Ev təmizliyi çox zaman yalnız görünən çirklərin aradan qaldırılması ilə məhdudlaşır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, gündəlik həyatda istifadə etdiyimiz bir çox əşya əslində mikrob yuvasıdır və ev daxilində xəstəliklərin yayılmasında əsas rol oynayır. Hər gün dəfələrlə əlimizin dəydiyi bu əşyalar mütəmadi olaraq dezinfeksiya edilmədikdə bakteriya və virusların sürətlə çoxaldığı “gizli təhlükə nöqtələri”nə çevrilir.
KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, araşdırmalar ağıllı telefonların tualet oturacağından qat-qat daha çox bakteriya yığdığını ortaya çıxarıb.
Gün boyunca əldən düşməyən telefonlar çöldə topladığı kir, yağ, tər və mikrobları evə daşıyır. Mütəxəssislər telefonların hər gün ən az bir dəfə spirt tərkibli salfetlə silinməsini tövsiyə edirlər.
Ev içərisində mikrobların ən sıx olduğu yerlərdən biri də mətbəx süngərləridir. Daim nəm qalan bu süngərlər salmonella kimi təhlükəli bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. Buna görə də süngərlərin tez-tez dəyişdirilməsi, müəyyən aralıqlarla qaynar suda və ya mikrodalğada dezinfeksiya edilməsi tövsiyə olunur.
Televizor pultları, işıq açarları və qapı qolları evdə ən çox toxunulan səthlər sırasında olsa da, çox vaxt təmizlənməsi unudulur. Xüsusilə qrip və soyuqdəymə mövsümündə bu hissələr virusların və mikrobların ən tez yayıldığı nöqtələrə çevrilir. Mütəxəssislər bu səthlərin mütəmadi olaraq dezinfeksiya edilməsini vacib hesab edir.
Ev şəraitində işləyənlərin intensiv istifadə etdiyi klaviatura və siçan üzərində toz, yağ və yemək qalıqları toplanır. Bu isə mikrob yükünü artırır və infeksiya riskini yüksəldir. Klaviatura və siçanın həftədə ən az bir dəfə diqqətlə təmizlənməsi məsləhətdir.
Hamam və mətbəxdə istifadə edilən dəsmallar nəm qaldıqda bakteriyaların sürətlə çoxalmasına şərait yaradır. Mütəxəssislər əl dəsmallarının bir neçə gündən bir, hamam dəsmallarının isə həftədə bir dəyişdirilməsini tövsiyə edirlər.
Hamamın nəm mühiti diş fırçaları üzərində mikrobların yerləşməsi üçün ideal şərait yaradır. Bu səbəbdən diş fırçalarının üç aydan bir yenilənməsi və dik vəziyyətdə saxlanması tövsiyə olunur.
