Ermənistanı Kapitoliyə edilən hücumla nə bağlayır? – Strokanın şərhibackend

Ermənistanı Kapitoliyə edilən hücumla nə bağlayır? - Strokanın şərhi

Yanvar ayının ilk ongünlüyündə dünyanın batdığı Milad və Yeni il sakitliyi Amerikadakı hadisələr nəticəsində partladı. Yeni seçilmiş prezident Co Baydenin qələbəsinin təsdiqini Amerika demokratiyasının məbədinə – ABŞ Konqresinə girən qəzəbli bir dəstə mane oldu. Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin kabinetində bir əsrdən çoxdur qorunub saxlanan qənimətlərin üzərinə “Medianı öldür” ifadəsi yazıldı. Və ABŞ dünya miqyasında gülüş obyektinə çevrildi.

Amerika Konqresindəki dram dünyada demokratiyanın əsasları, iğtişaşlar, çevriliş cəhdləri, rəngli inqilablar və konstitusiyaya zidd olan iqtidar dəyişməsinin digər üsulları haqqında qızğın bir müzakirəyə səbəb oldu. Müxtəlif illərdə Qafqaz da daxil olmaqla bir çox ölkələrdə və bölgələrdə belə qanundankənar hadisələr olmuşdu. Amerika dramının ən yaxın analoqu 1999-cu ildə Ermənistan parlamentinə baş vermişdi.

Amerika on illər idi ki, ABŞ Konqresində baş verənlərə müəyyən ölkələrdə və bölgələrdə baş verən hadisələr kimi reaksiya verməyə öyrənmişdi. Di gəl ki, Vaşinqtonun Kapitoli Təpəsində ildən-ilə bütün dünyaya ağıl öyrətməyə, arzu olunmayanları cəzalandırmağa, tarixin hökmünü idarə etməyə cəhdlər göstərildi. “Erməni soyqırımı”, Türkiyə və İrana qarşı sanksiyalar mövzusu daima Bakıda əks-səda doğurdu. Vaşinqtondan demokratiyanın gücləndirilməsi, insan hüquqlarına hörmət və mətbuat azadlığına dair mühazirələri Bakı dinlədi. ABŞ Dövlət Departamenti Konqresdən dünyada demokratiyanın vəziyyətinə dair hesabatlarında davamlı şəkildə Azərbaycanda sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması, etiraz aksiyalarının yatırılması və iştirakçılarının həbs edilməsi ilə bağlı eyni tezisləri təkrarlamaqdan geri qalmadı.

İndi isə dünya demokratiyadan, sərbəst toplaşmaq və söz azadlığından dəm vuran amerikalıların sərbəst toplaşma və etiraz aksiyalarına qanlı münasibətini gördü, şahid oldu.  Prezident Donald Trampın çağırışı ilə qanuni çərçivədən kənara çıxan, hakimiyyətdə nəyin bahasına olursa-olsun qalmağa çalışan ABŞ əsl üzünü göstərdi. Yeni Amerika inancının tərəfdarları müxtəlif ştatlardan paytaxtda toplaşanaraq Kapitoliyə hücum etdi. Hücumun qarşısı isə silahlı yolla alındı.

Kimsə Kapitolidə ABŞ-ın vitse-prezidenti Mayk Pensin patronu Donaldın narazı qaldığı prezident seçkilərinin nəticələrinə meydan oxuyacağını ağlına gətirə bilərdimi? Başında buynuzu olan bir adamın rəhbərlik etdiyi qəzəbli sərxoş, quldur dəstə üzlərini Amerika bayrağının rəngləri, divarları isə rəngli yazılarla boyadı: “Medianı öldürün”

Bu, həqiqətənmi görmək istədiyimiz demokratiya növüdür. Bütün dünyaya və postsovet məkanına – Ukrayna, Belarus, Rusiya və Azərbaycana belə demokratiya lazımdırmi?

Əvvəlcə sadəcə Vaşinqtonda mitinq keçirib, sonra Co Baydenin ABŞ-ın qanuni olaraq seçilmiş Prezidenti kimi təsdiqlənməsi barədə səsverməni pozaraq təməlləri silkələməyə qərar verdilər. İnsanların fiziki gücünün demokratiyadan güclü olduğunu göstərməyə çalışdılar. Qalstuklu insanlar “demokratik yolla” seçilmiş hökumət olsa da, xalqın nifrət etdiyi bir elitadir. Çürümüş, xəstə təxayüllü bu insanlar xalqın istəklərini və dərdlərini anlaya bilməyən varlıqlardır.

Nəticə nə oldu? Konqres dağıdıldı, bir neçə insan öldü və özünü dünyada demokratiyanın beşiyi sayan ABŞ-ın nüfuzu böyük zərbə aldı.

