“Ermənistanın Qarabağdan imtina etməsi onu üçüncü ölkənin ixtiyarına buraxdı”.
KONKRET.az xəbər verir ki, bunu Fövqəladə və səlahiyyətli səfir, Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş baş katibi Vaaqn Melikyan dekabrın 16-da müzakirələr zamanı deyib.
“Uzun müddətdir ki, müxtəlif platformalardan belə fikirlər səslənir ki, Qarabağ Rusiya sülhməramlılarının nəzarət zonasıdır və Ermənistan heç bir şəkildə vəziyyətə nəzarət edə bilməz.
Bu, ən böyük səhvdir. Çünki Ermənistanın Qarabağın təhlükəsizliyinə zəmanət verməkdən imtina etməsi Qarabağı üçüncü ölkənin ixtiyarına buraxdı.
Bu, səriştəsiz siyasətin nəticəsidir. Nəyin bahasına olursa-olsun sülhə nail olmaq üçün müəyyən əvəz ödənməlidir.
Nə vaxtsa yol açılacaq, amma sual budur ki, bu nəyin bahasına baş verəcək?
“Təxribat”ların təkrarlanmayacağına zəmanət yoxdur. Mövcud siyasətə yenidən baxmaq lazımdır.
Beynəlxalq ictimaiyyətin müraciətləri heç nəyi həll etmir. Sülhməramlılarla azərbaycanlılar arasında aparılan danışıqlar nəticəsində hər şey yerlərdə həll olunur.
Beynəlxalq ictimaiyyətin bəyanatları hədəf alınmalı və onların ardınca müəyyən hərəkətlər edilməlidir. Gözlə görünməyən danışıqlar da var ki, ictimaiyyətə heç vaxt məlum olmayacaq. Çox vaxt problemlər məhz bu formatda həll olunur”, – deyə Melikyan bildirib.
O əlavə edib ki, 2020-ci il noyabrın 9-dan etibarən Ermənistan hakimiyyəti mütəmadi olaraq belə səhvlərə yol verir.
“Baş verənlər güzəştlərin nəticəsidir. Ermənistan hakimiyyətinin müəyyən söz və ifadələrdən istifadə etməməsi razılaşmaların nəticəsidir.
Ermənistanın nümayəndəliyinin olduğu 100 ölkənin hamısı bir nəfər kimi Azərbaycana sərt reaksiya verməli idi. Hakimiyyət diaspor strukturları ilə işləmir.
Cəmiyyət başa düşməlidir ki, biz 30 ildən artıqdır ki, davamlı olaraq müharibə vəziyyətindəyik. Qarabağın təhlükəsizliyi və müstəqilliyi təmin olunana qədər bu vəziyyətdə qalacağıq. Hətta hazırkı hakimiyyət də etiraf edir ki, sülh müqaviləsi Ermənistanı yeni müharibədən sığortalamır”, – səfir deyib.
Melikyan hesab edir ki, ardıcıl olaraq ermənipərəst yox, Rusiya əleyhinə təbliğat və siyasət aparılır.
O, xarici qüvvələrlə İran arasında qarşıdurma səhnəsinin Ermənistan ərazisinə keçirilə biləcəyinə diqqət yetirməyə çağırıb.
Xuraman Etibarlı,
KONKRET.az