“Ermənistanın kapitulyasiya prosesini sadəcə seyr edirik” – Naira Zöhrabyanbackend

“Ermənistanın kapitulyasiya prosesini sadəcə seyr edirik” - Naira Zöhrabyan

Brüssel görüşündən sonra Ermənistanda baş verənlər erməni cəmiyyətinin bütün təbəqələrini əhatə edir. Özünü erməni hesab edən hər kəs Brüsseldəki görüşün nəticəsilə bağlı mühakimələr yürüdürlər.

KONKRET.az xəbər verir ki, keçmiş deputat Naira Zöhrabyan Brüssel görüşünün nəticələrini Qarabağın rəsmi təsliminin təqdimatı adlandırıb.

Humanitar yüklərin Ağdamdan daşınmasını isə ermənilər üçün fəlakət hesab edib. Çarlz Mişelin görüşün nəticələrindən razı qalmasını dəyərləndirən Zöhrabyan Avropa İttifaqının Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsindən narahat olduğunu deyib və Ermənistanda bu hadisəyə ciddi reaksiya verilməməsini pisləyib:

“Çox təəssüf ki, Ermənistanın siyasi həyatında baş verənlər heç bir üsyana, heç bir müqavimətə səbəb olmadı. Bu, o deməkdir ki, biz hamımız Ermənistanın kapitulyasiya prosesini sadəcə seyr edirik. Bəzi insanlar düşünür ki, Ermənistanın Qarabağı de-yure Azərbaycanın bir hissəsi kimi tanıması oyundur. Amma yanılırlar. Azərbaycan istədiyini əldə edəcək və məqsədinə nail olacaq. Özü də heç bir müharibə aparmadan”, – deyə Zöhrabyan bildirib.

Daha sonra keçmiş deputat Rusiyanın son bəyanatına da toxunub: ”Ruslar Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra vəziyyətin kökündən Azərbaycanın xeyrinə dəyişməsindən narahatdırlar”.

Zöhrabyan ruslara istinadən bildirir ki, məhz bundan sonra Qarabağ problemi Azərbaycanın daxili işinə çevrilib: ”Bizim Rusiya Federasiyasına qarşı tələblər irəli sürməyə, sülhməramlıların qarşısında çadırlar qurmağa haqqımız yoxdur. Çünki Nikol Paşinyan Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla rusların əl-qolunu bağladı. Amma buna baxmayaraq, Rusiya Qarabağ ermənilərinin taleyini üçüncü dövlətlərin üzərinə atmağın qəbuledilməzliyini bildirir”, – deyə Naira Zöhrabyan bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin əldə etdiyi diplomatik qələbə Ermənistanda soyuq duş effekti yaradıb. İndi biri-birilərini ittiham edən ermənilərin reallıqla barışmaqdan başqa çarələri yoxdur.

Vəli Həsənov
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*