Makronun ermənilərlə genetik qohumluğu varmış
Yəqin ki, diqqətli oxucular hələ də unutmayıblar ki, mərhum millət vəkili, professor Şamil Qurbanov “Şirak qudurub” deyəndə, çoxları onu qınadı. Əfsuslar olsun ki, Şirakdan sonra hakimiyyət başına gələn Sarkozi də dövlət başçısına yaraşmayan qeyri-adi hərəkətləri və sağlam düşüncəyə zidd qərarları ilə dünyanı təəccübləndirməkdə davam etdi. Fransanı cırtdan Ermənistanın, fransızları isə ermənilərin quyruğuna bağlamaqla Fransa kimi qüdrətli və kifayət qədər zəngin demokratik ənənələrə malik bir dövləti rüsvay etməsi Sarkozinin o vaxtadək bəlli olduğundan da səviyyəsiz və təsadüfi bir siyasətçi olduğunu göstərdi. Əfsuslar olsun ki, Şirak və Sarkozinin nümayiş etdirmiş olduğu erməni sevdası ilə dolu riyakar siyasəti indi də Emanuel Makron və onun komandası davam etdiməkdədir.
Təsəvvür edin, Makron deyir ki, “ermənilər Fransa tarixinin bir hissəsidir və onun fəxridir… Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar (Onda, görəsən, fransız xalqı harada imiş – Q.C.), biz demək olar ki, yarımhəmyerlilərik. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir”. Bu sözləri Makronun sanki onu prezident eləyən fransız xalqından daha çox ermənilər qarşısında öhdəliyi olduğundan xəbər verir. Görün, o, dünya mədəniyyətinə çox mühüm töhfələr vermiş bir xalqı kimlərin quyruğuna bağlayır?! Prezidenti belə işğalçı ölkəyə, terroru dövlət siyasəti səviyyəsinə çatdıran və zaman-zaman ona-buna gah quyruq, gah da bufer olan cırtdan bir dövlətciyə aşiq olduğunu açıq-aşkar bəyan edən Fransa 29 ildir ki, hansı üzlə və hansı məntiqlə ATƏT-in Minsk qrupunun üzvü mandatını daşıyır?! Bu illər ərzində Dağlıq Qarabağ məsələsinə dair danışıqlarda Fransa hər zaman qatı ermənipərəst mövqe sərgilədi. Bunu Azərbaycanda da, Azərbaycandan kənarda da hər kəs çox yaxşı bilir. Amma sadəcə diplomatiya etikası bizə mane olub ki, qarşı tərəfin qeyri-səmimi və riyakar olduğunu qıpqırmızı onun üzünə deyək. Bir də ki, ikili standartların tüğyan etdiyi bir dünyada kimlərinsə qeyri-səmimi və ikiüzlü olduğunu desək, nə dəyişəcəkdi?! Hər kəsə gün kimi aydındır ki, Fransa rəsmiləri, Fransa parlamentariləri, lap elə prezident Makron əvvəldən axıradək Qarabağda nələr baş verdiyini çox gözəl bilirdilər. Onlar Daşaltı, Qarakənd və Xocalı faciələrindən də xəbərsiz deyildilər. Amma bununla belə, hər yerdə, özü də bütün səviyyələrdə təcavüzkar Ermənistanı müdafiə edirdilər. Bu isə simasızlığın dövlət səviyyəsində nümayişidir.Təmkinli və uzaqgörən siyasətin uğurlu yekunu
İkinci Qarabağ müharibəsinin gedişi dövründə başda prezident Makron olmaqla Fransa rəsmlərinin münaqişənin tənzimlənməsinə xidmət etməli olan həmsədr ölkəyə əsla yaraşmayan aşkar birtərəfli ermənipərəst mövqeydən çıxış etməsi ilə artıq bütün maskalar yırtılmış oldu. Müəzəffər Azərbaycan ordusunun zəfər yürüşünün qarşısını almaq naminə prezident Makron və onun əsabələri nələr etmədi?! O, ABŞ-ı, NATO-nu, Almaniya və Rusiyanı tərəf kimi konfliktə qoşmaq üçün sözün əsil mənasında dəridən-qabıqdan çıxmaqda idi. Sanki müharibə Fransa ərazisində, yaxud da onun prefektlərindən birinin ərazisində gedirdi. Gecə də, gündüz də, qardaş Türkiyəni, Azərbaycanın böyük dostu sayın cümhur başqanı Rəcəb Tayib Ərdoğanı haqsız olaraq şantaj etdilər.
Qürur hissi ilə deməliyəm ki, 44 günlük Vətən müharibəsi dövründə Fransa rəsmlərinin açıq-aşkar antiazərbaycan ruhlu cəhd və çağrışları Azərbaycan rəsmləri və şəxsən Silahlı Qüvvələrin Ali Baş Komandanı olan cənab Prezident İlham Əliyev tərəfindən emosiyalara qapılmadan, sözün əsil mənasında müdrik dövlət xadiminə yaraşan tərzdə səbrlə, təmkinlə izlənildi, yeri gəldikdə isə olduqca sərt və qətiyyətli mövqe nümayiş etdirildi. Yəni, Azərbaycan Fransanın hər cür cəhd və çabalarına baxmayaraq müharibəni zəfər anınadək uğurla davam etdirdi.
