“Ermənistanla sərhədlər açılacaq” – Türk ekspertdən sensasiyalı açıqlamabackend

“Ermənistanla sərhədlər açılacaq” - Türk ekspertdən sensasiyalı açıqlama

KONKRET.az Kocaeli Universiteti Beynəlxalq Əlaqələr Bölümünün professoru İrfan Kayanın “Yeni Sabah”a müsahibəsini təqdim edir:

– Fevralın 24-də Vyanada Türkiyə nümayəndəsi Serdar Kılıçla Ermənistan nümayəndəsi Ruben Rubinyan görüşəcək. Sizcə, niyə bu görüş məhz Vyanada baş tutacaq? Onu İstanbulda və ya İrəvanda keçirtmək olmazdımı?

– Danışıqların Vyanada və ya başqa bir şəhərdə olmasının çox da vacib olduğunu düşünmürəm. Dağlıq Qarabağ ətrafındakı işğala son qoyulan zaman Azərbaycan ordusuna güclü dəstək verən Türkiyə diplomatik sahədə də bu dəstəyini verəcək. Ankara Bakının həssaslığına önəm verir. Hətta deyə bilərik ki, Türkiyə Azərbaycanı incidəcək addım atmaqdan ehtiyatlıdır.

– İkinci görüşdə danışıqların mövzusu nə olacaq? Birinci təmasa tanışlıq xarakterli idisə, ikincidə nələr ola bilər?

– Xüsusi nümayəndələr vasitəsilə aparılan danışıqlarda Türkiyə ilə Ermənistan arasında diplomatik nümayəndəliklərin yenidən açılması, ticarətin canlandırılması, sərhəd qapılarının açılması kimi məsələlər müzakirə olunacaq.

Türkiyə Ermənistanla münasibətlərində daima üç qırmızı nöqtəni dilə gətirir. Birincisi, Dağlıq Qarabağ ətrafındakı Azərbaycan torpaqlarının boşaldılması idi ki, bu, 10 noyabr 2020-ci il tarixli atəşkəs razılaşması ilə əldə edilib və hazırda sülh sazişi üzərində iş gedir. İkincisi, Türkiyə 1915-ci il hadisələrinin soyqırımı kimi tanınmasının və diaspor ermənilərinin təbliğatının əleyhinədir.

Paşinyan Administrasiyası bu məsələdə əvvəlki erməni idarəçilərindən daha həssasdır. Amma diaspor erməniləri bu məsələni daim gündəmdə saxlayırlar.

Üçüncüsü, Türkiyə Ermənistanın dövlət gerbindən Ağrı dağının rəmz kimi çıxarılmasını istəyir.

Xüsusi nümayəndələr vasitəsilə aparılacaq danışıqlarda tam konsensus əldə olunarsa, Ermənistan Azərbaycan və Türkiyənin suverenliyinə və ərazi bütövlüyünə təminat verə bilər. Sülh və dialoq mühiti həm Türkiyənin Azərbaycan üzərindən Zəngəzur dəhlizi ilə Türk dünyasına çıxışına töhfə verir, həm də ticarət əlaqələrinin canlanması regionun bütün ölkələrinə müsbət təsir göstərir.

– Türkiyə tərəfi hər dəfəsində bildirir ki, addımlarımızı Azərbaycanla məsləhətləşib atırıq. Azərbaycanla delimitasiya və demarkasiya məsələsinin həll edilmədiyi, eləcə də Ermənistanın Qarabağa dair iddialarının hələ də mövcud olduğu bu məqamda sizcə, bu məsələdə Türkiyə tərəfi bir az tələskənlik etmirmi?

– Ermənistanla Azərbaycan arasında sərhədlər tam dəqiqləşdirilməyib. Bu məqsədlə komissiya yaradılıb. Sərhədlər, xüsusən də Dağlıq Qarabağ ətrafındakı rayonların Ermənistanla sərhədləri dəqiqləşdiriləcək. Ermənistanla Azərbaycan arasında yaradılmış bu komissiyanın işi davam edir. Ermənistandakı ekstremistlər Paşinyanı Qarabağı satmaqda ittiham edirlər. Bu şəraitdə Türkiyə müştərək komissiya vasitəsilə Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlarda Azərbaycan tərəfinin həssaslığını nəzərə alacaq. Tələsik olduğunu düşünmürəm. Eyni vaxtda açılacaq Laçın dəhlizi və Zəngəzur dəhlizi regionda sülh və sabitliyə böyük töhfə verəcək.

– Qeyd edək ki, danışıqlardan sonra təyyarə reysləri açılıb. Sərhədlərin açılması məsələsi növbəti addım ola bilərmi?

– Tərəflər arasında danışıqlar davam edərkən mülki uçuşlara başlanılıb. İstanbul və İrəvan arasında həftənin 3 günü uçuşlar həyata keçiriləcək. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişindən əvvəl və ya ondan sonra düşünürəm ki, sərhədlər açılacaq. Ermənistandakı ifrat millətçilər Paşinyanı ittiham etsələr də, Ermənistanın maraqları sülh şəraitində yaşamağı tələb edir. Diaspor ermənilərinin utopiyaları həyat həqiqətləri ilə üst-üstə düşmür.

2021-ci il iyunun 20-də keçirilən seçkilərdə Ermənistan xalqı Türkiyənin Şərqi Anadolu bölgəsindəki avantürist və iddiaçılardan çox, Dağlıq Qarabağ müharibəsində uduzan Paşinyanı dəstəkləyib. Hətta o, seçkilərdə 54 faiz səs toplayıb.Fikrimcə, Ermənistan daha rasional hərəkət edəcək. Sülh və əməkdaşlığa üstünlük verilərsə, bu vəziyyət təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni eranın qapısını açacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*