Fransadan növbəti hiyləgər addım – Pezeşkian Makrondan nəyi tələb edir?backend

Fransadan növbəti hiyləgər addım - Pezeşkian Makrondan nəyi tələb edir?

“Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdəki gərginliyi azaltmaq üçün “mən də varam” deməyə çalışır. O bir tərəfdən İsrailin Livanı bombalamasını pisləyir, İsrailə silah satışını dayandıracağını bəyan edir, o biri tərəfdən baş nazir Benyamin Netanyahuya zəng edərək onun könlünü almağa çalışır, Tel-Əvivin xoşuna gəlmək üçün “Hizbullah” İsrail ərazisinə raket zərbələrini dayandırmalıdır” açıqlamasını səsləndirir”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Ekspert vurğulayıb ki, bu, hiyləgər xarici siyasətin təzahürüdür:

“Makron Livanın sözdə “qayğısına” ona görə qalmağa çalışır ki, bu ölkə Fransanın keçmiş koloniyasıdır. O bununla demək istəyir ki, koloniyasındakı gərginlikdən narahatdır. Halbuki, “Hizbullah” – İsrail müharibəsi nəticəsində Livan və paytaxt Beyrut yerlə-yeksan olub, minlərlə insan həlak olub və Fransa heç nə edə bilmir. Makron eyni zamanda İsrailin əleyhdarı kimi də görünmək istəmir. Makronun iranlı həmkarı Məsud Pezeşkiana telefon zəngi eyni siyasətin tərkib hissəsidir. Dövlət başçısı İranın bölgədəki gərginliyi azaltmaqla bağlı Pezeşkiana çağırış edib. Makron bununla demək istəyib ki, Tehran İsrailə qarşı savaşan qrupları sakitləşdirsin. Buna cavab olaraq Pezeşkian Makrona deyib ki, Fransa və digər Avropa dövlətləri İsraili genosidə son qoymağa məcbur etsinlər. “Bu sionistlər heç bir humanitar çərçivəyə və beynəlxalq qanunlara əhəmiyyət vermədiklərini göstərirlər və öz cinayətlərini həyata keçirirlər” deyən Pezeşkian Makrondan qəti addımlar tələb edib. Məsələ burasındadır ki, bu gərginliyə nə Makron, nə də Pezeşkian son qoya bilər. Makronun səlahiyyətləri Fransa, Pezeşkianın səlahiyyətləri isə iqamətgahıyla məhdudlaşır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*