Cənubi Qafqazda cərəyan edən hadisələr böyük maraq doğurur. Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanması prosesinə həm Qərbin, həm də Rusiyanın öz yanaşması var. Məsələ burasındadır ki, Qərbin məqsədi həm də Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır.
Erməni politoloqlar da bu fikirdədir. Onlar hesab edirlər ki, Qərb Rusiyanı Qarabağdan da çıxarmaq üçün çalışır.
KONKRET.az xəbər verir ki, Erməni siyasi ekspert Tiqran Köçəryan Ermənistanın 5-ci kanalına müsahibəsində bildirib ki:
“Qərb Qarabağın Azərbaycanın tərkibinə verilməsinə razılıq verib. Burada məqsəd həm də Rusiyanın regiondan qovulmasıdır. Qarabağ Azərbaycanın tərkibinə qatılarsa, o zaman Qarabağda Rusiya sülhməramlı kontingentinin qalmasının mənası qalmayacaq. Eyni zamanda Türkiyə ilə münasibətlərin normallaşması prosesi baş verəcək. Bu, Qərbin də israr etdiyi layihədir, amma burada əsas məqsəd normallaşma və sərhədlərin açılması deyil”.
Köçəryan hesab edir ki, Qərbin əsas məqsədi Rusiya hərbi bazasını Ermənistan ərazisindən çıxarmaqdır:
“Rusiya hərbi bazası ölkəmizi Türkiyənin mümkün təcavüzündən qorumaq məqsədi ilə yaradılıb. Türkiyə ilə münasibətlər normallaşarsa və Ermənistan Türkiyənin regionda liderliyini qəbul edərsə, Rusiya Ermənistanı kimdən qoruyacaq?”, – deyə erməni politoloq qeyd edib.
Köçəryan daha sonra bildirib ki, Ermənistan soyqırımının beynəlxalq səviyyədə tanınmasını təşviq etməkdən imtina etməyə və Türkiyənin bütün şərtlərini, o cümlədən dövlət gerbindən Ağrı dağının çıxarılmasını qəbul etməyə məcbur ediləcək. Ekspert hesab edir ki, Rusiyanın regionda təsirinin ləğvi ilə paralel İranın yolunu kəsmək üçün də planlar hazırlanır.
Vəli Həsənov,
KONKRET.az