Fevralın 20-də saat 15:30-da nə olacaq? – GÖZLƏYİRİKbackend

Fevralın 20-də saat 15:30-da nə olacaq? - GÖZLƏYİRİK

Doğru deyirlər ki, tarix təkrar olunur. Düz 30 il bundan qabaq Azərbaycanda baş verən proseslər Ermənistanda indi təkrarlanır. Nəzarət etdikləri ərazilərin itirilmək, dərin iqtisadi-siyasi böhran, vətəndaş qarşıdurması və beynəlxalq aləmdən təcrid olunmaq… Nə qədər tanış mənzərədir?! Lakin bir fərq var. Siyasi hakimiyyət müxalifətə dirəniş göstərir. Bu dirənişinsə sosial-iqtisadi əsasları yox, kriminal gerçəklikləri var. Yəni Nikol Paşinyan bütün sahələrdə uğursuzluğa rəğmən hələ də kreslosunu qoruya bilir. Çünki Baş nazir postuna iddiaçıların hər birinin “dabbaqda gönünə bələd olan” Paşinyan rəqiblərini asanlıqla tərkisilah edə bilir. Bu gün Vazgen Manukyan, Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və digərlərinin qaranlıq keçmişləri barədə Nikolun əlində güclü kompromantlar var. Ona görə də adalarını çəkdiyim iddiaçılardan heç biri Nikol Paşinyanla üz-üzə gəlmək istəmir. Ən yaxşı halda arxasınca danışırlar. Nikol Paşinyansa bu cür danışıqlara isə “it hürər, karvan keçər” prinsipi ilə yanaşır.

Amma kreslonun ləzzətini görən sabiqlər “bəlkə də qaytardılar” prinsipi ilə yenidən ortaya düşüblər. İlk dəfə ortaya Levon Ter-Petrosyan düşdü. O, özünü Qarabağın fatehi zənn edirdi. Lakin Levonun bütün cəhdləri uğursuzluğa düçar oldu. Sabiqlər baxdı ki, “tək əldən səs çıxmır”. Başladılar “birləşməyə”. 16 müxalif partiya sözü bir yerə qoyub qoca Vazgen Manukyanı yem kimi Paşinyanın qarşısına atdılar. Nikol üçün 75 yaşlı tükənmiş qocanı dəf eləmək o qədər də çətin olmadı. Çünki nə 16 partiya, nə də ki, Vazgenin sosial bazası yox idi. Doğrudur, Vazgen Manukyanın “rəhbərlik etdiyi” müxalifət Paşinyanı taxtdan salmaq üçün hər yola əl atdı. Nikolun arvadını fahişə belə çıxartdılar. Hətta Paşinyanın Qarabağın təslim edilməsi üçün 5 milyard dollar rüşvət aldığını da söylədilər. Lakin xeyri olmadı. Bütün iddialar fiaskoya uğradı. Bu dəfə meydanı boş görən Robert Koçaryan ortaya atıldı. Özünü qalib ordunun “komandanı” və Vladimir Putinin “dostu” sayan Koçaryan nə qədər canfəşanlıq etsə də, Moskvanı su yoluna döndərsə də, nə erməni xalqının, nə də ki, Kremlin dəstəyini qazana bilmədi.

Çünki Koçaryan Ermənistanın son 30 illik tarixinin ən korrupsioner prezidenti kimi tanınır. Üstəlik, onun 10 illik hakimiyyəti dövründə Ermənistanın bütün sərvətləri və idarəetmə sistemi rusların nəzarətinə verildi. Bu gün Ermənistandakı dik dayanan hansısa ağac da bu və ya digər şəkildə ruslara “dolya” verir. Xalqı və dövləti belə bir vəziyyətə salan şərəfsiz Koçaryanın revanşist düşüncələri beşiyindəcə boğuldu.

  • İndi isə sabiq prezident Serj Sarkisyan ortaya düşüb. Xatırladaq ki, Serj əvvəlcə çalışdı ki, qızının ərini- Mikael Manusyanı meydana buraxdı. Lakin onun “mama uşağı” olduğunu görüb özü meydana atıldı. Amma onun da heç bir perspektivi yoxdur. Çünki o da mənfur “Qarabağ klanı”nın liderlərindən biridir. Hazırda bu klana qarşı Ermənistanda güclü nifrət var. Ona görə ki, son 30 ildə xalqa “Böyük Ermənistan” və xoşbəxt gələcək vəd edən “Qarabağ klanı” yalnız sərvət toplamaq və dövləti talamaqla məşğul oldular. Bütün bunlardan sonra bir daha xalqın onlara edimad göstərəcəyi əlbəttə ki mümkün deyil. Amma “iştah diş altındadır”.