Hərbi əməliyyatların dayandırılmasına dair Azərbaycan-Rusiya-Ermənistan rəhbərlərinin imzaladıqları 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra da Fransa rəsmləri öz çirkin antiazərbyacan mövqelərindən geri çəkilmədilər. Üçtərəfli bəyanat nəticəsində Qarabağda yaranmış vəziyyəti dəyişmək məqsədi ilə yenidən Minsk qrupunu proseslərə qoşmaq çağrışlarına başladılar. 30 il ərzində işğal altında saxlanılan əraziləri viranəyə çevirənləri himayə edənlər Qarabağda erməni-xristian mədəni irs nümunələrinin təhlükə altında qaldığına dair iftira və yalanlar yaymağa başladılar. Bu dərəcədə də simasızlıq və riyakarlıq olar?! Özlərinin əsrlər boyu davam edən işğalçılıq, istilaçılıq planlarını gerçəkləşdirmək naminə nə vaxtadək cırtdan Ermənistandan oyuncaq kimi, alət kimi itisfadə edəcəklər?! Bu minvalla nə vaxtadək erməni xalqını mifik xülyalar əsirinə çevirərək onu sözün əsil mənasında məzlum, ələbaxım və dilənçi vəziyyətində saxlayacaqlar?
Fransa tərəfindən yaxşılığa yamanlıq
Fransa rəsmilərinin, siyasətçilərinin, görkəmli elm və incəsənət xadimlərinin özlərinin də dəfələrlə etiraf etdikləri kimi, nə rəsmi Fransa, nə də fransız xalqı Azərbaycandan və azərbaycanlılardan tarix boyu heç bir pislik görməyib. Əksinə, Azərbaycan tərəfi hər zaman Fransaya və fransızlara münasibətdə həssasiyyət, diqqət, səmimiyyət və ehtiram sərgiləyib. Nə yazıq ki, Fransa tərəfindən bunların heç birinin qarşılığını görməmişik. İxtisasca tarixçi olduğuma görə, fransızların tariximizə münasibəti ilə bağlı bir fakt üzərində dayanmaq istərdim. XIX əsrin 90-cı illərində milliyyətcə fransız olan əntiq əşyalar dəllalı Jak de Morqan Azərbaycanın cənub-şərq bölgəsində “arxeoloji axtarışlar” aparmaq adı altında bir çox nadir abidələrimizi vandalcasına dağıdaraq məhv etmiş, əldə etdiyi tarixi-mədəni dəyərlərimizi isə Fransa muzeylərinə satmışdır. Hansı ki, həmin tarixi yadigarlar bu gün də Fransanın Sen-Jermen muzeyində, digər muzey və şəxsi kolleksiyalarda “erməni-talış” və ya “erməni-fars” maddi-mədəniyyət nümunələri kimi mühafizə və təşviq olunmaqdadır. Xatırladaq ki, o vaxt Azərbaycan ərazisində apardığı qarət xarakterli “arxeoloji axtarışlardan”xəbər tutan Rusiya İmperator Arxeoloji Cəmiyyəti Jak de Morqana ölkə hüdudları daxilində qazıntılar aparmağı qadağan etmişdir. Belə olduqda Morqan İran tərəfə keçərək sərhədin o biri tərəfindəki qədim Azərbaycan abidələrini dağıdaraq tapıntıları talan edib. 1919-cu ildə nəşr etdirdiyi “Erməni xalqının tarixi” adlı saxtakarlıqlarla dolu kitabı da Morqanın ermənilərin xidmətçisi olduğunun bariz göstəricisidir.
J.D.Moqqan – uydurma “erməni soyqırımın” fransalı həmmüəllifi
İstərdim oxucular onu da bilsinlər ki, Morqan türklərin guya 1915-ci ildə erməni soyqırımı törətdiklərinə dair mifi uyduranların “xaç atalarından” biri olub. Bəli, məhz Azərbaycanın tarixi-mədəni irsini vandalcasına dağıdaraq, talan edərək Fransaya aparmış olan o Morqan 1913-1916-cı illərdə ABŞ-ın Türkiyədə səfiri olmuş yəhudi əsilli Henri Morgentau, o dönəmdə alman-erməni cəmiyyətinin sədri olan milliyyətcə alman Lepsius, ingilis-erməni cəmiyyətinin sədri Ceyms Brays, rus yazıçısı Valeri Brusov və başqaları ilə birlikdə uydurma “erməni soyqırımı”nı ilk dəfə gündəmə gətiriblər. Əslində isə tarixdə ermənilərə qarşı belə bir soyqırım hadisəsi olmayıb. Əsil həqiqət ondan ibarətdir ki, I Dünya Müharibəsinin gedişi zamanı Türkiyədə yaşayan ermənilər Rusiya kəşfiyyatına satılmaqla içəridən türklər əleyhinə gizli xəyanətin icraçısına çevriliblər. Bunu bilən Türkiyə hökuməti 1915-ci il mayın 27-də hərbi əməliyyat gedən bölgədə yaşayan erməni əhalini ölkənin digər ərazilərinə keçirmək barədə olan “Təhcir qanunu” qəbul edir. 1 iyun 1915-ci ildən qüvvəyə minən həmin qanun əsasında hərbi əməliyyatlar regionunda yaşayan ermənilər çox mütəşəkkil surətdə cəbhə bölgəsindən nisbətən uzaq olan digər bölgələrə köçürülüb. Göründüyü kimi, bu halda heç bir soyqırımdam söhbət gedə bilməz.