Pandemiya səbəbilə sərhədlərini bağlayan Amerika davamlı şəkildə digər ölkərlə bağlı xəbərdarlıq edirdi: o, ölkəyə getməyin, orda xəstəlik var, filan ölkəyə getməyin, orda insan haqları pozulur. Və ilaxır və sair…

Gördüyümüz kimi, rəngli inqilab bumeranqı ABŞ-a qayıdır. İndi ABŞ, şübhəsiz ki, digər ölkələrə seçki standartları tətbiq edə bilməz və dünyanın “demokratiyanın işığı” olduğunu iddia edə bilməz. Rusiyanı da İran, Türkiyə, Azərbaycan və bir çox digər ölkələr kimi sistematik şəkildə demokratiya prinsiplərindən kənarlaşmaqda günahlandıran Vaşinqton bu gün özü dilemma qarşısında qalıb. Əlavə edirik ki, Vaşinqtonda baş verən bu dəlilik bir gecədə Amerikanın paytaxtında on illər boyu digər ölkələrə qarşı yığılan bütün iddialara son verdi.

Amma yox. Bir müddətdən sonra bu qarışıqlığın tozu sovuşacaq, iğtişaşçılar cəzalandırılacaq və ABŞ Konqresi heç bir şey olmamış kimi yeni demokrat prezident Co Baydenin rəhbərliyi altında yenidən toparlanacaq və qanunları, qətnamələri və hüquq sənədlərini möhürləməyə başlayacaq. Ancaq onlar sivilizasiyanın üzünə necə baxacaq. Məşhur Amerika ikili standartlarının əsasını təşkil edən “Yupiterə verilən icazə öküzə icazə verilmir” prinsipi nəhayət mənasını itirir.

Bu gün bütün dünyadakı müşahidəçilər Amerika demokratiyasının xəstəliyi barədə bir səslə – bəziləri sevinclə, bəziləri acı ilə danışanda Avropa Parlamentinin vitse-prezidenti Haydi Hautala ABŞ-dakı qarışıqlığı 1999-cu ildəki Ermənistandakı hadisələrlə müqayisə edərək gözlənilməz bir açıqlama verdi. “Hekayə dəhşətlidir, çünki 1999-cu ildə Ermənistanda terrorçular parlamentə hücum etdilər, baş naziri, spikeri və başqa bir neçə nəfəri öldürdülər və bir çoxunu girov götürdülər”, – deyə Avropa Parlamentinin vitse-prezidenti Twitter hesabında yazdı.

Məşhur avropalı siyasətçi Haydi Hautalanın iyirmi il əvvəl Yerevanda baş verənlərlə bu həftə Vaşinqtonda baş verənləri müqayisə etməsi məni xeyli təəccübləndirdi. Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin iclası zamanı salona silahlı insanlar dolmuş, deputatlardan mobil telefonlarını söndürmək və yerə uzanmaq tələb olunmuşdu. Bununla da təcavüzkarlar ölkədə çevriliş etmişdilər. Onların lideri Nairi Unanyan Baş nazir Vazgen Sarkisyana yaxınlaşıb onun üstünə bağırmışdı: “Qanımızı içməyin”. Baş nazirin “Hər şey sizin və övladlarınızın gələcəyi naminə edilir” cavabını eşidən Nairi Unanyan atəş açmışdı.

Terror hücumunun bütün əlamətlərinə sahib olan bu hadisənin qurbanlarının siyahısı uzun olmuşdu.  Bu siyahıya ölkənin ali rəhbərliyinin nümayəndələri də daxil idi. Baş nazir Vazgen Sarkisyan, parlament sədri Karen Dəmirçyan, sədr müavinləri Yuri Baxşyan və Ruben Miroyan, əməliyyat naziri Leonard Petrosyan, millət vəkili Armen Armenakyan və Ermənistan Milli Elmlər Akademiyasının akademiki Mikael Kotanyan yerindəcə öldürülmüşdü.

Həmin hücum zamanı özünü xalq hakimiyyətinin nümayəndəsi elan edən Nairi Unanyan Sovet Ermənistanındakı tələbə hərəkatının fəallarından biri idi. Mitinq və nümayişlərdə iştirak edərək o, Qarabağ üçün müstəqillik tələb edirdi. Onları ömürlük həbs cəzasına məhkum edən məhkəmə prosesində Nairi Unanyan və tərəfdarları son sözlərində hərəkətləri ilə Baş Naziri istefaya məcbur etmək və beləliklə ölkəni dağılmaqdan xilas etmək istədiklərini bildirərək günahsız olduqlarını söyləmişdilər.

Donald Trampın tərəfdarlarının ölkəni dağılmaqdan xilas etməyə çağırması, bundan sonra Kapitoliyə basqın etməsi bu baxımdan diqqət çəkir.  Bu oxşarlıq sizcə təsadüfdür, yoxsa zərurət?

Sergey Strokan, “Moskva- Baku,ru”, 10 yanvar 2021.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*