Bütün dövrlərdə Ermənistanın maraqlarını müdafiə edən Fransa İkinci Qarabağ müharibəsindən sonra düşmən ölkəni hərbi-siyasi sahədə açıq-aşkar dəstəkləyir. Ermənistanın əsas hamisi rolunu oynayan Fransa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə kampaniya aparmaqla öz dostlarına dəstək ifadə edir. Bir neçə dəfə fransızların dəstəyi ilə BMT TŞ-yə Azərbaycandan şikayət edən Ermənistanın öz istəyinə nail ola bilməməsi həm də Fransanın uğursuzluğuna işarədir. 28 il ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa bu müddət ərzində ermənilərin vəkili kimi çıxış edib və status kvonun qorunub-saxlanılmasında maraqlı tərəf olub.
Artıq sular durulub və Qarabağ münaqişəsi də həllini tapıb. Fransa isə Azərbaycandan əl çəkmir. Ermənistanın dağılan ordusunun xiffətini çəkən Fransa bütün sahələrdə “bacısı”na dəstək verir. Qarabağ məsələsi həll edildikdən sonra növbənin Zəngəzur dəhlizinə çatacağını zənn edən Fransa yeni plan hazırlayır. Qərbi Avropa ölkəsi Azərbaycana yaxın ərazidə, Zəngəzur bölgəsində öz konsulluğunu açmağı planlaşdırır. Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib. Səfir bildirib ki, Ermənistanın yanında Fransa var və ermənilər daim onların hərbi-siyasi yardımını hiss ediblər və bundan sonra da hiss edəcəklər.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının bütün iclasları Fransanın təşəbbüsü ilə keçirilib: “Fransanın təşəbbüsü ilə Ermənistanda müşahidə missiyası da yerləşdirilib. İlin əvvəlindən Ermənistanın və Qarabağın erməni əhalisinə 5 milyon avrodan çox vəsait ayırılıb. Son günlər baş verənlər nəzərə alınaraq, bu yardım daha 7 milyon avroya qaldırılıb. Hərbi attaşe Fransanın İrəvandakı səfirliyində olacaq. Tezliklə sərhəddən çox da uzaq olmayan Zəngəzur bölgəsində konsulluq açacağıq. Bu, Fransanın Ermənistanı güclü dəstəklədiyinin əyani sübutudur. Fransanın yanında, eyni zamanda, Avropa dayanıb. Bu reallıq nəzərə alınmalı və Ermənistanın ərazi bütövlüyünə hörmət etməliyik”, – deyə nazir bildirib.
Beləliklə, Cənubi Qafqazda dəyişən geosiyasi ab-hava fonunda yeni oyunçuların regiona soxulma cəhdi müşahidə olunur. Bu mənada Fransanın maraqları daha çoxdur. İki daşın arasında Zəngəzurda konsulluq açmağı planlaşdıran Fransa bununla “mən də varam” mesajını verir və dəhlizin açılmasına qarşı olduğunu bir daha nümayiş etdirir. Amma Fransanın nazı ilə oynamağa nə hövsələ, nə də vaxtımız var. Zəngəzur dəhlizi reallıqdır və tezliklə işə düşəcək.
Vəli Həsənov,
KONKRET.az