Fərqli Yeni il adətlərinə görə seçilən ÖLKƏLƏRbackend

Fərqli Yeni il adətlərinə görə seçilən ÖLKƏLƏR

Yeni il dünya ölkələrinin hər birində xüsusi qarşılanır. Hər ölkə maraqlı Yeni il adətlərinə görə fərqlənir.

KONKRET.az xəbər verir ki, 31 dekabrda diqqət çəkən ölkələrdən biri Argentinadır.

Argentinada Yeni il günü küçələr kağıza bürünür. Bayram günü evlərdə və ofislərdə olan bütün lazımsız kağızlar, sənədlər, kitablar, qəzet-jurnallar, köhnə təqvimlər pəncərədən çölə atılır. Argentinalılar bu adətlə stress atdıqlarını, köhnə ilin yorğunluğunu çıxardıqlarını düşünürlər.

İtalyada Yeni il günü insanlar yerli Şaxta baba – “Bobbi Natale” kimi qırmızı rəngə bürünürlər. Bayram günü corab, köynək ya da papaqlarında qırımızı rəngə üstünlük verirlər. Süfrələrinin üzümlə bəzədilməsinə xüsusi diqqət edirlər. Əvvəllər Yeni il günü İtaliyada köhnə əşyaları və mebelləri pəncərədən küçəyə atma adəti olduğunu deyirdilər. Lakin məlumata görə, bu, rəvayətdən başqa bir şey deyil. İtalyanlar ölkəyə turist cəlbi üçün bu rəvayəti yayıblar.

İsveçlilər isə Yeni il gecəsi qonşularının qapısı ağzında qab-qacaq sındırırlar.

Almaniyada Yeni il gecəsi bütün nişanlı oğlanlar sevdikləri qızın eyvanının altında dayanıb nişanlıları ilə birgə göyə atəş açırlar. Bu adətə görə, göyə nə qədər çox atəş açarlarsa, gələcək ailələrinin bir o qədər möhkəm olacağına inanırlar. Təzə ilin bol sərvət gətirməsi üçün almanlar 31 dekabrda əllərində pul sikkəsi tuturlar. Stulların üstünə çıxıb 00:00-da özlərini stuldan tullayırlar.

Afrika ölkəsi olan Efiopiyada odun və kolları bir yerə toplayaraq tonqal qalayırlar. Tonqalın ətrafında rəqs edib mahnı oxuyaraq Yeni ili çağırırlar. Qeyd edək ki, ölkədə Yeni il sentybarın ortalarına təsadüf edir.

Ekvadorda isə yerli sakinlər bir neçə metr hündürlüyündə kuklalar hazırlayırlar. Həmin kuklaları yaşadıqları küçədə, meydançalarda yandırırlar. Onlar hesab edirlər ki, bu, növbəti ilə yeni insan kimi daxil olmağı simvolizə edir.

Kubada bayram günü hər kəs evindəki qab-qacağı, stəkanları su ilə doldurur. Saatın əqrəbləri gecə 00:00-ı göstərdikdə bütün su dolu qablar evlərin pəncərəsindən çölə tökülür. Hesab olunur ki, bununla yeni il su kimi təmiz və pak olacaq. Kubalılar bayram gecəsi ilin aylarına uyğun 12 üzüm dənəsi yeyirlər ki, bu, onlara uğur gətirsin.

İrlandlar içkisevərlikləri ilə Yeni ildə də seçilirlər. Bayram axşamı sadə vətəndaşlar evlərinin qapılarını açıq saxlayırlar. Bayram günü istənilən şəxs evə daxil ola bilər. Ev sahibi evinə girən şəxsi süfrəsinin başına keçirdib onu xalis irland viskisinə qonaq edir. Yeni ilin girməyinə dəqiqələr qalmış bütün irlandlar şəhərin baş meydanına toplaşıb içki içir, rəqs edib əylənirlər.

Çində Yeni İl həm də Ay Yeni İli və ya yaz bayramı adlanır. Bu bayram çin təqviminin ilk 15 günü davam edir. Çində zəng Yeni ilin simvoludur. Onlar inanırlar ki, zəngdən gələn güclü səs evi bədbəxtlikdən qoruya və uğur gətirə bilər. Bu ölkədə qocalara və uşaqlara qırmızı məktubda pul verirlər.

Yaponiyada təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. Yaponlar inanır ki, həmin zəng zərbələrinin hər biri insandakı mənfi cəhəti öldürür. Evlərinə xoşbəxtlik gəlməsi üçün yaponlar mənzillərinin qapısına bambuk, küknar və şam ağacının budaqlarını bağlayırlar. Nəyə sahib olmaq istəyirlərsə, onun şəklini çəkib öz yastıqlarının altına qoyurlar. Yeni ildə həmin istəklərin reallığa çevriləcəyinə inanırlar.

Şotlandiyada bayram günü çəlləyi yandırıb onu küçə boyu sürürlər. Bununla şotlandlar köhnə ili yandırıb, gələn ilin yolunu işıqlandırırlar. Yeni ilin ilk günü evə kim gəlsə, uğur ondan asılıdır. Hesab edilir ki, əlində hədiyyə və qara saçlı kişi uğur gətirir.

Avstraliyada Yeni il yay fəslində qeyd olunur. Buna görə Avstraliyada bayram çimərliklərdə, açıq havada qeyd olunur. Avstraliya Santa Klausu ilə də seçilir. Ağ saqqalı və qırmızı papağı olsa da, xarici görkəmi tam fərqlidir./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*