Ermənistan hökumətinin bitməyən təxribatı: Qarabağ hələ də “Artsax” kimi təqdim edilirbackend

Ermənistan hökumətinin bitməyən təxribatı: Qarabağ hələ də “Artsax” kimi təqdim edilir

Rəsmi Bakının cavabı necə olmalıdır?

Azərbaycan və Türkiyə arasında Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir. Təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən  müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub. Gözlənildiyi kimi, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Laçında keçirdikləri hərbi təlimlər, İrəvanı da təşvişə salıb. Belə ki, Ermənistan Müdafiə Nazirliyi təlimlərlə bağlı bildirib ki,  Ermənistan və “Artsax” sərhədləri, eləcə də Laçın dəhlizi yaxınlığında Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsi Üçtərəfli bəyanata uyğun deyil, deeskalasiya addımlarına zərər vuran bir hərəkətdir və davamlı sülh, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək səylərinə xələl gətirir. Lakin İrəvan anlamalıdır ki, bu təxribatçı mövqeyin özü sülh təşəbbüslərinə zərər verir və Qarabağdakı erməni icmasının Azərbaycana inteqrasiya prosesini əngəlləyir.

Azad Demokratlar Partiyasının (ADP) sədri, politoloq Sülhəddin Əkbər mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.

Sülhəddin bəy, Azərbaycan-Türkiyə birgə təlimlərinin mahiyyəti nədən ibarətdir və bu təlimlərin Laçın rayonunda keçirilməsinin hansı perspektivləri var?

Təlimləri hərbi-hüquqi baxımdan qiymətləndirərsək, bildiyiniz kimi, bu təlimlər Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Amma indiki mövcud şəraitdə təlimlərin zamanlamasına baxdıqda görərik ki, burada məsələnin həm strateji, həm də operativ tərəfləri var. Belə ki, regionda həm hələlik rus sülhməramlılarının nəzarətində olan ərazilərimizdə, həm də bizim Ermənistanla sərhədimizdə hələ ki, vəziyyət normallaşmayıb. Yəni, təxribatların baş verdiyi bir vəziyyətdə Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının bu təlimi keçirməsi, özü də bu təlimlərin məhz Laçında baş tutması o deməkdir ki, Azərbaycan istənilən vaxt Laçın dəhlizini də bağlamağa hazırdır, hələlik öz nəzarətində olmayan ərazilərdə də anti-terror əməliyyatı da keçirməyə hazırdır. Təlimlərin xarakter və təbiətinə fikir verəndə də görmək mümkündür ki, elə hazırlıq səviyyəsi də bu istiqamətdədir. Yəni, bu, çox ciddi bir mesajdır. İlk növbədə isə Rusiyaya.

-Bəs, Ermənistan hökumətinin Qarabağı hələ də “Artsax” kimi təqdim etməsi və onun “sərhədləri”ndən danışması nəyin göstəricisidir?

Təbii ki, burada baş sındırmağa ehtiyac yoxdur. Çünki bu onu göstərir ki, düşmən hələ də niyyətindən əl çəkməyib və təxribatalara davam edir və davam etmək niyyətindədir.

Azərbaycan rəsmi dairələri bunu İrəvanın diqqətinə çatdırmalı və onu məsuliyyətə dəvət etməlidirmi?

Məsələ burasındadır ki, artıq bizim qarşımızda Ermənistan yoxdur, bizim qarşımızda Rusiya var. Bu, Rusiyanın Ermənistan Respublikası və qondarma “dqr” vasitəsi ilə bizə qarşı apardığı vəkalət müharibəsi idi. Nə zaman ki, Azərbaycan gözlənildiyi kimi, bu vəkillərin başını əzdi, Rusiyanın özü qarşımıza çıxdı. Biz də artıq Rusiya ilə üzbəüzük və ona görə də Rusiya nə deyirsə, ona fikir vermək lazımdır. Ermənistanın nə deməsinin, ən azından strateji planda elə bir əhəmiyyəti yoxdur.

