Ermənistan parlamenti bazar ertəsi növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə çağırılması sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.
KONKRET.az xəbər verir ki, qanun layihəsinin qəbul edilməsinə 107 deputatdan 64-ü səs verib.
Layihəni təqdim edən Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, 18-27 yaşlı qadınlar hər il martın 1-dən və oktyabrın 1-dək altı aylıq xidmət üçün müraciət edə bilərlər.
“Xidmət müddəti bitdikdən sonra qadınlar 5 illik müqavilə əsasında xidmət keçə biləcəklər” – deyə Papikyan əlavə edib.
Müdafiə naziri bir müddət əvvəl bildirmişdi ki, qanunun qəbulundan sonra tətbiqi artıq qış çağırışı zamanı nəzərdə tutulub.
Qeyd edək ki, əvvəllər Ermənistan Silahlı Qüvvələrində qadınlar yalnız müqavilə əsasında xidmət edirdilər.
Günel Mikayılova,
KONKRET.az