Filip Riker Bakıda – ABŞ bölgəyə hərbçilərini göndərməyi təklif edəcək?backend

Filip Riker Bakıda - ABŞ bölgəyə hərbçilərini göndərməyi təklif edəcək?

ABŞ dövlət katibinin köməkçisi vətəndaş cəmiyyətinin nümayəndələri ilə nələri müzakirə edib?

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Cənubi Qafqaz ölkələrində səfərdədir.

Dövlət Departamentinin məlumatına görə, səfərin məqsədi ikitərəfli və regional prioritetləri inkişaf etdirmək və ABŞ-ın bütün bölgədə demokratik və iqtisadi inkişafa dəstəyini ifadə etməkdir.

Məlumatda qeyd olunur ki, F.Rikerin səfəri zamanı habelə Ermənistan və Azərbaycanda ikitərəfli prioritetlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Bəzi ekspertlərin fikrincə, ABŞ bölgəyə hərbçilərini göndərməyi təklif edə bilər. Ekspertlər bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan mayın 27-də Azərbaycan-Ermənistan «sərhədin mübahisəli sektorunda» beynəlxalq müşahidəçilərin yerləşdirilməsi ilə bağlı çağırışı ilə əsaslandırırlar.

N.Paşinyan bildirib ki, sərhədin mübahisəli hissələrində Rusiya və ya ATƏT-in Minsk Qrupuna həmsədr olan daha iki ölkənin – ABŞ və ya Fransanın müşahidəçiləri yerləşdirilə bilər.

İyunun 8-də F.Riker Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

ABŞ dövlət katibinin köməkçisinin səfərinin məqsədi nədir? O, vətəndaş cəmiyyətinin nümayəndələri ilə nələri müzakirə edib? Regionda Amerika Birləşmiş Ştatlarının hərbi mövcudluğu mümkündürmü?

KONKRET.az-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov  bildirib ki, ABŞ-ın yeni prezident administrasiyasının xarici siyasət kursunun formalaşdırılması prosesi getməkdədir və ənənəvi olaraq Birləşmiş Ştatlar Cənubi Qafqaz regionuna strateji əhəmiyyətli region kimi baxır.

Deputat qeyd edib ki, Filip Rikerin səfərindən öncə aprelin 28-də Dövlət katibi Blinkenin Azərbaycan Prezidenti ilə telefon danışığı olmuşdu. «May ayının 17-də isə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın da Prezident İlham Əliyevlə telefon danışığı olmuşdu. Həmin telefon danışıqlarından aydın olur ki, Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edirlər və Azərbaycanın xüsusilə də beynəlxalq və regional təhlükəsizliyin təminatında və Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndirirlər».

Komitə üzvü vurğulayıb ki, bu kontekstdə ABŞ-ın narahat olduğu məsələ müharibə bitdikdən sonra yaranmış reallıqda həllini gözləyən məsələlərlə bağlıdır.

E.Nəsirovun fikrincə, Filip Rikerin səfəri ilk növbədə onun ifadəsidir ki, ABŞ həmsədr dövlət olaraq tənzimləmə prosesindəki rolunun azalmasını başa düşür və fövqəldövlət olaraq bu prosesdə birbaşa iştirak etmədiyini də dərk edir.

«Ona görə də ABŞ ali siyasi rəhbərliyi Cənubi Qafqaz regionunda fəallığını artırmaq və Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında, həllini gözləyən demarkasiya və delimitasiya prosesində kənar müşahidəçi statusunda deyil, Rusiya ilə bərabər fəal şəkildə bu prosesdə iştirakçı olmaq niyyətindədir».

ABŞ-ın silahlı qüvvələrinin regionda yerləşdirilməsi məsələsinə gəlincə, deputat bildirib ki, bu, daha çox Ermənistanın iddiasıdır. «Paşinyan bir neçə dəfə məsələni qaldırıb ki, Rusiya ilə yanaşı digər həmsədr ölkələrin müşahidəçiləri sərhəd boyunca yerləşdirilsin. Amma həmin ideyanın reallaşması istiqamətində nə mexanizmlər var, nə danışıqlar gedir».

Bakı İnsan Hüquqları Klubunun həmtəsisçisi Rəsul Cəfərov AzadlıqRadiosuna bildirib ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşdə iştirak edib.

«Vətəndaş cəmiyyətinin nümayəndələri ilə bugünkü görüşdə bir neçə məsələ müzakirə olunub. Yaxşı haldır ki, birinci görüş vətəndaş cəmiyyəti ilə olub, rəsmi görüşlər bundan sonra başlayır».

Hüquq müdafiəçisi qeyd edib ki, görüş zamanı ölkədəki insan haqları vəziyyəti və Qarabağ müharibəsindən sonra birgə yaşayış və sülh məsələləri müzakirə olundu: «İfadə azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmə azadlığı ilə bağlı məsələlər müzakirə olundu, xüsusən QHT qanunvericiliyi ilə bağlı bir neçə təkliflərimiz oldu. Həmçinin postmünaqişə dövrünün məsələləri, o cümlədən birgəyaşayış və sülh məsələləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində necə gördüyümüzlə bağlı fikirlərimizi səsləndirdik»./turan/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*