“Avanes Kaçaznuni nəinki “Daşnaksütyun” kimi tanınan erməni hərbi terrorçu qruplaşmasının lideri oldu, hətta cəhdləri boşa çıxanda, “Müstəqil Ermənistan”ın ilk baş naziri oldu. Avanes Kaçaznuninin daşnakların 1923-cü ildə Buxarestdə keçirdikləri konqresə göndərdiyi mühüm hesabat var. Kaçaznuninin bu hesabatı “soyqırımı” iddialarını tamamilə rədd edir və ermənilərin Osmanlı İmperiyasını yıxa bilməməsini sənədləşdirir. Bu hesabatında o, Rusiya tərəfindən istismar edildikləri üçün kədərlənir və ermənilərin bundan sonra Rusiyanın əlində yaşayacaqları zülmkar həyatı dərk edir”.
ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) “12 ayda 12 müsahibə” layihəsinin bu dəfəki qonağı amerikalı müəllim, araşdırmaçı Bob Makkeydir.
KONKRET.az Teleqraf.com-a istinadən onun TASFO-nun əməkdaşı Əmrə Sərbəstlə müsahibəsini təqdim edir.
– Necə oldu ki, erməni məsələsini araşdırmağa başladınız və bununla bağlı fikirləriniz necədir?
– Birinci Dünya Müharibəsinin sonunda Türkiyədə mürəkkəb durum yaranmışdı. “Yaşıl Xaç” ölkə əhalisinin üçdə birinin müharibə, aclıq və ya xəstəlikdən öldüyünü təxmin edirdi. Köhnə hökumət (Osmanlı) yox idi, hər yerdə xaos hökm sürürdü. Ərzaq tədarükü zəncirləri qırılmışdı və ölkənin ticarət üçün valyutası belə yox idi. Avropa ölkələri isə Osmanlıdan qalanları dağıtmaq, özünə tabe etmək istəyirdilər. Bu sui-istifadə hallarının ən pis tərəfi o idi ki, bu ölkələr Osmanlı ərazilərini ələ keçirməyə və ya Osmanlı İmperiyasının ərəb bölgələrində edildiyi kimi, bölməyə çalışırdılar. Onlar neft çıxarmaq üçün nəzarət edə biləcəkləri coğrafi bölgələr yaratdılar. Fəal şəkildə özləri üçün qazanc yeri axtaran ölkələr arasında İngiltərə, Fransa, İtaliya, Yunanıstan, eyni zamanda, ermənilər və ruslar vardı. İngilislər Birinci Dünya Müharibəsindən sonra Osmanlı İmperiyasının cənub – ərəb bölgələrində yeni ölkələr, Suriya, İraq, İran, Livan, İordaniya və s. üçün süni sərhədlər yaratdılar. Bu gün Yaxın Şərqdəki mövcud münaqişələr və müharibələri qismən də bununla əlaqələndirmək olar.
Türkiyənin düşmənləri ölkəni mühasirəyə alaraq atəş, ölüm və dağıntı çəmbəri yaratmışdılar: Uinston Çörçilin Konstantinopolu (İstanbul) fəth etmək üçün Çanaqqala boğazına üzən donanması vardı. Levantda yerləşən fransızlar ölkənin cənub sahillərini atəşə tuturdular.
Ermənilər Osmanlı İmperiyası daxilində terrorçu Avanes Kaçaznuninin başçılığı ilə teleqraf xətlərini kəsir, körpüləri dağıdır, kəndlərə hücum edir və Rusiya ilə birlikdə ölkəni parçalamaq üçün hiyləgər planlar qururdular. Avanes Kaçaznuni və onun tabeliyində olan daşnak dəstəsi 800 ildən artıqdır ki, nə Səlcuqlar, nə də Osmanlı dövründə mövcud olan muxtar erməni dövləti yaratmağı vəd edən Rusiya ilə ittifaq qurmuşdu. Beləliklə, ermənilər bu cür cəsarətli vədlərlə şimali-şərqi Anadoluya – Osmanlı ərazilərinə hücum etmək üçün rus ordusuna fəal şəkildə qoşuldular.
