Ermənistanın 2-ci kapitulyasiyası – dəfn edilən son ümidlər, işsiz qalan həmsədrlər – ANALİZbackend

Ermənistanın 2-ci kapitulyasiyası - dəfn edilən son ümidlər, işsiz qalan həmsədrlər - ANALİZ

İrəvanın hamını bezdirən ambisiyalarını daha heç kim ciddi qəbul eləmir, hətta Qərbdəki “ən sadiq” dostlar”ı da; separatçıların tərk-silahı üçün konkret “yol xəritəsi” təklif edildi…

KONKRET.az xəbər verir ki, 2-ci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətə tuş gələn Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını irəli aparmaq, “status” məsələsini beynəlxalq gündəmdə saxlamaq üçün ümid bəslədiyi sonuncu ünvan – Avropa Birliyi (AB) də bölgədəki yeni reallıqla hesablaşmağa başlayıb. Artıq rəsmi Brüssel məhz Bakının gündəliyini qəbul etməkdədir. Çünki regiona arxa qapıdan deyil, normal yolla daxil olub orada uzun müddətə mövcud olmanın əsas şərtinin Türkiyə ilə güclü tandem yaratmış Azərbaycanla anlaşma içində olmağa bağlı olduğunu AB də anlayıb.

Keçən həftə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş bunun mühüm xəbərçisi sayıla bilər. Məlum olduğu kimi, görüşlə bağlı yayılan birgə bəyanatda nə ATƏT-in üzdəniraq Minsk Qrupunun (MQ) adı çəkilib, nə də ona hansısa istinad var. Sənəddə “Dağlıq Qarabağ konflikti” ifadəsi, ümumiyyətlə Qarabağ sözü yoxdur. MQ-nin, “Dağlıq Qarabağ”ın adını yalnız bir nəfər çəkib – Nikol Paşinyan.

Lakin onun sözlərini, daha dəqiqi, Azərbaycanla sülh müqaviləsini yenə Qarabağ şərti ilə əlaqələndirməsini, üstəlik, bu prosesə MQ-ni qoşmaq çağırışını heç kim ciddiyə almayıb. Bununla İrəvana bir daha anladılıb ki, Azərbaycanla sülh sazişini, sərhədlərin dəqiqləşdirilməsini aparıb “Qarabağ məsələsi”nə bağlamaqla vaxtı süni şəkildə uzatmaq mənasızdır.

Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq... -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Demək, faktiki təklənmiş durumda olan Ermənistan konstruktiv mövqe tutmaq zorundadır. Ən əsası, bu, hələ də blokada rejimində inildəyən kapitulyant ölkənin özünə lazımdır. Çünki İrəvanın hamını bezdirən ambisiyalarını artıq heç kim ciddi qəbul eləmir, hətta Avropadakı “ən sadiq dostlar”a belə, bu iddialar mane olmağa başlayıb. Nədən ki, masa üzərindəki gündəm Bakıya məxsusdur və onu İrəvan dəyişmək gücündə deyil. Qatar gedib.

Bunu ötən həftə videoformatda keçirilən görüşlə eyni gündə – fevralın 4-də Avropa Birliyinin Azərbaycana 2 milyarda avro maliyyə paketi ayırmaq barədə açıqladığı qərar başqa yandan təsdiqləyir. Özü də həmin qərarı Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı, Bakıda bəyan edib.

Ölkəmizin Avropa üçün artan energetik önəmi isə ermənilərin son ümidlərinə vurulan növbəti zərbə sayıla bilər. Artıq Avropa, Qərb, o sırada ermənipərəst Fransa dərk edir ki, regionun açar ölkəsi Azərbaycandır və uzun müddət belə qalacaq. Odur ki, heç bir inkişaf perspektivi olmayan, özünün başından yekə iddiaları ilə əl-ayağa dolaşan Ermənistana vaxt itiməkdənsə, yalnız qalib ölkə ilə dil tapıb əməkdaşlıq və anlaşma içində olmaq Avropanın maraqlarını təmin edə bilər.

Bu, Ermənistanın 2-ci kapitulyasiyasıdır – beynəlxalq müstəvidə, diplomatiya və informasiya savaşında kapitulyasiya. Aydındır ki, Azərbaycanın 44 günlük Vətən savaşındakı möhtəşəm zəfərindən keçən zaman kəsiyi böyüdükcə yeni status-kvo bir az da daşlaşacaq. Qalır bu reallığı İrəvan rəsmilərinin ciddiyə alması.

Ermənistan rəhbərliyi bundan ötrü ilk növbədə Minsk Qrupunu israrla reanimasiya eləmək cəhdinə son qoymalı, bu qurumun daha siyasi yox, iki ölkə arasında yalnız humanitar xarakterli (barışıq, etimad mühiti, minalar və s.) işlərlə məşğul ola biləcəyini qəbul eləməlidir…

*****

“Minsk Qrupu heç nə edə bilmədi və uğursuzluğa düçar oldu. Buna görə də indi özünə başqa yer, başqa imkan tapmalıdır”.

Bu sözləri tanınmış rusiyalı politoloq Sergey Markov bildirib.

İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi müharibə cinayətlərinin  təhlili - LAWELS

Onun fikrincə, Azərbaycan, Fransa, Ermənistan liderləri və Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin videoformatda görüşü Azərbaycan Prezidenti İlham Əliyevin həm də AB-yə hörmətinin təzahürüdür: “Təbii ki, onlar (MQ həmsədrləri – red.) ciddi uğursuzluğa düçar oldular. Fransa uzun illər sülh yolu ilə həll prosesini pozurdu, lakin Azərbaycan mübahisə etmək istəmir, ona şans və imkan vermək qərarına gəlib”.

Markov da videoformatda keçirilən görüşün nəticələrinə dair bəyanatda “Qarabağ münaqişəsi” və ya MQ haqqında bir kəlmə belə olmamasını mühüm hesab edir. “Həmsədrlər əsas diqqəti indi nəqliyyat əlaqələrinin bərpasına, yaxud sərhədlərin demarkasiya və delimitasiyasına yönəldə bilərlər. Bu mövzularda Fransa Ermənistana təzyiq etməlidir”, – deyə rusiyalı ekspert əlavə edib.

*****

Digər rusiyalı tanınmış analitik İror Korotçenko da o qənaətdədir ki, artıq MQ özünü tükədib və emənipərəst Fransanın da daxil olduğu bu qurumun təzə qərarlarına ehtiyac var.  

“Minsk Qrupu Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycanın siyasi-hüquqi məkanına inteqrasiyasına köməklik göstərmək kimi məsələləri öz üzərinə götürməlidir. Bunun üçün ATƏT-in Minsk Qrupunun fəal iştirakı ilə konkret yol xəritəsi hazırlamaq lazımdır. Birinci və əsas şərt isə bütün erməni qeyri-qanuni silahlı birləşmələrinin Qarabağ bölgəsindən tezliklə çıxarılmasına köməklik etməkdir”, – deyə Korotçenko qeyd edib.

Hərçənd, Qarabağda qalmış qanunsuz erməni silahlı birləşmələrinin tərk-silahı ilk növbədə Rusiya sülhməramlı kontingentin vəzifəsidir. Çünki bu haqda 10 noyabr 2020-ci il tarixli kapitulyasiya sənədinin 4-cü bəndində aydın və birmənalı şəkildə yazılıb…/musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*