Yeltsin: “Senatorlar öz saunalarını düşünmüşdülər” – Fahişələrlə videosu yayılan baş prokurorun dirəşməsibackend

Yeltsin: “Senatorlar öz saunalarını düşünmüşdülər” - Fahişələrlə videosu yayılan baş prokurorun dirəşməsi

1999-cu ildə Rusiyada ciddi bir qalmaqal baş vermişdi: ölkənin baş prokuroru Yuri Skuratov paytaxt saunalarından birində iki qadınla birlikdə (medianın yazdığına görə, fahişələrlə) tutulmuşdu. Daha dəqiqi, heç kəs əməliyyat keçirib baş prokuroru qadınlarla çimişən yerdə tutmamışdı, sadəcə, onların intim aktını lentə almışdılar, daha sonra yaymışdılar.

Həmin vaxt Rusiyanın prezidenti Boris Yeltsin idi. Ona və komandasına qarşı kompromotlardan çox istifadə edilirdi. Ancaq baş verən bu hadisəyə Yeltsinin özünün yanaşması fərqlidir. O, bu barədə öz memuarında da geniş toxunub.

Yeltsinin memuarının davamı: 

Əvvəli burada (https://konkret.az/saunada-gozelcelerle-tutulan-bas-prokurorun-qalmaqali-yeltsin-o-hadiseni-bele-xatirlayirdi/)

Məhz onda Skuratov mənimlə söhbətdə ilk dəfə olaraq “Mabeteks” cinayət işindən danışdı, dedi ki, bu firmanın Borodinə və digər məmurlara verdiyi rüşvətə görə onu təqib edirlər. Daha sonra o, daha bir heyrətamiz cümlə işlətdi: “Boris Nikolayeviç, əgər məni baş prokuror postunda saxlasanız, o zaman “Mabeteks” işindən narahat olmaya bilərsiniz, o mənim nəzarətimdə olacaq”.

“Bunun məsələyə nə dəxli var? Təhqiqat aparmaq lazımdırsa, aparın. Lazımi hərəkətləri edin. Biz indi tamamilə başqa şeydən danışırıq, Yuri İliç, – mən dedim. – Sizin başınıza bu iş gələndən sonra, hesab edirəm ki, baş prokuror postunda qala bilməzsiniz. Sizinlə qovğa etməyəcəyəm, sizi dilə tutmayacağam. Ərizənizi yazın. Mən sizinlə işləməyəcəyəm”.

Skuratov susdu, amma bu, uzun çəkmədi.  O dedi ki, prezidentlə baş prokuror arasında belə anormal münasibətlərin yaranmasını iş üçün zərərli sayır və prezidentin komandasında çalışmaq istəyir. Skuratov yenidən “Mabeteks” işindən danışdı. Guya ki, əgər başqa baş prokuror gəlsə, o, bu qəliz məsələni yoluna qoya bilməyəcək. Sonra o, dəstək axtararaq, Primakova müraciət etdi: “Yevgeni Maksimoviç, Boris Nikolayeviçə bir şey deyin”.

Gözlədim ki, görüm, Primakov nə cavab verəcək.

Primakov uzun-uzadı susdu, sonra dedi: “Əgər Boris Nikolayeviç mənimlə işləmək istəmədiyini desəydi, mən fikirləşmədən gedərdim. Siz getməlisiniz, Yuri İliç”.

Buna cavab olaraq Skuratov gözlənilmədən bəyan etdi: “Siz isə, Yevgeni Maksimoviç, mənə xəyanət etdiniz”.

Skuratovun cinayət işi ilə açıq şəkildə alver etməsi iyrənc, ikrahdoğurucu idi.

O, özünün bütün görkəmi ilə sanki işarə verirdi: mən sizinəm, hər şeyə hazıram! Təki məni postumda saxlayın!

Mən bir neçə dəfə ona aydın şəkildə dedim: “Yuri İliç, mən sizinlə işləməyəcəyəm. Ərizənizi yazın”. Qələm-kağız götürdüm və onun qarşısına itələdim.

Onu işdən kənarlaşdırmaqda düz etdiyimizə inamım hər dəqiqə artırdı. Belə prokuror təkcə zəif və kütbeyin deyildi, o, bu postda olduqca təhlükəli idi. İstənilən cani, hər hansı bir avantürist siyasətbaz bu video-lentlərdən şəxsi tamahkarlıq məqsədilə istifadə edə bilərdi. Həm də məsələ təkcə lentlərdə idimi? Bu sürüşkən adam kimdən olsa daha başqa “xidmət”ləri qəbul edə bilərdi…

Həmin gün Skuratov istefaya getməsi barədə daha bir ərizə yazdı: “Federasiya Şurasının ötən iclasını dərindən götür-qoy edərək, mən, hər şeydən öncə işimə verilən qiymətə görə minnətdarlığımı bildirirəm. Bununla yanaşı, işlərin gerçək durumunu, ətrafımda yaranmış mənəvi-psixoloji vəziyyəti nəzərə alaraq, istefaya getmək barədə qərar qəbul etmişəm…”

Məhz martın 17-də sərt mübarizə ayları başlanmışdı və Skuratov bunun mərkəzindəydi. Ancaq o zaman hələ heç kəs bunu bilmirdi. Mənə elə gəlirdi ki, belə baş prokurorun bu yüksək vəzifəyə layiq olmadığı iki dəfə ikinin cavabı qədər aydındır.