Bütün ölkələr tərəfindən dövrünün ən böyük liderlərindən biri kimi xarakterizə edilən Mustafa Kamal Atatürk avropalı işğalçıların hücumlarının dəf edilməsində mühüm rol oynadı. O və türk xalqı toparlanıb ayağa qalxa bildi və işğalçı ölkələri məğlub etdilər, həm Anadolu yarımadasını, həm də Avropaya uzanan kiçik bölgəni (Trakiya) işğaldan azad etdilər. 1923-cü ildə Türkiyə Cümhuriyyəti olacaq bu ölkəyə zəmanət verən sülh müqavilələri bağladılar.
1923-cü ildən əvvəlki dövrdə akademiklər, maarifçilər və müəllimlər təkcə avropalıların yox, xüsusən də ermənilərin xəyanətinə az əhəmiyyət verirdilər. Ümumi olaraq, deyilənlər ondan ibarətdir ki, türklərin Osmanlı ermənilərini haqsız yerə öldürmək və kütləvi şəkildə qırmaq kimi “hökumət siyasəti” olub. Bu gün ermənilər siyasi lobbiçiliklə “Osmanlının ermənilərə qarşı soyqırım siyasəti”ni daha yüksək səslə dünyaya çatdırmağa çalışırlar. Bu qondarma soyqırım tərəfdarları heç vaxt məhkəmələrdə öz iddialarını isbat edə bilməyiblər, çünki sübutları yoxdur. Bu təkəbbürlü erməni iddialarını birbaşa dəstəkləyən fakt olsaydı, şəxsən mən bunları dilə gətirməzdim.
Belə bir siyasət olsaydı, İkinci Dünya Müharibəsi Almaniyasında olduğu kimi, gettolar və konslagerlər olmalıydı, yəni, hökumətin hərbi qüvvələrinin erməniləri edam etmək üçün kütləvi toplama düşərgələri olmalı idi. Belə bir siyasət həyata keçirilsəydi, erməni tələbə qrupları və onların ailələrini bir-birinə bağlayan bir şəbəkə olduğu üçün ABCFM (Amerika Xarici Nümayəndələr Komissarları Şurası – ilk Amerika xristian missioner təşkilatlarından biri – red.) məktəbləri hədəf olmalıydı. Bildiyim qədər heç bir ABCFM məktəbi erməniləri tutub öldürmək üçün “toplama məntəqəsi” kimi istifadə olunmayıb.
Birinci Dünya Müharibəsi türklərə baha başa gəldi. Ölkə yox olmağın astanasına çatmışdı. Bəli, ölkə viran qalarkən, Tarsus, Adana və Mərsində Osmanlının hərbi varlığı mövcud idi. Döyüşməyənlər qaçqın düşürdülər, minlərlə erməni qaçqını TAC-ın (Tarsus Amerika Kolleci) güclü divarları arxasında onları dəstəkləyən missonerlərə sığındı. Bunu nəzərə alsaq, Osmanlı əsgərləri üçün TAC-da toplanmış erməniləri öldürmək kifayət qədər asan olmalıydı. Elədirsə, bir gündə TAC-da toplanmış minlərlə ermənini ələ keçirmək asan olduğu halda, niyə “soyqırımı qatilləri” erməniləri bir-bir tapmaqla vaxt itirdilər?
Yaxşı xəbər budur ki, Osmanlı əsgərləri heç vaxt TAC şəhərciyinə girməyib və erməni qaçqınlarını öldürməyiblər. Osmanlı nədənsə ləyaqətli davranıb, əksinə, yoxsul ermənilərə yemək verib. Dövrün erməni sənədləri də sübut edir ki, Osmanlı ermənilərə xeyirxah davranıb, onlara qarşı heç bir etnik təmizləmə siyasəti aparmayıb.
İzmir Qızlar Məktəbində bir şagirdin valideynlərinə göndərdiyi məktubda bəzi erməni iş adamlarının Avanes Kaçaznuninin terror fəaliyyətinə dəstək vermədiyi bildirilir. Amma onlar terrorizmə pul yatırmasaydılar, iş yerləri partladıla bilərdi.
Əlbəttə, heç kim insanların çəkdikləri əzablara sevinməz. Bununla belə, “soyqırımı” iddiaları hər hansı bir oxucunun ilk baxışdan təsəvvür etdiyindən daha məkrli və önəmli ola bilər.
Məlumdur ki, Rusiya Türkiyə və Gürcüstan arasında (tarixi Azərbaycan torpaqlarında – red.) ermənilərə yer ayırmışdı. Təxminən 7 milyona yaxın erməni ciddi KQB nəzarəti və idarəçiliyi altında yaşayıb. Rusiyanın sərtliyi və yoxsulluğu heç də onlar üçün xoş deyildi. Son illərdə əhalinin təxminən yarısı Ermənistanı tərk edib. Çoxu Türkiyəyə qaçıb. Bu gün Ermənistan Konnektikut ştatı boydadır.
