1999-cu ildə Rusiyada ciddi bir qalmaqal baş vermişdi: ölkənin baş prokuroru Yuri Skuratov paytaxt saunalarında birində iki qadınla birlikdə (medianın yazdığına görə, fahişələrlə) tutulmuşdu. Daha dəqiqi, heç kəs əməliyyat keçirib baş prokuroru qadınlarla çimişən yerdə tutmamışdı, sadəcə, onların intim aktını lentə almışdılar, daha sonra yaymışdılar.
Əvvəli burada (https://konkret.az/yeltsin-senatorlar-oz-saunalarini-dusunmusduler-fahiselerle-videosu-yayilan-bas-prokurorun-diresmesi/)
Həmin vaxt Rusiyanın prezidenti Boris Yeltsin idi. Ona və komandasına qarşı kompromotlardan çox istifadə edilirdi. Ancaq bu hadisə fərqliydi. Bunu Yeltsinin komandasının arzuedilməz baş prokurordan qurtulmaq üçün qurduğu plan olduğunu iddia edənlər də haqlı görünür. Yuri Skuratov heç də Yeltsinin qələmə verdiyi kimi, əfəl, sözəbaxan biri olmayıb. Elə olsaydı, o, istefa ərizəsi yazandan sonra prezidentə o qədər də müqavimət göstərməzdi.
Düzdür, ona açıq və gizli şəkildə dəstək verən güclü adamlar – Moskva neri, nazirlər, deputatlar və başqaları – olub, ancaq hər halda Skuratov başına gələn olayı lap əvvəlcədən komromat savaşı elan edib, bu hadisənin onun mütəşəkkil cinayətkarlığa qarşı apardığı mübarizəyə görə ortaya çıxarıldığını bildirib.
Gerçəkdən də, müəmmalıdır, Rusiya kimi böyük bir ölkənin baş prokururunun yataq səhnələrini lentə almağa, hələ bununla onu şantaj etməyə kim cürət edərdi? Bunu o adamlar edə bilərdilər ki, onların daha böyük havadarları, qoruyucuları var.
Üstündən 20 il keçməsinə baxmayaraq, indiyə qədər baş prokurorun torbasını kimin tikdiyi bilinmir. Necə olmuşdu ki, adamın fahişələrlərlə intim əlaqədə olduğu otağa gizli videokamera quraşdırılmışdı? Bunu kim etmişdi? O lenti ortaya kim çıxarmış, Prezident Administrasiyasının rəhbəri Bordyujaya kim ötürmüşdü? Skuratovun dirəşdiyi, Federasiya Şurasında (FŞ) müəyyən dəstəyə malik olduğu bilinəndən sonra, FŞ-nin iclasından bir gün əvvəl o lenti RTR telekanalının “İtoqi” verilişində efirə kim verdirmişdi?
Bütün bunlar başdan-başa müəmmadır, amma müəyyən ipucları var. Təkcə həmin verilişin aparıcısı Sergey Dorenkonun Yeltsin adminstrasiyasının muzdlu “telekilleri” olduğunu nəzərə alanda qəti şəkildə ortaya çıxır ki, memuarında nə yazmasından asılı olmayaraq, sərf etməyən baş prokurordan yaxa qurtarmaq ideyası Yeltsinin öz komandasına, onun yaxın ətrafında olan maqnatlara məxsus olub və onlar prezident tərəfindən müdafiə olunub.
Yeltsin öz memuarında yazır:
“Martın 27-də Baş Prokurorluğun müstəntiqləri Kremldə axtarış apardılar və 14-cü korpusda “sənədlərin ələ keçirilməsi” işi gördülər. Dürüstcəsinə etiraf edim ki, bu fakt məni sevindirdi. Mən əmin idim ki, Skuratovun şantajı – dərin məxfilik şəraitində qaldırılmış “Mabeteks” işi yalnız xırda hiylədir, sadəcə, pis oyunda yaxşı minadır. Mən bilirdim ki, tamamilə düz yolla gedirəm. Qoy müstəntiqlər və prokurorlar qanun çərçivəsində öz işlərini görsünlər.
