Ermənistan vətəndaşlarının məhkəməsində Aprel döyüşləri ilə bağlı sənədlər elan olunubbackend

Ermənistan vətəndaşlarının məhkəməsində Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 26-da davam etdirilib.

KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasının əvvəlində sədrlik edən Z.Ağayev Azərbaycan və rus dillərində təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişin təqsirləndirilən şəxs David Babayana təqdim edilməsi üçün göstəriş verib və sənəd D.Babayana çatdırılıb (ötən prosesdə D.Babayan bu sənədin Azərbaycan və rus dillərində ona təqdim olunmasını xahiş etmişdi).

Daha sonra məhkəmə prosesi iş üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

Məhkəmədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun, habelə Əhməd Hüseynağa oğlu Abdullayevin (“İgidliyə görə” medalı ilə təltif edilib – red.), Fərid Güloğlan oğlu Əhmədovun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan olunub.

Bundan başqa, Pərviz Əlimahir oğlu Bayramovun öldürülməsi, Səxavət Məmməd oğlu Rəşidovun, Aqil Vahid oğlu İbrahimovun, Tural Ağabala oğlu Məmmədovun, Şamil Əlvan oğlu Əliyevin, Ruqiyyə Rüstəm qızı Əliyevanın xəsarət alması ilə bağlı sənədlər elan edilib.

Təqsirləndirilən şəxs Davit İşxanyan məhkəməyə müraciət edərək fasilə vaxtı öz vəkili ilə konfidensial qaydada görüşə icazə verilməsini xahiş edib. Sədrlik edən D.İşxanyanın vəsatətini təmin edib və ona fasilə vaxtı müdafiəçisi ilə konfidensial görüş keçirə biləcəyini deyib.

Ardınca cinayət işi üzrə digər sənədlər elan olunub.

Bundan başqa, Ağadadaş Şahkərəm oğlu Şahkərəmovun, Ruslan Qabil oğlu Ağayevin öldürülməsi, 2015-ci il iyulun 22-də N saylı hərbi hissənin hərbi qulluqçularının xəsarət almaları, Müşgünaz Əsgər qızı Əliyevanın, Mədinə Əsgər qızı Əhmədovanın və Zəhra Samir qızı Əliyevanın xəsarət almaları, Anar Yaşar oğlu Məmmədovun və Fuad Şaməddin oğlu Əhmədovun mina partlayışı nəticəsinə xəsarətlər almaları, habelə digər faktlar üzrə sənədlər elan olunub.

Daha sonra 2016-cı ilin aprel ayında baş vermiş hadisələrlə (Aprel döyüşləri – red.) bağlı sənədlərin bir hissəsi elan edilib. Elan olunan sənədlərdən biri N saylı hərbi hissənin hərbi qulluqçularının 2016-cı il aprelin 2-də Tərtər-Ağdam rayonları ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış atəşlə öldürülmələri və xəsarət yetirilmələri faktları ilə bağlı olub. Sənədə əsasən, Ermənistan silahlı qüvvələri Ağdərə, Tərtər-Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı və artilleriya silahlarından intensiv atəşə tutması nəticəsində ölənlər və xəsarət alanlar olub.

Sənədlərlə eyni vaxtda, habelə bir sıra fotoşəkillər nümayiş etdirilib.

Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*