AMEA-dan “xaç atası”nın davamçılarına yaşıl işıq
Qoy, diqqətli oxucular onu da bilsinlər ki, uydurma “ürməni soyqırımı”mifinin “xaç ataları”ndan olan Morqanın kimliyi və Azərbaycana məxsus tarixi-mədəni dəyərləri dağıdan, məhv edən və nəhayət, mənsubiyyətini saxtalaşdıran qatı ermənipərəst bir “zad” olduğu elmi ədəbiyyat və mətbuat vasitəsi ilə dəfələrlə ifşa olunub. Amma nə yazıq ki, biz azərbaycanlılar xəyanət və pislikləri tez unuduruq. Əgər belə olmasaydı “Jak de Morqanın elmi irsinin öyrənilməsi” layihəsi adı altında 2012-2017-ci illərdə Lerik rayonu ərazisində fransız və iranlı “mütəxəssislər” tərəfindən arxeoloji axtarışlar aparılmasına icazə verilməzdi.
Axı, J.Morqanın bir zamanlar tarixi-arxeoloji abidələrimizi vandalcasına dağıdaraq məhv etdiyini, aşkar etdiyi maddi mədəni dəyərlərin mənsubiyyətini saxtalaşdırmaqla onları alver predmetinə çevirən bir dəllal olduğunu və hətta Çar hökumətinin belə onu ölkədən qovduğunu bildiyimiz halda hansı məntiqlə onun “elmi irsinin öyrənilməsi” adı altında əcnəbilər tərəfindən yenidən ərazimizdə “axtarışlar” aparılmasına AMEA tərəfindən razılıq verilib?!
Tariximizlə bağlı dəfələrlə yazılmış olan bu faktları təkrarən yada salmaqda məqsədim Fransa rəsmilərini öz hərəkətlərində və qərarlarında ədalətli olmağa səsləməkdir. Elə güman etməsinlər ki, Azərbaycan tərəfi qarşı tərəfin ona adekvat olmayan münasibətinin fərqində deyil. Məşhur xalq məsəllərindən birində deyilir ki, “qırqovul başını kolda gizlətməklə elə bilir ki, onun çöldə qalmış şələ quyruğunu görən yoxdur”.
Azərbaycana qarşı çirkin kampaniyaya son qoyulmalıdır
Fransa nə ötən 28 il ərzində, nə də 44 günlük Vətən müharibəsi zamanı həmsədr ölkə olaraq problemin ədalətli yolla həlli üçün üzərində beynəlxalq öhdəlik və məsuliyyət olduğuna baxmayaraq, daim işğalçı dövlət olan Ermənistanı müdafiə etməklə açıq-aşkar antiazərbaycan mövqeyində durdu və əfsuslar olsun ki, bu gün də beynəlxalq hüquqa zidd olan bu mövqedən çəkinməyib. Yenə də davamlı olaraq Fransa senatı, xarici işlər nazirliyi erməni diaporunun sədəqələri ilə meyxoş olan bir para “ictimai xadimlər”dən absurd bəyanatlar eşidirik. Az qala şəhər və məhəllə bələdiyyələri də oradan Azərbaycana qarşı əzələ nümayiş etdirməkdədilər. Cənab Prezident İlham Əliyev bir neçə gün öncə Naxçıvana səfəri zamanı növbəti dəfə Fransa tərəfinin beynəlxalq hüquqa və diplomatik etikaya zidd bəyanat və cəhdlərinə olduqca sərt münasibət bildirdi: “Biz dəfələrlə Fransa tərəfinə də iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun… Azərbaycana qarşı aparılan çirkin kompaniyaya son qoyulmalıdır”.
Fransanın həmsədr ölkə olaraq sərgilədiyi birtərəfli və anlaşılmayan hərəkətləri ilə təkrar-təkrar üzləşən və onu təkrar-təkrar təhlil edən Azərbaycan ictimaiyyətini çoxdandır ki, belə bir sual düşündürür. Əcəba, Fransa rəsmiləri ermənilərin nəyinə aşiqdir? Fransa kimi zəngin demokratik ənənələri olan qüdrətli bir dövləti erməni diasporunun əlində oyuncaq edən nədir?!