Xarici işlər naziri Ceyhun Bayramov İsveçrədə BQXK prezidenti Miryana Spolyariç Eqqer ilə görüşü zamanı Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə BQXK vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan paralel istifadənin zəruriliyi vurğulayıb.
KONKRET.az xəbər verir ki, nazir əldə olunmuş razılıqlara baxmayaraq, Ermənistanın və onun yaratdığı qondarma rejimin bu razılıqları kobud şəkildə pozduğunu xatırladıb.
XİN rəhbəri hazırda Laçın yolundan gündəlik əsasda hər iki istiqamətdə erməni sakinlərin keçidinin təmin edildiyi halda Ermənistanın “blokada” iddialarının əsassız olduğunu diqqətə çatdırıb.
Ümumiyyətlə, Azərbaycan vasitəsilə əraziyə yüklərin daşınmasına maneçilik törədilməsinin siyasi manipulyasiya olduğu, Ermənistanın separatçılığı qızışdırmaq cəhdlərinin tərkib hissəsi olduğu qeyd edilib.
Görüş zamanı həmçinin 44 günlük müharibədən sonra Ermənistanın Laçın yolu vasitəsilə mina və silahların daşınması, hərbi qulluqçuların rotasiyası kimi qanunsuz fəaliyyətləri xatırlanıb.