Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun qəbuluna içkili halda girmək istəyən şəxs həbs edilib.
KONKRET.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1967-ci il təvəllüdlü F.G. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.
Məlum olub ki, noyabrın 6-da təqsirləndirilən şəxsin evində qaz kəsilib və buna görə icra başçısına şikayət etməyə gedib. İcra Hakimiyyətində ona bildirilib ki, görüş günü sabahdır. F.G. içkili olduğundan İcra Hakimiyyətinin işçilərinin ünvanına söyüş söyüb.
Məhkəmənin hökmü ilə F.G. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 4 gün müddətinə həbs edilib.
