Ermənistanın son bəyanatları siyasi blefdir – Hərbi ekspertdən açıqlamabackend

Ermənistanın son bəyanatları siyasi blefdir - Hərbi ekspertdən açıqlama

Ermənistanın qeyri-konstruktiv mövqeyi sülh müqaviləsini əngəlləyir.  Azərbaycanın şərtlərini qəbul etməkdən imtina edən rəsmi İrəvan guya özünü sülhpərvər göstərərək bəyanatlar verməkdə davam edir. Eyni zamanda Ermənistan tərəfi Azərbaycanı müharibəyə hazırlaşmaqda ittiham edir. Guya Azərbaycan müharibəyə hazırlaşır və yaxın vaxtlarda Ermənistan ərazisinə hücumlar planlaşdırılır. Ermənistan mətbuatında tirajlanan bu cür feyk xəbərlər həm də informasiya müharibəsinin bir hissəsidir.

Məsələylə bağlı KONKRET.az-ın suallarını cavablandıran hərbi ekspert Səxavət Məmməd bildirib ki, onlar özlərini elə aparırlar ki, guya Ermənistan sülh istəyir, Azərbaycan isə əksinə müharibəyə hazırlaşır:

“Əslində müharibə istəyən tərəf Ermənistandır. Azərbaycan ancaq xəbərdarlıq etməklə məşğuldur. Ermənistana dəfələrlə xəbərdarlıq edilib ki,  silahlanmanı dayandırın, bu qədər silah almayın. Dəfələrlə bildirilib ki, bu silahlanma Azərbaycan üçün təhdiddir və bu davam edərsə hədəflər vurula bilər.  Ermənistan tərəfi də Azərbaycanın müharibəyə hazırlaşmasıyla bağlı xəbərlər tirajlamaqla diqqəti yayındırmaq istəyir. Yaxşı, tutaq ki, Azərbaycan müharibəyə hazırlaşır, bəs o zaman Ermənistan ordusu  döyüş hazırlığı niyə aparmır?. Bütün bunlar Ermənistanın köhnə oyunudur. Bunu yenidən alovlandırmağa başlamaqla diqqəti Azərbaycana yönəltməyə cəhd edirlər. Ermənistanın tələsik sülh müqaviləsi imzalamaq istəməsi bir çox mətləblərdən xəbər verir”.

Məsələ burasındadır ki, Azərbaycanın şərtlərindən yayınan rəsmi İrəvan sülh müqaviləsini tezləşdirməklə həmin məsələni sonraya saxlamağı düşünür. Ekspert hesab edir ki, bununla  Ermənistan imtasiya yaratmaq niyyətindədir:

“Erməistan ümumiyyətlə sülh müqaviləsi imzalamaq niyyətində deyil. Çünki  Azərbaycanın əsas şərtləri kənarda qalıb və Ermənistan hər kəsin qəbul etdiyi maddələri dəstəkləyir. Həmin maddələr hələ ilk gündən hər iki dövlət tərəfindən qəbul olunmuşdu. Orada biri-birilərinin ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq və digər kiçik məsələr yer alıb. Amma Azərbaycanın əsas şərtlərinin heç biri yerinə yetirilmir. Ermənistan bu şərtlərdən yayındıqca sülh müqaviləsi də olmayacaq. Ermənistanın indiki canfəşanlığı sadəcə siyasi manipulyasiyadır. Özlərini sülh göyərçini kimi göztərən ermənilərin bütün mahiyyəti hər kəsə bəllidir. Heç bir şərti qəbul etmədən dünyaya car çəkirlər ki, sülh müqaviləsini imzalamağa hazırıq. Bu, sadəcə siyasi blefdir və informasiya müharibəsinin tərkib hissəsidir. Hətta onların apardığı informasiya müharibəsi Azərbaycanın daxilinə hesablanıb”.

Daha sonra Ermənistanın silahlanmasına toxunan Səxamət Məmməd bildirib ki, bu cür silahlanma davam edərsə Azərbaycan legitim hədəfləri dağıda bilər: “Ermənistan açıq şəkildə silahlanmadan çəkinmir. Onlar müdafiə xarakterli deyil, hücum silahları almaqla müharibəyə hazırlaşdıqlarını gizlətmirlər. Ermənistan əslində müharibədən sonrakı dönəmdə daha çox hava hücumundan müdafiə sistemləri almalıydı. Amma onlar yeni haubitsalar, Qrad reaktiv yaylım sistemləri, Cənubi Koreyadan yeni nəsl tanklar alır. Hətta Hindistandan ballistik raketlər almaq niyyətidədir. Bütün bunları edən dövlət eyni zamanda sülh müqaviləsi imzalamaq istəyir. Təbii ki, bu manipulyasiyadır. Bütün bunlar regiondakı vəziyyətin nə qədər qəliz və mürəkkəb  olduğunu göstərir. Etiraf edək ki, Cənubi Qafqazda ümumi gərginlik var və bu artan xətt ilə davam edir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*