İqtisadiyyat və Sülh İnstitutu (IEP) dünya ölkələrinin hərbi sənayelərində bir sıra tendensiyaları təsvir edən “Militarizasiyanın mövcud trendləri” adlı hesabat dərc edib.
KONKRET.az-ın “Amerikanın Səsi” nəşrinə istinadən xəbər verir ki, hesabat müəllifləri bildirirlər ki, əksər ölkələrdə silahlı qüvvələrin şəxsi heyəti azalıb. Əgər 1995-ci ildə dünyada hərbi qulluqçuların ümumi sayı 30 milyonu ötmüşdüsə, 2019-cu ildə bu rəqəm 28 milyondan az olub.
Bəzi ölkələrdə hər 100 min əhaliyə düşən hərbi qulluqçuların sayı ümumi fonda nəzərəçarpacaq dərəcədə fərqlənir. IEP-in məlumatına görə, bu göstərici üzrə rekordçu Eritreyadır. Bu kiçik Afrika ölkəsində əhalinin hər 100 min nəfərinə 5476 hərbi qulluqçu düşür.
KXDR, İsrail, Yunanıstan, Cənubi Koreya, Tayvan, Şri-Lanka, Livan və Ermənistanda bu göstərici yüksəkdir (hər 100 min nəfərə 1542 hərbi qulluqçu düşür). Ermənistanda bu rəqəm 2008-ci illə müqayisədə 100 min əhaliyə 21 hərbi qulluqçu artıb.
IEP iddia edir ki, Azərbaycanda hər 100 min əhaliyə 649 hərbi qulluqçu düşür (15 il ərzində bu, hər 100 min əhaliyə 138 hərbi qulluqçu azalıb). Gürcüstanda hər 100 min əhaliyə 551 hərbi qulluqçu düşür (hər 100 min əhaliyə 74 hərbi qulluqçu artıb).
Rəsmiyyə Şərifova,
KONKRET.az