Ermənistanın yanında onun qonşusu, neftlə zəngin Azərbaycan var. Rusiyanın dəstəyi olmadan Ermənistanın Azərbaycana hücum etməsi mümkün deyildi. Azərbaycan bu yaxınlarda Ermənistanın işğal etdiyi ərazilərinin böyük hissəsini hərbi əməliyyatlarla geri alıb.
Çox da uzaq olmayan Ukrayna bu gün Rusiya ordusu tərəfindən işğal edilir.
Bir neçə il əvvəl Rusiya Tiflisə hücum edərək, Gürcüstanı silkələdi. Bəzən sözlər atılan addımlarla müqayisə ediləndə mənasız olur. Amma 1923-cü ildə heç bir söz deyilməsə də, indi sual vermək lazımdır ki, 2022-ci ildə “soyqırımı” iddiasını dilə gətirmək kimə xeyir verəcək?
– Diaspor ermənilərinin “soyqırımı” mifini qəbul etmiş oxuculara nə demək istərdiniz?
– Mən istəyirəm ki, sözlərim “erməni soyqırımı” anlayışını qəbul edən hər kəsə xəbərdarlıq olsun. Təhdid deyil, amma sözlərim Rusiyanın regionda sənədləşdirilmiş keçmiş və indiki fəaliyyətləri üzərində düşünmək üçün bir xəbərdarlıq olsun. ABŞ-dan fərqli olaraq, Rusiya qonşularının torpaqlarına göz dikən ölkədir.
Qanuni soyqırımı ittihamı Türkiyə sərhədlərini təhdid edə, təzminatı gündəmə gətirə və müttəfiqlərini ondan uzaqlaşdıra bilər. Bu cür yalan iddialar ittifaqları təhdid edə, iğtişaşlar və sabitliyi pozan digər hadisələr yarada bilən siyasi silahlardır. Təsəvvür edin ki, Qərb dövlətlərinin bu iddialara görə Türkiyəni aşağılamaq cəhdləri hansı nəticələrə gətirib çıxara bilər. Yaxın Şərqin strateji kəsişməsində yerləşən NATO ittifaqının iqtisadi cəhətdən zəifləməsini düşünün. Hesab edirəm ki, “soyqırımı” iddiası bir növ Türkiyə və NATO-nu zəiflətmək cəhdidir və Rusiyanın siyasi güc əldə etməsi vəyaxud okeanlara çıxışı üçün bir növ alət kimi istifadə olunur.
Üstəlik, ermənilərin öz diskurslarına əsaslanaraq belə qənaətə gəlirəm ki, Ermənistan keçmişdə də indi olduğu kimi Rusiyanın piyadası olub. Nə erməni soyqırımı olub, nə də erməniləri məhv etməyə yönəlmiş Osmanlının soyqırımı siyasəti. Sadəcə olaraq, ermənilər ən azı 800 ildir mövcud olmamış “vətən” əldə etmək ümidi ilə Rusiyanın piyadası kimi terroru qızışdırdılar.
Gənc müəllimlik illərimdən 85 yaşına gəlib çatdım, Türkiyə Cümhuriyyəti 100 yaşına yaxınlaşır. TAC-la olan əlaqələrimə görə “erməni soyqırımı” ilə bağlı beynəlxalq konfranslarda iştirak etmişəm və böyük bir kitabxana yaratmışam. Dəfələrlə müşahidə etmişəm ki, elm adamları və siyasətçilər (sonuncular adətən səs üçün) öz məqsədləri üçün “soyqırımı oyunu”na girirlər. Ola bilsin ki, elm adamları bir nöqteyi-nəzər yaratmaq və ya qrant qazanmaq üçün bu yalana əl atırlar. Bəzi hallarda onların sözləri həqiqəti axtarmağa kömək edə bilər. Amma dediyim kimi, ermənilərin iddiaları və onların ağızlarından danışanlar Osmanlını tamamilə təmizə çıxarır.
