Ermənistan hökumətinin süqutu: Kadr xaosu davam edirbackend

Ermənistan hökumətinin süqutu: Kadr xaosu davam edir

“Ermənistan ordusu Rusiyanın əlinə keçir”.

Ermənistanda kadr xaosu davam edir. Həmçinin hərbi, siyasi və diplomatik cəbhədə də anlaşılmazlıq hökm sürür. Son dövrlər işğalçı ölkədə davam edən hökumət böhranı fonunda ölkənin müdafiə naziri Vaqarşak Arutunyanın istefası da bunun əyani göstəricisidir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən AĞ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Ermənistandakı istefalar dərin siyasi böhranın nəticəsidir: “Bu, Ermənistanda baş verən ilk istefa deyil. Bundan öncə də xarici işlər naziri, müavinləri, ondan əvvəl müdafiə nazirinin məsul şəxsləri və nazirlərin özləri istefa veriblər. Bunlar Ermənistandakı dərin siyası böhranın göstəriciləridir. Çünki heç bir siyasi fiqur təmsil olunduğu yüksək postdan istefa verib, siyasi karyerasını sonlandırmaq istəməz. Eyni zamanda onlara etimad göstərmiş Paşinyanı yarı yolda buraxmaq da istəmirdilər. Lakin demək vəziyyət o qədər qəlizdir ki, kimsə, hətta öz lideri naminə bu məsuliyyətin altına girmək istəmir”.

“Bu istefalar onu göstərir ki, Ermənistanda vəziyyət hətta onların öz əhalisinə elan etdiklərindən də qat-qat ağırdır. Heç kəs öz adının tarixi məğlubiyyətdə, siyasi tarixi gedişatda neqativ qalmasını və bu məsələlərdə imzalarının olmasını istəmir. Buna görə də istefa verirlər”, – deyə partiya sədri qeyd edib.

T.Abbaslı hesab edir ki, bu istefalar Ermənistan hakimiyyətinə real vəziyyəti düzgün qiymətləndirmək və ona uyğun addımlar atması üçün siqnaldır: “İstər Paşinyana, istərsə də Ermənistan hakimiyyətinə siqnal olmalıdır ki, real siyasi şəraitə uyğun bəyanatlar versinlər, hərbi, siyasi və iqtisadi şəraitə uyğun addımlar atsınlar, yəni güclərini aşan hədəflər elan etməsinlər. Çata bilməyəcəkləri hədəflər qoymasınlar ki, sonradan bu yolda kadr çatışmazlığı ilə də üz-üzə qalmış olmasınlar. Ermənistan bu gün ölüm-qalım uğrunda mübarizə aparır. Azərbaycanla sərhəddə yenidən atəşkəsi pozması da Ermənistanın vəziyyəti düzgün analiz edə bilməməsindəndir. Onlar yalnız vəziyyəti düzgün qiymətləndirəndən sonra onları yarı yolda qoymayacaq normal siyasi fiqurlar tapacaqlar”.

Politoloq, siyasi elmlər doktoru Zaur Məmmədov da KONKRET.az-a açıqlamasında Ermənistanda artıq müəyyən müddətdir Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin başsız qalmasına diqqət çəkib: “Seçkilərdən sonra Nikol Paşinyan hər iki posta şəxs təyin etsə də, onların təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə seçkilərin nəticələri ilə bağlı qərarı elan etməsi lazım idi. Lakin biz görürük ki, müxtəlif qurumlarda, o cümlədən, Müdafiə Nazirliyində bir sıra ciddi problemlər var. Təbii ki, müharbədə darmadağın edilən ordunun bu vəziyyətə düşməsi məntiqlidir. Ermənistandakı müxtəlif generallara nəzər yetirdiyimizdə də görürük ki, onların bir çoxu hərbi fəaliyyətdən çox, siyasi fəaliyyətlə məşğul idi. Bunun nəticəsini də biz 44 günlük müharibədə və hətta postkonflikt dövründə də görməkdəyik”.

“Müxtəlif mənbələrə görə, Ermənistan Müdafiə Nazirliyi yeni islahatlar keçirəcək. Bununla bağlı isə bir qədər fikir ayrılıqları var. Belə ki, ya Rusiyanın təhriki ilə Ermənistan ordusu azaldılaraq əsas müdafiə strukturu Rusiyanın əlinə keçəcək, ya da Ermənistan Avropa standartları tətbiq edərək hərbi qulluq qarşılıqlı şəkildə olacaq. Hər bir halda nəyin necə olmasından asılı olmayaraq, Azərbaycan da çox gözəl bilir ki, bu 30 il ərzində və bundan sonra da bizim qarşımızda Ermənistan adı ilə Ermənistan havadarları iştirak edib. Ona görə də bizim müharibəyə, yeni döyüşlərə hazırlığımız, ümumiyyətlə ordu quruculuğumuz, hərbi-texniki bazanın genişləndirilməsi istiqamətində bu günün özündə də işlər aparılır”, – deyə Məmmədov əlavə edib.

Politoloq hesab edir ki, Ermənistanın hərb sistemi o qədər acınacaqlı duruma düşüb ki, ağlı başında olan şəxs o ölkənin müdafiə naziri olmaz: “Çünki o ölkənin müdafiə naziri olmaq gələcək məğlubiyyətlərdə əsas günahkar və məsuliyyəti öz üzərinə götürmək deməkdir”.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*