Aprelin 2-də Moskva prokurorunun müavini baş prokurorun öz xidməti mövqeyindən sui-istifadə etməsi faktı üzrə cinayət işi qaldırdı. Bundan dərhal sonra mən təhqiqat aparılmasıyla əlaqədar olaraq Skuratovun vəzifəsindən kənarlaşdırılması barədə fərman imzaladım. Fərman Rusiya Konstitusiyasının və “Prokurorluq haqqında” qanunun tələblərinə tam uyğun idi”.
Burada artıq xoruzun quyruğu görünür. Açıq şəkildə ortadadır ki, bu cinayət işinin açılması və müvafiq fərman ona görə imzalanıb ki, Skuratov baş prokuror postundan öz xoşuyla getmək istəməyib, müqavimət göstərib. Rəhbərlik isə onu nəyin bahasına olursa, olsun, həmin postdan götürməkdə qərarlı olub.
Ancaq bununla paralel olaraq, baş prokurorun şəxsi həyatına müdaxiləyə, böyük vəzifə yiyəsinin şantaj edilməsinə dair də cinayət işi başlanmalı, təhqiqat aparılmalıydı. Bunu isə heç kəs etməyib.
Yeltsin yazır:
“Sonrakı təhqiqat işləri ortaya çıxardı ki, Yuri İliçin yüngül əxlaqlı qızlarla qeydə alınmış görüşü yeddidən az olmayıb və hər dəfə də onun başqa cinayət işlərində adı keçən “dostları”nın hesabına olub”.
Bununla belə, Yeltsinin Skuratova sərt münasibətini heç də hamı anlayışla qarşılamayıb. Moskva meri Lujkovla yanaşı Federasiya Şurasının senatorları, eləcə də qubernatorlar ortada bir “torbatikmə” hadisəsinin olduğunu görüblər və müzakirələrdə bunu dilə gətiriblər.
Yeltsin daha çox qubernatorların mövqeyindən çəkinib. O, bu barədə yazır:
“Prezident və qubernatorların toqquşması ölkə üçün olduqca təhlükəlidir. Qarışıqlıq və parçalanma atmosferi yaratmaq üçün onlara heç də nə hərbi çevrilişə, nə impiçmentə, nə də hökumətə etimadsızlıq votumuna gərək yoxdur. İclas zalında Rusiyanın yüz sahibi, yüz knyazı oturur – mən onları necə dəqiq adlandıracağımı bilmirəm”.
Aprelin 21-də Lujkovun Federasiya Şurasında Skuratovun müdafiəsi üçün alovlu çıxış etməsindən sonra qubernatorlar baş prokurorla bağlı mübahisə məsələsində Moskva merinin ətrafında sıx birləşiblər.
Yeltsinin fikrincə, belə etməkdə onların iki məqsədi olub. Birincisi, istəyiblər ki, Skuratovun simasında cib prokuroru əldə etsinlər. İkincisi, daha vacibi isə onlar konstitusiyanın zəif yerinin nədən ibarət olduğunu anlayıblar. Baş prokurorun istefası məsələsində sadə səsvermənin köməyi ilə qubernatorlar ölkə hakimiyyətində güclü rıçaq, prezidentə təzyiq aləti əldə etmiş olublar.
Münaqişəni həll etmək üçün Yeltsin bəzi qubernatorlarla görüşüb, onlardan Skuratovla bağlı məsələyə münasibətlərini soruşub. Qubernatorlar əsasən prezidentin mövqeyini dəstəkləyiblər, ölkəyə belə baş prokurorun lazım olmadığını deyiblər.
Lujkov da dinc durmayıb, o da qubernatorlara fitnə verib. Nəticədə Federasiya Şurasının növbəti tolantısında Skuratovun istefasının lehinə 61, əleyhinə 79 səs verilib. Skuratovu dəstəkləyənlərin çoxu regionların qanunvericilik məclislərinin rəhbərləri olub.