Sarkisyan son günlər bir qədər aktivləşib. Ötən gün  “ArmNews” telekanalına müsahibə verən Sarkisyan bəzi açıqlamalar etsə də, ciddi rezonansla qarşılaşmadı. Xüsusilə də Nikol Paşinyanla bağlı dediklərinə Paşinyan administrasiyasından heç bir reaksiya gəlmədi. Sarkisyan deyir ki, “Erməni tarixinə kapitulyator kimi düşən Nikol Paşinyanla 3 dəfə qarşılaşmışam. Birinci dəfə 1993-cü ilin sonunda. O dövrdə bir neçə ay müdafiə naziri postunu tutduğum zaman cəbhədə çoxsaylı uğurlarla yanaşı bir sıra ciddi çətinliklərlə üzləşmişdik. Nikol bu problemləri manipulyasiya edərək, gerçəkliyə uyğun olmayan faktları əsas gətirərək bizi yersiz tənqid edirdi. Bu isə sadəcə bizi deyil, silahdaşlarımı da incidirdi, ruhdan salırdı. İkinci dəfə 90-cı illərin sonunda məhkəmədə, üçüncü dəfə 2018-ci ildə “Marriott” oteldə görüşdük”.

Göründüyü kimi, Paşinyanla Sarkisyanın ilk görüşdən ulduzları barışmayıb. Üstəlik, hələ 1993-cü ildə Nikolun əlində Sarkisyanla bağlı ciddi kompromatlar olub. Nəzərə alaq ki, o zaman Nikol sıradan bir jurnalist idi.

Xatırladaq ki, bir müddət əvvəl ikinci Qarabağ müharibəsinin əsas günahkarı kimi Paşinyan Serj Sarkisyanın adını çəkmişdi. O bildirmişdi ki, son 25 ildə ordu quruculuğu aparılmayıb. Ölkə iqtisadiyyatı məqsədli şəkildə dağıdılıb. Ona görə də dağıdılmış iqtisadiyyata və zəif orduya malik Ermənistan Azərbaycan qarşısında cəmi 44 gün duruş gətirə bildi. Paşinyanın iddialarına cavab verən Sarkisyan deyir ki, “Kapitulyasiyanın mənim layihəm olduğuna gəlincə, bu sadəcə komik məsələdir”.

Sarkisyan müsahibəsində 2018-ci ilin yazında baş verən “məxməri inqilab”ı mahiyyət etibarilə “Qarabağ əleyhinə bir hərəkat” adlandırıb və hazırkı baş nazirin onun “layihəsi” olduğu barədə ittihamları rədd edib. “Heç düşmənə də belə belə bir “layihə” arzulamazdım” deyən Serj Sarkisyan bu biabırçılığı özünə rəva görmədiyini vurğulayıb.

Maraqlıdır ki, Serj Sarkisyan müsahibəsinə Paşinyandan reaksiya gözlədiyi halda müxalif “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Marukyandan  Serj Sarkisyana qarşı ittihamlar səslənib. Belə ki, müsahibə zamanı Sarkisyan onun dövründəki danışıqlar prosesində Qarabağın ətrafındakı 7 rayonun “5+2 formulu” çərçivəsində Azərbaycana qaytarılmasının həmişə müzakirə mövzusu olduğunu söyləyib. Ermənistan parlamentinin deputatı, müxalifətçi Edmon Marukyan isə Serj Sarkisyanı ittiham edərək  özünün facebook səhifəsində yazıb ki, “Əgər belə idisə, onda niyə milyonlarla dolları bu bölgələrə xərclədiniz? Ətraf 7 rayona niyə pul qoyurdunuz? Məlum olur ki, vergilərimiz, diaspordan gələn pullar boşuna xərclənib. Dövlət zəmanəti ilə banklardan nəhəng borc götürməyin mənası var idimi, bütün bu xərclər hansı məqsədlə edildi?”

Göründüyü kimi, Sarkisyan “qaş düzəltdiyi yerdə vurub göz çıxarıb”. O Paşinyanı biabır etmək istədi, lakin özünü ifşa etdi. 

Beləcə, 30 il bundan qabaq yaşadığımız xaos, qarşılıqlı ittihamlar dönəmini indi Ermənistan yaşayır. Bəs, bu vəziyyətdən Ermənistan qurtula biləcəkmi? Bu suala cavab vermək indiki halda çox çətindir. Ən azından bunun üçün fevralın 20-ni gözləməliyik. Müxalifət fevralın 20-də saat 15:30-radələrində hamını İrəvandakı Azadlıq meydanına çağırır.

Görəsən, fevralın 20-də nə olacaq?

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*