Lakin Rusiyanın senatorları fərqli düşünürdülər: Skuratov siyasi nüfuz dairəsi uğrunda mübarizədə qiymətli alətdir.

Haqqını vermək lazımdır: xəstəxanada keçirdiyi bir ayı, o, “baş və ürək nahiyələrindəki ağrılar”a baxmayaraq, boşuna itirməmişdi. Baş prokuror siyasətlə bu və ya digər şəkildə bağlı olan bütün işləri yığıb toplamışdı. Bu gün onlardan yalnız biri – Kremlin təmiri haqqında işin “adı çəkilir”. Ancaq o zaman Yuri İliç Federasiya Şurasına bir xeyli iş təqdim etmişdi”.

Yeltsin öz vəzifəsindən çıxmamaq üçün dirəşən Skuratovu özünü alçaldan, mənliyini itirən, dolaşıqlıqda çırpınan adam kimi xarakterizə edərək yazır: “O, canfəşanlıqla və israrla, öz diqqətəçarpmaz manerasıyla yeni müttəfiqlərinə yarınırdı. Ona qədər Federasiya Şurası ilə prezidenti baş-başa toqquşdurmaq heç kəsə müyəssər olmamışdı.

Skuratova isə nəsib oldu. Qısası, “sakit prokuror”, əlbəttə ki, böyük adamların oyununda piyada idi.

Federasiya Şurasında ona dəstəyi Yuri Lujkov təmin edirdi.

Bu, məni o zaman hər şeydən artıq əndişələndirirdi. Martın 18-də Skuratovla yaddaqalan görüşdən sonra mənə hər şey tamamilə aydın idi. Onun prokurorluqda bundan sonrakı mövcudluğuna dözməyə sadəcə haqqım yox idi.

Ancaq Lujkovun Federasiya Şurasındakı davranışı, onun Skuratovun müdafiəsi üçün etdiyi çıxış məndən ötrü yeni xoşagəlməz bir açılış oldu. Düzünü desəm, təkcə siyasi mənada açılış olmadı.

Bəli, bilirdim ki, Yuri Mixayloviç öz ambisiyası üçün çox şeyə gedə bilər. Payızda o, məsələn, Çernomırdinlə bağlı hadisədə prezidentin üzərinə açıq hücuma keçmişdi. Ancaq burada onun həmlələrinə baş nazir postunu tutmağı alovlu şəkildə arzulamasıyla haqq qazandırmaq olardı.

Bu gün Lujkov Skuratovu xilas etməyə cummuşdu… Nə üçün?

Lujkov nümunəvi ailə başçısı, ər, ata olaraq ictimaiyyətin nəzərində prokuror haqqında həqiqətin nə qədər ikrahdoğurucu olduğunu bilməyə bilməzdi. Və ona sərt əxlaqi qiymət verilməsininin də vacibliyini bilirdi.

Böyük bir şəhərin rəhbəri olaraq o, anlamaya bilməzdi ki, prokurorun təmizliyi necə vacibdir, əlində qüdrətli səlahiyyətlər olan və qanunları qoruyan şəxsin kriminal əlaqələri cəmiyyət üçün necə təhlükəlidir.

Lujkov dövlət xadimi olaraq Skuratovun nə etdiyini, praktik olaraq şaquli dövlət idarəçiliyini sarsıtdığını, prezident və qubernatorları toqquşdurduğunu, hakimiyyətin səlahiyyət balansını pozduğunu başa düşürdü.

Lujkov siyasətçi olaraq anlayırdı ki, Skuratovu müdafiə etməsi onu normal insanların gözündə qaldırmayacaq.

Bununla belə, o, bu addımı atmağa cürət etmişdi.

Mən Lujkovun Federasiya Şurasındakı hərəkətini izah etmək və ya ona haqq qazandırmaq üçün heç nə tapmırdım. Yalnız bir şey vardı. Mənim üçün Lujkovun nəyin bahasına olursa, olsun, böhran yaratmaq və hakimiyyətin yeni mərkəzi kimi qubernatorların bir hissəsinin başında durmaq arzusu aydın idi. Bu, qeyri-legitim, qeyri-konstitusion, siyasi prosesin çərçivələrini kobud şəkildə dağıdan mərkəz idi.

Ancaq mən buna izn verə bilməzdim – nə Lujkova, nə də istənilən başqa birinə. Məni küncə qısnamaq heç kəsə müyəssər olmamışdı. Bu dəfə də baş prokuror-mer tandeminə müyəssər olmayacaq.

Yeri gəlmişkən, mən sonradan martın 17-dəki iclasda birinci səsvermənin nədən bu qədər yekdilliklə nəticələndiyi barədə düşündüm. Axı Skuratovun istefaya göndərilməsinin lehinə cəmi altı senator səs vermişdi.

Doğrudanmı bu yalnız siyasi hesablamaydı? Yox, yəqin ki, başqa şeylər də vardı…

Senatorların bədbəxt Yuri İliçin “rus komissar Kattanı” simasına  dərhal inandıqlarına dair versiyaya inanmıram.

Daha primitiv səbəblər vardı.

Yəqin ki, bəziləri o anda özləri barədə düşünmüş, öz saunalarını və hələ sovet vaxtından qalmış “istirahət evləri”ni xatırlamışdılar. Əlbəttə, hamısı yox. Amma əksəri.

(Ardı var)

TƏRCÜMƏ:KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*