xidməti erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalını istifadəyə verib. Portaldan hazırda Qarabağda yaşayan ermənilərlə yanaşı Ermənistana getmiş sakinlərin də istifadəsinə şərait yaradılıb.
Bununla belə, qonşu ölkənin bir sıra provayderləri Azərbaycanın dövlət qurumlarına məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün öz tərəfində blokda saxlayırlar.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı müşahidələr nəticəsində bəlli olub ki, yeni istifadəyə verilmiş reintegration.gov.az domen adı da Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün Ermənistanın provayderləri tərəfindən bağlanılıb.
Ermənistan ərazisindən insanların portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az domeninin real IP ünvanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılıb və Ermənistan ərazisindən insanların reintegration.gov.az saytına daxil olmasına girişlər bərpa olunub.
Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücümlar aktiv şəkildə müşahidə olunur.
Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsinə qoşulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilir.