“Ana Vətən Partiyasının (AVP) oktyabrın 25-də keçirilən qurultayının yekunlarına dair rəsmi sənədləri bu gün Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Xahişimiz nəticələrin tanınması və mənim sədr kimi qəbul olunmağımdır”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında siyasi təşkilatın yeni sədri olduğunu iddia edən Elçin Ağamalı deyib.
Onun sözlərinə görə, sənədlərin hazırlanmasını başa çatdırıblar: “Sənədlər bu gün nazirliyə təqdim olunacaq”. pizza hut
E.Ağamalı bildirib ki, hazırda AVP sədri kimi fəaliyyət göstərir, rayon təşkilatlarının və struktur bölmələrin rəhbərləri ilə əlaqə saxlayır: “Sədr kimi fəaliyyətimi davam etdirirəm, partiyanın gündəlik işinə rəhbərlik edirəm”.
Onun sözlərinə görə, hələlik Ana Vətən Partiyasının qərargahına yerləşə bilməyib: “Qərargahda oturmuram, evdən işləyirəm”.
Qeyd edək ki, AVP-nin oktyabrın 25-də keçirilən qurultayı təşkilatın yaradıcısı və sədri, keçmiş deputat Fəzail Ağamalının ailəsində qarşıdurmaya səbəb olub. Toplantıda təşkilatın yeni sədrinin seçilməsi məsələsi müzakirə edilib. F.Ağamalı namizəd olmayıb. Onun yerinə iki övladı – oğlu Elçin Ağamalı və qızı, Milli Məclisin deputatı Günay Ağamalı namizədliyini irəli sürüb. Elə qalmaqal da bundan sonra başlayıb. F.Ağamalı qızının tərəfinin tutub, oğlunun sədr olmasına qəti etiraz edib.
Lakin Elçin Ağamalı atasının narazılığına məhəl qoymayıb, sədr olması məsələsini səsverməyə çıxarıb. Onun sözlərinə görə, 155 qurultay nümayəndəsindən 95-nin səsini alaraq yeni sədri seçilib.
F.Ağamalı E.Ağamalının sədrliyini tanımır və partiyaya hazırda özünün rəhbərlik etdiyini bildirir.
