Ermənistan MƏHVƏ MƏHKUMDUR: “2050-ci ilə qədər ölkədə iki milyondan az adam olacaq” – Arşakyanbackend

Ermənistan MƏHVƏ MƏHKUMDUR: "2050-ci ilə qədər ölkədə iki milyondan az adam olacaq" - Arşakyan

“Beş milyon vətəndaşı xəyal etmək kifayət deyil, bunun üçün konkret işlər görməliyik. Amma təəssüf ki, “Strategiya-2050” artıq alaq otları ilə örtülüb”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:

“Ermənistan kiçik ölkə olsa da, böyük problemləri var. Bu, Ermənistanın səriştəsiz hakimiyyət orqanlarının (istər keçmişdə, istər indiki) təcrid olunması, iqtisadiyyatda durğunluq və nəticədə yaranan yoxsulluqla əlaqədardır. Ancaq tez-tez danışılan, lakin heç bir şəkildə həll edilməyən başqa bir problem də mövcuddur. Daha doğrusu, haqqında danışacağım bu problemi sadəcə olaraq həll etmək istəmirlər. Söhbət demoqrafiyadan və Ermənistanın əhalisinin azalması təhlükəsindən gedir. Nikol Paşinyanın 2019-cu ildə təqdim etdiyi iddialı strategiyanı xatırlayırsınızmı? Çoxları yəqin ki, yeni problemlər və çağırışlar səbəbindən bunu artıq unudub. Paşinyan öz strategiyasından danışaraq, 2050-ci ilə qədər Ermənistan əhalisini 5 milyona çatdırmaq, 1,5 milyon yeni iş yeri yaratmaq, yoxsulluğu aradan qaldırmaq, orta əmək haqqını 7 dəfə artırmaq, orta ömür müddətini 90 yaş etmək haqqında xülyalar uydururdu. O zaman ağlı başında olan insanlara aydın idi ki, bu məqsədləri həyata keçirmək çətindir. Amma Paşinyan israrla, “2050-ci ilə qədər Ermənistan silahlı qüvvələri dünyanın döyüşə hazır iyirmi ordusu sırasına daxil olmalıdır” deyirdi. Artıq 4 ilə yaxın vaxt keçib. Paşinyanın strategiyasının başqa məqsədlərindən danışmağa dəyməz. Yalnız demoqrafik göstəricilərə diqqət yetirəcəyik. Ölkə əhalisini 5 milyon nəfərə çatdırmaq istiqamətində heç bir iş görülməyib”, – deyə Arşakyan vurğulayıb.

Erməni analitik daha sonra fikirlərini  “Gələcək Erməni” İnkişaf Fondunun əhalinin artımı üzrə ekspert komitəsinin rəhbəri Armine Ovannisyanın fikirləri ilə davam etdirib: “2050-ci ildən etibarən Ermənistan əhalisinin artımını təmin etmək ciddi vəzifədir. Ermənistandan 1 milyon insan mühacirət edə bilər. Bu halda ölkə əhalisinin sayı 2 milyon nəfərdən az olacaq. Ermənistandan yüz minlərlə insan mühacirət edir. Suriya və ya İraqdan immiqrasiya dövründə gələnləri ölkədə saxlamaq mümkün olmayıb. Belə bir problemin necə həll olunacağını başa düşmək vacibdir. Bundan əlavə, anaları 3-4 uşaq dünyaya gətirməyə necə təşviq etmək olar? Ümid edirəm ki, Ümumerməni Vətəndaş Assambleyası çərçivəsində keçirilən konfrans zamanı biz lazımi yanaşmaları inkişaf etdirə biləcəyik”, – Ovannisyan bildirib. Bəli, 2050-ci ilə qədər ölkədə iki milyondan az adam olacaq.  Axı 5 milyon vətəndaşı xəyal etmək kifayət deyil, konkret işlər görmək lazımdır. Təhlükəsizlik, səhiyyə, iqtisadiyyat, təhsil kimi məsələləri həll etmədən doğum səviyyəsinin artmasına nail olmaq mümkün deyil. Ona görə də, bizim böyük problemlərimiz var. Hökumət başçısına sual verməyin vaxtıdır: Ölkə 2019-cu ildə elan edilmiş ssenari üzrə hərəkət edirmi və belədirsə, hansı real uğurlarımız var?  Təbii ki, verməyə cavab yoxdur. Çünki “Strategiya-2050” artıq alaq otları ilə örtülüb. Ölkədə doğum səviyyəsi aşağı düşməkdə davam edir (bundan başqa, 2020-ci il müharibəsində bütün gənc nəsli itirdik), miqrasiya saldosu mənfidir. Siz sadəcə qadınlara 3-4 uşaq dünyaya gətirməyi əmr edə bilməzsiniz. Onları qidalandırmaq, geyindirmək və öyrətmək lazımdır”, – Arşakyan əlavə edib.

“Ermənistan əhalisinin 2 milyondan aşağı səviyyədə azalması avtomatik olaraq ölkənin təhlükəsizliyinə də zərbə vuracaq. Biz artıq Silahlı Qüvvələrin kadr təminatı ilə bağlı problemlər yaşayırıq. Paşinyanın strategiyasını eşidənlərin çoxu 2050-ci ilə qədər yaşamayacaq. Beləliklə, Paşinyanı və onun vədlərini unudacaqlar. Ümid edirəm ki, heç olmasa Ermənistanın özü “sağ qala” biləcək”, – erməni analitik fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*