Ermənistanda milli siyasətin çoxsaylı xüsusiyyətləri arasında bir cəhət də var: onlar super layihələr icad etməyi xoşlayırlar və hesab edirlər ki, sadəcə onları həyata keçirmək lazımdır, o zaman kiçik və çox əziyyət çəkən Ermənistan cənnətin açarlarını alacaq. Belə bir “erməni meqa arzusu”nun əsas rolunu “Vudro Vilsonun arbitraj qərarı”, “Arsaxın (Qarabağdakı qondarma rejim) öz müqəddəratını təyinetmə hüququnun tanınması” və digər şeylər oynayıb. İndi “erməni arzusu” Minsk Qrupunun reanimasiyası qarşısında minimuma qədər daralıb.
KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu “erməni diplomatik arzusu”nun reallaşma şansları barədə çox aydın danışıb.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında çıxış edən dövlət başçısı vurğulayıb ki, “Artıq Minsk Qrupuna ehtiyac yoxdur, biz Minsk Qrupu ilə vidalaşdıq”.
Sonra xəbərdarlıq edib: “Lakin təəssüf ki, erməni tərəfi və digərləri bu qrupu diriltmək istəyirlər. Demək istəyirəm ki, bu mümkün deyil. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu ilə bağlı istənilən spekulyasiya regionda sülhün bərqərar olmasına dağıdıcı təsir göstərəcək”.
Sözün düzü, Azərbaycanın təkcə Minsk Qrupu çərçivəsində danışıqlardan imtina etməsi bu qurumu siyasi yoxluğa (əgər 44 günlük müharibə başqasına bəs etmirsə) göndərmək üçün kifayətdir. Üstəlik, vasitəçilər arasında “razılıq yoxdur”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olarkən deyib: “Prinsipcə, biz Minsk Qrupunu müzakirə etmədik, çünki o, amerikalı və fransalı iştirakçıların təşəbbüsü ilə fəaliyyətini dayandırıb”.
Onlar da öz növbəsində öz versiyalarını təqdim edirlər: deyirlər ki, rusiyalı həmsədr amerikalı və fransız həmkarları ilə görüşə gəlməkdən imtina edib. Üstəlik, ABŞ bu yaxınlarda həmsədrini dəyişib və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu yaxınlarda bəyan edib ki, ABŞ Minsk Qrupu həmsədrləri çərçivəsində prosesi dəstəkləyir:
“Biz inanırıq ki, bu, xüsusilə Dağlıq Qarabağla (belə ifadə və subyekt artıq mövcud deyil) bağlı çox vacib formatdır və bizim sülhü təşviq etməyə çalışdığımız müxtəlif formatların olması son dərəcə vacibdir”.
Vaşinqtonun motivləri, bir daha qeyd edirik, izah olunandır. Minsk Qrupu ABŞ-ın təmsil olunduğu yeganə formatdır və onlar oyundan kənarda qalmaq istəmirlər.
İrəvanda isə on ildən artıqdır ki, özlərinə verdikləri şişirdilmiş “qiymətdən” əziyyət çəkirlər. Ancaq deyəsən, Nikol Vovayeviç yenə özünü aldadıb. Və hesablamayıb ki, onun üç stul arasındakı manevrləri gülünc vəziyyətə düşüb. İstər Rusiya, istər Avropa İttifaqı, istərsə də ABŞ-la flört etmək niyyəti Ermənistan hakimiyyətinin səriştəsizliyindən xəbər verir. Minval.az-ın şərhində deyilir ki, bu hakimiyyət məmnuniyyətlə özünü bəzi güc mərkəzlərinin digərlərinə qarşı siyasətinin aləti kimi təqdim edir, lakin bu rolu da sonadək oynaya bilmir.
Roman Göytürk,
KONKRET.az