Avanes Kaçaznuni nəinki “Daşnaksütyun” kimi tanınan erməni hərbi terrorçu qruplaşmasının lideri oldu, hətta cəhdləri boşa çıxanda, “Müstəqil Ermənistan”ın ilk baş naziri oldu. Avanes Kaçaznuninin daşnakların 1923-cü ildə Buxarestdə keçirdikləri konqresə göndərdiyi mühüm hesabat var. Kaçaznuninin bu hesabatı “soyqırımı” iddialarını tamamilə rədd edir və ermənilərin Osmanlı İmperiyasını yıxa bilməməsini sənədləşdirir. Bu hesabatında o, Rusiya tərəfindən istismar edildikləri üçün kədərlənir və ermənilərin bundan sonra Rusiyanın əlində yaşayacaqları zülmkar həyatı dərk edir. Avanes Kaçaznuninin bu hesabatı həmin saxta soyqırımı iddiasının üstündən xətt çəkir. Bunları görmək üçün Avanes Kaçaznuninin bu hesabatını araşdıra bilərsiniz.
Həmin hesabat 1923-cü ildə Daşnak Partiyasının qurultayına təqdim edilib və soyqırımla bağlı bütün müzakirələrdən üstün ola bilər. İndi türk və ingilis dillərində nəşr olunan bu kiçik erməni hesabatı ermənilərin siyasi iddialarına o qədər zərər vurdu ki, ermənilər Kaçaznuninin hesabatının bütün nüsxələrini toplayıb məhv etməyə başladılar. Bu hesabat Ermənistanda qadağan edilib. Qalan bir neçə nüsxədən biri Moskvada Lenin adına kitabxanada tapılıb.
Ermənilərin əsassız iddialarını təkzib edən digər sənədlər isə bunlardır:
1. Admiral Bristol. Birinci Dünya Müharibəsi zamanı Aralıq dənizindəki 6-cı Donanmaya komandanlıq edib. 6-cı Donanmanın vaxtının çox hissəsi qaçqınların təhlükəsiz yerləşdirilməsinə sərf olunub. Həmçinin, admiral Bristol ABŞ-ın yeni Türkiyə Cümhuriyyətində ilk səfiri təyin edilib.
2. Ermənilərin təkidi ilə Osmanlı zabitlərini “müharibə cinayətləri”nə görə məhkum etmək üçün ingilis məhkəməsi (Maltada) qurulmuşdu. Amma həbs edilənlərin heç biri təqsirli bilinməyib.
3. İkinci dərəcəli dəniz piyadası Artur Pfeyferin qeydləri. Artur Pfeyfer həyat yoldaşım Lorrinin atasıdır. O, 1918-ci ildə azyaşlı olmasına baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələrinə qatılıb. 6-cı Donanmanın “U.S.S Whipple” esminesində xidmət edib. Hər diviziyanın 6 gəmisi var idi və o, 4 nəfərlik topçu heyətində yer alıb. Onun gəmisinin dayanacağı liman Konstantinopol idi.
Məktublarının birində o yazır: “Bolşeviklər limanı ələ keçirsəydilər, gəmimiz bizə teleqraf göndərərdi və biz o limana gedib qaçqınları Rusiyadan çıxarardıq. Gəminin müşahidə qeydlərinə görə, 1920-ci ildə 110 000 rus Qara dənizdə batarkən xilas edilib. İçində araqdan başqa heç nə olmayan 400 nəfərlik barjanı xilas etdik. Səyahətlərimiz bizi Samsuna, Trabzona, Batumiyə, Sevastopola apardı. Lazımi sənədləri olmayan bir qaçqını qaçaq yolla boya şkafında İstanbula gətirdim. Yunanların Türkiyədən çıxarılmasında 6-cı Donanmadan da istifadə edilib. “Edsel” adlı gəmilərdən biri “Aristotel Onassis”i evakuasiya etdi. Beytrutda çox vaxt keçirdik. Admiralın gəmisi “Scorpion” idi. Bir çox limanda qaldıq, ümumən, vaxtımızın bir hissəsini barlarda yerli qadınlarla əylənərək keçirdik”.
Nəzərə alın ki, qayınatamla dəfələrlə danışmışam. O, 6-cı Donanmanın işində, qaçqınların daşınması və təhlükəsizliyində bilavasitə iştirak edib və bu haqda məlumatlı olub, bunu onun qeydləri də sübut edir. Sahilə çıxmaqdan, əylənməkdən, insanlarla görüşməkdən heç vaxt çəkinmədiyini də bizə danışıb. O, bütün yazılarında bir dəfə də olsun soyqırımdan, erməni qırğınından bəhs etməyib. Artur Pfeyfer, belə ağrılı qətllər olsaydı, soyqırımı haqqında çox açıq danışacaq qədər dürüst insan idi. O, türkləri sevirdi və donanmanın Konstantinopola getdiyini biləndə yenidən qeydiyyatdan keçmək istəmişdi. Yalnız anasının evə qayıtmaq xahişi onu donanmanı tərk etməyə sövq etdi.
