“İranın Azərbaycandakı casus şəbəkəsinin sarsılmasından danışmaq hələ tezdir. Hələ tələsmək olmaz… Bu cənub qonşumuzun ölkəmizdəki agentura şəbəkəsi hələ də geniş və güclüdür. Bunun əsas səbəblərindən biri də odur ki, müvafiq qurumlar, dini işlərlə olan məşğul olan komitə və Qafqaz Müsəlmanları İdarəsi son 20-30 il ərzində İranın Azərbaycan xalqı, xüsusən də gənclər arasında öz siyasi maraqlarına xidmət edən dini təbliğatın aparılmasına, məscidlərimizdə öz adamlarının yerləşdirilməsinə qarşı ciddi bir iş görməyib. Hətta deyərdim ki, Qafqaz Müsəlmanları İdarəsi İrana xidmət istiqamətində fəaliyyət göstərib”.
KONKRET.az xəbər verir ki, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Moderator.az-a açıqlamasında belə deyib.
“İran kəşfiyyatının yatmış hücrələri, bu ölkənin maraqlarına xidmət istiqamətində əmrə tabelik həvəsində olan şəxslər çoxdur və onlar mərhələ-mərhələ müxtəlif şəkildə fəallaşdırılır. Odur ki, bu genişmiqyaslı düşmən fəaliyyətinin qarşısını yalnız təhlükəsizlik, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə, həbslərlə, cəza tədbirləri ilə almaq olmaz. Dövlət və cəmiyyət tərəfindən düzgün təbliğat və maarifləndirmə işləri aparılmalıdır. İslam dinini olduğu kimi, hansısa dövlətin siyasətindən, maraqlarından uzaq şəkildə anlatmaqla yanaşı, Azərbaycandakı cəmiyyətin dünyəviliyinin İrandakı dini, teokratik sistemdən üstün olduğu təbliğ edilməlidir. Perspektivdə insanların, gənclərin, bütövlükdə ölkənin inkişafı üçün dünyəvi sistemin daha faydalı olması beyinlərə yeridilməlidir. Daha çox daxili azadlıqlara imkan verilməlidir. Həmin azadlıqların olmamasının nəticəsidir ki, İranın və ya digər ölkələrin xəfiyyələri gənclərimizi ibadət adı altında məscidlərə cəlb edərək onların beyinlərini ya radikal irançı şiəliklə, yaxud vəhhabiliklə doldura bilirlər”, – deyə partiya lideri bildirib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovun çıxış etdiyi bir yazıda sırf bu mövzudan bəhs edilir. Deputat da bəzi məsələlərlə bağlı Azərbaycan gəncliyindən narahatdır:
“Proseslərin təhlili göstərir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çoxlu sayda gənc müxtəlif zərərli dini təsirlərin qurbanına çevrilib. Həmin kontingentin mütləq əksəriyyətini təhsili o qədər yüksək olmayan, dünyagörüşü zəif və məhdud, işsiz gənclər təşkil edir. Burada söhbət yalnız bir dindən və ya məzhəbdən getmir. Hətta son illər ölkəmizdə xristianlığı qəbul edən gənclərin də sayı artır. Beləliklə, son illər Azərbaycanda yeni ailə modelləri yaranıb. Ailənin hər bir üzvü ayrı din və ya məzhəbin təəssübkeşinə çevrilib. Belə halda isə ailənin monolitliyindən və möhkəmliyindən söhbət gedə bilməz. Bu rəngarəngliyin də gələcəkdə dövlətimiz üçün müəyyən təhdidlər yaradacağı istisna olunmur. Necə ki, bunun bu gün konkret bir istiqamət üzrə ciddi fəsadlarını yaşayırıq.
Hər zaman qeyd etdiyimiz kimi, din həm də təhlükəsizlik məsələsidir. Çox həssas və incə siyasət tələb edir. Proseslər proqnozlaşdırılmalı, öncədən preventiv tədbirlər həyata keçirilməlidir. Qərarlar zamanında qəbul edilmədikdə, öncədən qabaqlayıcı tədbirlər görülmədikdə sonradan prosesləri idarə etmək çox çətin olur. Gəncləri necə zərərli dini təsirlərdən qoruya bilərik sualına gəldikdə isə, təəssüflə qeyd etmək lazımdır ki, bu gün gənclərin böyük əksəriyyəti ciddi ideoloji boşluq yaşayırlar. Bu istiqamətdə ciddi və sistemli işlərin həyata keçirilməsinə ehtiyac var. Bunun üçün paytaxtda və bölgələrdə təhsilin səviyyəsi, məktəblərdə və ali təhsil müəssisələrində ideoloji iş gücləndirilməlidir. Bu sahədə əksər məktəblərimizdə və ali təhsil müəssisələrimizdə ciddi boşluqlar var. Ailələrimiz bir sıra hallarda bu boşluqları doldura bilmədiklərinə görə bu məsələdə məsuliyyət daha çox təhsil müəssisələrimizin üzərinə düşür. Heç şübhəsiz ki, təhsil müəssisəsinin işi yalnız təhsil haqqı alıb diplom vermək deyil. Mütləq gənclərin şəxsiyyət kimi formalaşmasına, ideoloji hazırlığına xüsusi diqqət yetirilməlidir”.