Yeltsin yazır:
“Bu 79 nəfərin çoxu doğrudanmı Skuratovun tezliklə sehrli portfelini çıxaracağına və İsveçrə bankındakı hesabları, səs-küylü qətllərin sifarişçilərini açıqlayacağına inanırdılar? Düşünürəm ki, demək olar, heç biri inanmırdı. Səsvermə sırf siyasi bəhsləşmənin diktəsiydi. Bundan başqa, Skuratovun müdafiəsi üçün bütöv bir qərargah fəaliyyət göstərirdi. Bu qərargahda senatorlar, Lujkovun adamları, kompartiyanın nümayəndələri görüşürdülər. Federasiya Şurasında səsvermə keçirilən gün isə onların hamısı yığışıb gəlmişdi: Züqanov da,, İlyuxin də, qalmaqalın böyümüsəndə maraqlı olan bir çox başqa deputatlar da”.
Yeltsinin komandası Lujkovla razılığa gəlmək üçün cəhdlər edib. Yeltsin baş prokuror vəzifəsinə Lujkovun da dəstəklədiyi adamı – Moskva prokurorluğunun sabiq başçısı Gennadi Ponomoryovu təklif edib. Ancaq Lujkov ona şərt qoyub, deyib ki, Ponomoryovun baş prokuror vəzifəsinə təqdimatını Federasiya Şurasına versin, sənədi şəxsən ona təqdim etsin və o da Skuratovu dəstəkləməkdən vaz keçsin. Bu isə Yeltsini hiddətləndirib.
Beləcə, baş prokurorla bağlı məsələ hələ bir neçə ay da davam edib. 1999-cu ilin payızında Federasiya Şurasında bu məsələylə bağlı üçüncü səsvermə keçirilib. Senatorlar yenə də prezidentə müqavimət göstəriblər, Skuratovun istefasının əleyhinə səs veriblər.
Ancaq bu, artıq o qədər də əhəmiyyət verilməyən bir işə çevrilib. Məsələnin siyasi tərəfi öləziyib, hüquqi tərəfi isə darıxdırıcı və banal səciyyə daşıyıb.
Yeltsin yazır:
“Vəzifəsindən kənarlaşdırılmış Skuratov gurultulu sözlər danışmaqda, ifşa edəcəyini deməkdə davam edirdi, ancaq artıq onu, demək olar ki, dinləyən yox idi. Birincisi, onun öz fiqurası komik görünürdü. O, sayrışan işıqlı qara maşında getməkdə, dövlətə məxsus bağ evində yaşamaqda, mühafizəsi ilə futbol oynamaqda davam edirdi. Belə görünürdü ki, o, bu cür sərbəst, yüksüz həyat tərzindən zövq alır.
Ancaq bu müddət ərzində Skuratov isveçrəli prokuror Karla del Ponte ilə görüşərək müntəzəm şəkildə səs-küylü müsahibələr verir, mətbuat konfransları keçirirdi. O, yazda irəli sürdüyü iddialardan başqa yeni bir şey demirdi.
Xaricdə “rus mafiyası ilə mübariz” kimi səs-küylü beynəlxalq reputasiyaya malik olan Yuri İliç vətənində tam olaraq unudulmaqdaydı.
Məni dəfələrlə məzəmmət etmişdilər ki, guya Skuratovla raundu uduzmuşam, öz hərəkətimizlə biz onu süni şəkildə şişirtmişik, ona siyasi çəki vermişik.
Yox, Skuratovu Baş Prokurorluqda saxlamaq olmazdı, bu ölümcül təhlükəli bir iş olardı. Məncə, Yuri İliç kimi prinsipsiz bir adam öz prokuror səlahiyyətləri ilə ölkədə, Allah bilir, nələr törədə bilərdi. Bəli, Rusiyada uzun müddət baş prokuror olmadı, ancaq bu halda daha az pis şeylər oldu.
Düşünürəm ki, mənim Skuratov məsələsindəki qətiyyətim Federasiya Şurasındakı bir çox qızğın başlı adamları ayıltdı”.
Bununla belə, Skuratov özü hələ də söz-sözü gətirəndə bəyan edir ki, onun qızlarla intim görüntülərini təşkil edənlər, bu lentlərdən onu vurmaq üçün yararlananlar Yeltsinin yaxın ətrafına daxil olan adamlar olub və onların məqsədi ölkəni daha rahat, cəzasız şəkildə talamaq idi.