İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar əslində dünyada şok effekti yaratmalı idi. Belə ki, ermənilərin bəşəri cinayətlərini özündə əks etdirən bu cinayətlərə qarşı ciddi sanksiyalar tətbiq edilməli idi. Həmin materiallar bir daha onu sübut edir ki, Suriya vətəndaşları Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşdırmaya cəlb edilib.
Məlum olduğu kimi, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.
Qeyd olunan istiqamətdə Azərbaycan tərəfi əməliyyat-axtarış tədbirlərini həyata keçirir. Bəs belə olan təqdirdə beynəlxalq ictimaiyyət bu kimi faktlara necə münasibət bəsləyəcək?
Bununla bağlı KONKRET.az-a danışan Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın sentyabrın 27-dən başladığı əks-hücum həmləsi işğal altında olan torpaqlarımızı azad etməklə yanaşı, bir çox faktları da ortaya çıxarıb: “Ermənistanın beynəlxalq hüquqa və Cenevrə konvesiyalara zidd olaraq işğal olunmuş torpaqlarımızda qanunsuz məskunlaşdırma siyasəti həyata keçirməsi sübutlarla ortaya çıxdı. Məhz Zəngilan şəhərində və digər işğal olunmuş ərazilərimizə Suriyadan köçürdüyü erməni əsilli vətəndaşların sənədlərinin ortaya çıxması Azərbaycanın qanunsuz yerləşdirmə ilə bağlı sübutların əldə etməsinə gətirib çıxardı. Hesab edirəm ki, Suriyadan köçürülən həmin erməni əsilli vətəndaşların terrorçu olması da istisna deyil.
Düşünürəm ki, bununla bağlı Azərbaycan beynəlxalq təşkilatlara müraciət etməli, Ermənistanın işğal edilmiş ərazilərimizdə apardığı qanunsuz məskunlaşdırma siyasəti, həmçinin Yaxın Şərqdən terrora dəstək məqsədi ilə terrorçuların gətirilməsi məsələsini qaldırmalıdır.
İşğal olunmuş torpaqlarımıza Suriyadan gətirilən ermənilər əsasən terrorçulardır. Ermənistan işğal olunmuş ərazilərimizdə terror fəaliyyəti ilə məşğul olublar. Bu cür xüsusi sənədlərin Ermənistan Təhlükəsizlik Xidmətində olması köçürülən şəxslərin terrorçu olduğunu bir daha sübut edir. Çünki sadə vətəndaşlar köçürülsəydi, Ermənistan Təhlükəsizlik Xidmətində belə sənədlər olmazdı. Görünür, bu şəxslər muzdlu döyüşçülər olduğuna görə Ermənistan Təhlükəsizlik Xidməti tərəfindən kurasiya edilir. Ələ keçirilmiş sənədlər bir daha Ermənistanın Azərbaycanın muzdlu döyüşçülərdən istifadə etməsi ilə bağlı irəli sürdüyü iddianın böhtan və yalan olduğunu sübut etdi.
Azərbaycan Zəngilanda ələ keçirdiyi sənədləri bütün beynəlxalq təşkilatlara və ATƏT-in Minsk Qrupunun üzvlərinə təqdim etməlidir. Ermənistan daim Azərbaycanın Suriyadan döyüşçü gətirdiyini qeyd edir. Amma ələ keçirilən sənədlər əslində Ermənistanın bu işlə məşğul olduğunu bir daha tədiq etdi”.
Nərgiz Mirzəyeva,
KONKRET.az