4. Burada sadalanmayacaq qədər çox olan digər bir çox amerikalının fadələri.
Xristianların tibb və təhsil müəssisələri iki yüz ildən artıq Osmanlı torpaqlarının, Anadolunun bir hissəsi olub. Mənim içində olduğum qurum ətrafdakı siyasi-ictimai hadisələr dəyişdikcə böyüdü və dəyişdi.
Birinci Dünya Müharibəsi illərində çox sayda erməni Rusiya Ermənistanına getmiş, Osmanlı İmperiyasının cənub bölgəsinə qaçmış və ya məskunlaşmış və ya başqa ölkələrə köçmüşdü. ABŞ-ın icma kilsələri Amerikaya köçən ermənilərə dəstək verdi. Çörçil kimi insanlar Mustafa Kamalın liderlik keyfiyyətlərindən ağız dolusu danışsalar və “National Geographic” kimi nəşrlər birinci səhifələrində onun adını çəksələr də, digər xarici ölkələrdə ermənilərin türk xalqına vurduğu zərərdən az danışılırdı.
Nəticədə və Türkiyə hökumətinin tələb etdiyi təhsil tapşırıqlarına bağlı olan ABCFM-nin icma məktəbləri yerli ermənilərin böyük hissəsi ilə sıx əlaqələr qurmaqdan qaça bilmədi. Təbii ki, ermənilərin yaşadıqları “müharibə faciələri” Amerikanın hər yerində kilsələr vasitəsilə amerikalılara danışıldı və bunlar sonda məktəb proqramlarına da daxil edildi.
1923-cü ildə ermənilər Amerikada öz “tarixlərindən” danışarkən, keçmiş osmanlılar öz ölkələrində yaşayırdılar. Onlar köhnə hökuməti sürgün edib yeni və müasir Türkiyə Cümhuriyyətini qururdular. Müharibə ölkənin enerjisini tükətmişdi, keçmiş hadisələr haqqında danışmağa nə vaxt, nə də yer vardı. Tarixin Osmanlı tərəfi keçmişdə qalıb və bu gün adi insanlar üçün az maraq doğurur. Yeni nəsillər öz problemlərinin olduğunu düşünürlər və yeni imkanlar axtarışlarına davam edirlər. Onların axtarışlarını keçmişin formalaşdırdığını bilmirlər.
– Müsahibəmizin sonunda erməni məsələsi ilə bağlı gəldiyiniz qənaəti bizə açıqlaya bilərsinizmi?
– ABCFM-TAC mühitində illər keçirmişik. Üç övladımız Türkiyədə doğulub. ABCFM-TAC məktəbində olarkən Ermənistan və ABCFM məktəblərinin qarşılıqlı əlaqələrini öyrənməyə və araşdırmağa başladıq.
Şəxsən mənim gəldiyim nəticələr bunlardır:
1. Ermənilərin “soyqırımı” iddiaları yalandır.
2. Ermənilərin “soyqırımı” iddialarının dəstəklənməsi Amerika və NATO-nun təhlükəsizliyini təhdid edir.
3. “Erməni soyqırımı”nı ABŞ-ın 6-cı Donanmasının qaçqınların yerləşdirilməsi missiyasında iştirak edən qayınatam görməyib.
4. Ermənilərin “soyqırımı” iddiaları sonradan ermənilərin birinci baş naziri olmuş və onların baş terrorçusu Avanes Kaçaznuni tərəfindən dəstəklənməyib.
5. Osmanlı hakimiyyəti altında olan ölkələri tərk edən ermənilər birtərəfli müharibə uydurmaları yaymaq üçün Amerikanın mərkəzinə gəldilər. Osmanlı İmperiyasını yıxmaq üçün törətdikləri terror fəaliyyətlərini xatırlatmaqdan çəkindilər.
6. ABCFM məktəbində (TAC) təlimçi olaraq mən və Lorri həyatımızı əbədi zənginləşdirən dünya tarixinə unikal baxış istiqaməti qazandıq.