Ermənistan sazişə əməl etməsə, nə baş verəcək? – AÇIQLAMAbackend

Ermənistan sazişə əməl etməsə, nə baş verəcək? - AÇIQLAMA

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı Birgə Bəyanat məzmunu, mahiyyəti, ehtiva etdiyi səbəb və nəticələrləri etibarilə Ermənistanın kapitulyasiyası aktı sayıla bilər. Hərb meydanında məğlubiyyətini dərk edən işğalçı Ermənistan Azərbaycan Prezident cənab İlham Əliyevin müharibənin ilk günlərindən elan etdiyi şərtləri qəbul etdi, başqa sözlə, kapitulyasiya şərtlərinə razılıq verdi.

Cənab Prezident dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü, zəmanətli “vaxt cədvəli” təqdim etdiyi halda hərbi əməliyyatlar dayandırıla bilər. İndi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, yetirməsə də məğlubdur. Yetirsə, bu öz maksimalist, sülhtanımaz, hüquqbilməz tutumundan, mövqeyindən tamamən geri çəkilməkdir; öhdəliyinə əməl etməzsə, öz etibarsızlığını, qeyri-ciddi dövlət olduğunu bir daha nümayiş etdirmiş olacaq; bununla da Azərbaycana qarşı hər hansısa irad, iddia, ittiham siyasətini davam etdirə bilməyəcək. Ən əsası, güclü Azərbaycan Ordusundan yeni zərbələr alacaq və bu zərbələr, artıq ölmücül hala salınmış Ermənistanın ən son resurslarının, ən son imkanlarının da qarşısıalınmaz, geridönməz dağıntısı demək olacaq. Ermənistan artıq çox yaxşı başa düşür ki, aldatmacalar, hiylələr qətiyyən keçmir: ya məğlubiyyətlə barışmalıdır, ya ikiqat məğlubiyyətə düçar olmalıdır!

Birgə Bəyanatda Ermənistan öz üzərinə hansı öhdəliyi götürüb?

Məsələn, Ermənistan dövləti öhdəlik götürüb ki, qarşıdan gələn 20 gün içində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımından böyük rayonlarımız da işğaldan azad olunur. Paralel olaraq, Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır. Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda, məhdud kontingentlə və bəlli müddətə əraziyə yerləşdirilir.

Azərbaycan Prezidenti həmişə vurğulayırdı ki, müharibənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq (Bəyanatın 5-ci bəndinə uyğun şəkildə) birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısının alınacağına dəlalət edir.

Xatırladaq ki, artıq Qarabağda qoşunların təmas xətti anlayışı sıfırlanıb. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.

Əlbəttə, Birgə Bəyanata qədər 44 günlük aktiv müharibə yolu keçildi. Azərbaycan Vətən müharibəsində dövlət-xalq birliyi öz təntənəsini yaşadı, zirvə məqamlarla tarixə düşdü, örnək oldu.

Azərbaycan Silahlı Qüvvələri mülki insanlarla müharibə aparmadığını, hərbçinin işinin hərb meydanında olduğunu göstərdi; Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində olmayan ordumuz hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsinin heç də çətin bir vəzifə olmamasına baxmayaraq, Ermənistanın və dünya erməniliyinin gözlədiyi addımı atmadı. Yəni, bədnam erməni təbliğatı məhz bu məqamı gözləyirdi – gözləyirdi ki, hazır ştativlər üzərindəki çəkiliş makinaları və qurama videolarla Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın, hay-küy salsın. Qarşımızda özü 26 fevral 1992-ci ildə sənədli-sübutlu, şahidli Xocalı soyqırımını törətmiş, amma 105 il öncəyə dayalı əsilsiz “erməni soyqırımı” iddiası ilə bütün dünyanı zinhar etmiş bir zehniyyət vardır; o zehniyyətin qurduğu dolaşıq torlara düşməmək, yalnız hərbi deyil, siyasi-diplomatik meydanda da Ermənistana ağır zərbələr vurmaq, hər dövlətin, hər liderin işi deyildi…

İlham Əliyev Ermənistanın bütün zərərli zehn oyunlarının, “Qafqazda xristianlığın son qalası” və s. riyakarlıqlarının, özünə imtiyaz və hüquqlar əldə etmək cəhdlərinin qarşısını ustalıqla aldı. Bayaq da vurğuladığımız kimi, Ermənistan elə bir duruma salındı ki, irəli getsə də, geri dursa da bir seçənəyi qalmışdı: məğlubiyyət!..

Azərbaycan həmişə rəsmi şəkildə, Dağlıq Qarabağda sülh ortamında birgəyaşayışın mümkünlüyünü bildirmişdi. Prezident İlham Əliyev dəfələrlə açıqlamışdı ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir; buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışının mümkünlüyünü demişdi. Monoetnik Ermənistanın sözdə demokrat Baş nazirisə birgəyaşayışın qeyri-mümkünlüyündən danışırdı. Sözdə demokrat Paşinyan çoxmillətli, sivilizasiyalar və mədəniyyətlərarası dialoq ünvanı Azərbaycanı qara rəngdə göstərmək, gözdən salmaqçün əlindən, ağlından, əlaqələrindən gələn hər şeyi etdi, dəridən-qabıqdan çıxdı, amma Dəmir Yumruq qarşısında geri çəkilməyə məcbur oldu. Uğursuz dövlətin uğursuz Baş nazirinə indi İrəvanda, əsgərlərinin vaxtı ilə Qarabağda qazdığı “siçan yuvası”ndan lazımdır. Maksimalist Paşinyan indi nə öz xalqına, öz ölkəsinin siyasilərinə, ictimai fəallarına cavab verə bilir, nə bizim qarşımıza çıxmağa üzü var… Öz aqibətini öz səbatsız addımları ilə cızan Paşinyan tarixin təkərini geri döndərmək mümkün olsaydı, heç hakimiyyətə gəlməz, oturub “qara piar”çılığı ilə girələnərdi…

Onu da əlavə edək ki, qeyd olunan Birgə Bəyanatla başlayan proses çərçivəsində ayrılmaz torpağımız Naxçıvan blokadadan azad olur. Ermənistan öz ərazisi ilə Naxçıvanla Azərbaycanın qərb rayonları arasında zəmanətli, təhlükəsiz dəhlizin yaradılmasını üzərinə götürür.

Beləliklə, özü haqqında məğlubedilməz mifi yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində Dəmir Yumruq qarşısında sıradan çıxarıldı. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, bütövlükdə Ermənistana özünü bərpa etməkçün illər lazım olacaq…

Heç kəsə sirr deyil ki, Ermənistanın havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. Qətiyyətli siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyev bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək, öz prinsipial mövqeyindən dönmədi. Cənab Prezidentin dünyanın aparıcı media orqanlarına verdiyi otuza yaxın hadisə müsahibələr də dünya birliyində ölkəmizə qarşı əsassız hücumları zərərsizləşdirdi.

Bir sözlə, Ermənistanın, onun havadarlarının, dünya erməniliyinin işğala və Azərbaycan ərazilərinin tədrici ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən doğma od-ocaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi.

Bu tarixi nəticə bizlər haqqında “məğlub xalq” əsilsiz rəyini sındırdı, xalqımıza özgüvən aşıladı, milli qürurumuzu qabartdı. Bütün bunlar Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının – torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir.

DÖVLƏTİMİZ VAR OLSUN!

ŞƏHİDLƏRİMİZƏ MİN RƏHMƏT!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*