Sülhəddin Əkbər — Vikipediya

-Belə çıxır ki, bu və bu kimi təxribatların arxasında birbaşa Rusiya sülhməramlıları, bilavasitə isə Rusiya hökuməti dayanır…

Bəli! Bu, birbaşa Rusiyanın apardığı siyasət kontekstində, daha doğrusu, Azərbaycana yönəlik təzyiq siyasəti kontekstində dəyələrləndirilməlidir. Çünki Rusiya Azərbaycandan istədiklərini ala bilmir. Bu, həm dırnaqarası rus sülhməramlılarının mandatı ilə bağlı olan məsələdir, həm də Türkiyə-Azərbaycan münasibtələrinin inkişafı ilə bağlı. Ümumiyyətlə, Türkiyənin regiona gəlməsi, Azərbaycan-Türkiyə-Pakistan münasibətləri, eyni zamanda, Azərbaycan-Rusiya münasiəbləri Rusiyanın istədiyi istqiamətdə, istədiyi sürətdə davam və inkişaf etmir deyə, bu, Rusiyanın narahat edir və belə bir xoşagəlməz hallar meydana çıxır.

-Belə olan halda, Rusiyaya qarşı necə davranış sərgiləmək lazımdır? Həmçinin, Azərbaycanın hazırda buna potensialı yetərlidirmi?

Təbii ki, Azərbaycan və Rusiyanın milli strateji potensialını müqayisə etsək, təkbaşına bizim gücümüzün, potensialımızın və strateji hazırlığmızın buna yetərli olmadığını görərik. Ona görə də, Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik sazişi imzalamalı, Türkiyənin hərbi bazaları Azərbaycanda yerləşdirilməlidir. Starteji müttəfiqlik sazişi artıq imzalanıb və məhdud sayda olsa da artıq de-fakto olaraq Türkiyə hərbi kontingenti Azərbaycandadır. Yəni, birinci mərhələ yerinə yetirilib. İkincisi, Azərbaycan necə ki, 2010-cu ildə Türkiyə ilə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıb, analoji saziş qardaş Pakistanla da imzalanmalıdır. Üçüncüsü, Azərbaycan İsrail ilə də strateji əməkdaşlıq sazişi imzalamalı, Təl-Əvivdə səfirliyini açmalı və münasibətləri tamamilə yeni yüksək səviyyəyə qaldırmalıdır. Çünki indiki mərhələdə siyasi-diplomatik informasiya sahəsində bizim İsrailin və dünya yəhudiliyinin gücünə ehtiyacımız var. Dördüncüsü, Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaşlıq sazişi imzalamalıdır. Adını çəkdiyim bu 4 ölkə İkinci Qarabağ müharibəsində Azərbaycana birbaşa və ya dolayısı ilə dəstək verən ölkələrdir.

Digər ölkələrə gəldikdə isə, onların bu və ya başqa səbəblərdən Azərbaycandan narazı olduğunu görərik ki, həmin ölkələrin başında da Amerika Birləşmiş Ştatları dayanır. Ona görə də  ABŞ-ın Gürcüstanla imzaladığı starteji tərəfdaşlıq sazişi ABŞ-la bizim aramızda da imzalanmalıdır. Hansı ki, Birləşmiş Ştatlar bu sazişi Gürcüstandan əvvəl Azərbaycana təklif eləmişdi.  Üstəlik, Azərbaycanla rəsmi Vaşinqton NATO-dan kənar formatda müttəfiq statusu almaq üçün danışıqlara başlamalıdır. Necə ki, hazırda bu danışqları Ukrayna aparır. Həmçinin, Avropa İttifaqı ilə ən azı indi müzakirədə olan və dövlət başçısnın da qeyd etdiyi kimi, 90 faizi razılaşdırılmış sənəd yubadılmadan imzalanamalıdır. Bununla yanaşı, NATO ilə genişləndirilmiş və dərinləşdirilmiş tərəfdaşlıq sazişi imzalanmaldır. Bir sözlə, bu addımlar atılarsa, qaranlıq suallar da öz cavabını tapacaq.

Mərahim Nəsib

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*