İlahiyyatçı Rəsul Mirhəşimli bu barədə “Yeni Müsavat”da çox vacib məqamlara toxundu. Onun sözlərinə görə, dünyəvilik Azərbaycan Konstitusiyasında təsbit edilmiş modelin əsas qanun səviyyəsində bəyanı və təsbitidir:
“Bu modelin əleyhinə hər hansı bir təbliğat konstitusiyaya qarşı təbliğat sayılır, bu da vətəndaşın üzərinə hüquqi məsuliyyət qoyur. Lakin bir çox hallarda dünyəvilikdən danışarkən onu sanki dinsizliyin təbliği kimi təqdim edirlər. Bir məsələni unutmamaq lazımdır. Dünyəvilik inanclı və inanclı olmayan vətəndaşların cəmiyyətdə sərbəst şəkildə yaşamasını, düşüncələrini ifadə etməsini qoruyan modeldir. İnanclı olan öz əqidəsini başqaları üzərində hökmran bilməli deyil, inanclı olmayan da qarşı tərəfin din və vicdan azadlığına basqı təşkil etməməlidir. Dünyəvilik müxtəlif əqidəli insanların bir arada bərabər hüquqlu yaşaya bilməsini təmin etməkdir. Sekulyarizm əsasən din və dövlətin ayrılmasıdır. Dünyəvilik prinsipinə görə heç kim dövlətin sosial, siyasi və iqtisadi nizamını teokratik prinsiplərlə tənzimləyə bilməz.
Din vicdan məsələsidir. İnanc sistemi bəndə ilə Allah arasındakı mənəvi əlaqədir. Hər kəs istədiyi kimi inanır və sərbəst şəkildə fəaliyyət göstərir. Məscidlər bütün vətəndaşların üzünə açıqdır. Azərbaycanda heç kim başqa bir insanın dini inancına basqı düzənləyə bilməz. Çünki konstitusiya dini azadlıqların qorunması ilə bağlı dövlətin üzərinə vəzifələr qoyur. Dünyəvilik ateizmi təbliğ etmək və ya yaymaq demək deyil. Ancaq heç kim Azərbaycanın təməl prinsiplərini hədəfə alaraq dindən sui-istifadə də edə bilməz. Bəzən dünyəvilikdən danışanlar elə təəssürat yaradır ki, sanki ateizmi təbliğ edir. Yuxarıda da qeyd etdiyim kimi, dünyəvilik ateizmi təbliğ etmək deyil, inanclı və inancsız vətəndaşların birgə yaşamasını təmin etməyə yardımçı olan dövlət modelidir”.
R.Mirhəşimli nümunələr də gətirdi:
“Qeyd edim ki, ABŞ-ın bəzi ştatlarının qanunvericiliyinə görə, ateizmin təbliği cinayət məsuliyyəti yaradır, bir çox ştatlarda həmin şəxslərə dövlət və seçkili orqanlara seçilmək yolunu bağlayır. Azərbaycanda təbliğatın düzgün qurulmasının ilkin şərti bu təbliğat metodunu hazırlayarkən dövlət bayrağımızdakı təsbit olunmuş ideoloji prinsiplərə istinad etməkdir. Azərbaycan bayrağının ideoloji əsasları vətəndaşlar arasında bərabərlik prinsiplərinin tətbiqi, inanan və inanmayan kəslərin yalnız qanun qarşısında məsuliyyət daşımasını, modern düşüncənin hakim olması düşüncəsini təlqin edir. Son zamanlar Azərbaycanda İranın casus şəbəkələrinin sıradan çıxarılması istiqamətində həyata keçirilən fəaliyyəti təbliğ edən medianın da üzərinə böyük məsuliyyət düşür. Media mənsubları bilməlidir ki, öz dövlətinə xəyanət etməyə qalxan insanların dini və vicdanı olmaz. İnanclı insan ilk növbədə milli kimliyə sahib olmalı, “Vətəni sevmək imandandır” hikmətinə möhkəm sarılmalıdır. Lakin bəzi media orqanları casus şəbəkəsinin ələ keçirilmiş üzvü haqqında məlumat verərkən həmin şəxslərin mənsub olduğu məzhəb üzərində məqsədli manipulyasiya qurur”.