Azərbaycanın beynəlxalq aləmdə günü-gündən artan nüfuzu bəzi dünya dövlətlərini sözün həqiqi mənasında narahat edir. Bu fikri səsləndirmək üçün əlimizdə kifayət qədər arqumentlər var. Amma bu haqda bir az sonra…
Əsas məsələ isə rəsmi Bakının kimləri və niyə qıcıqlandırdığını aydınlaşdırmaqdır. Əslində bir az siyasi analiz etmək qabiliyyəti olan hər kəs sualın cavabını özü tapa bilər. Azərbaycan Cənubi Qafqazın ən güclü və böyük dövlətidir. Bu, birmənalı olaraq belədir və bütün dünya ölkəmizin qüdrətindən xəbərdardır. Bu böyük dövlətin güclü ordusu və lideri var. Hansı ki, dünya liderləri Müzəffər Ali Baş Komandan, Prezidenti İlham Əliyevlə hesablaşmaq məcburiyyətindədir. Üçüncüsü, Azərbaycan qalib dövlətdir və 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər ilə dünyadakı gücünü və yerini bir daha təsdiqləyib. Və nəhayət, Azərbaycanın arxasında Türkiyə kimi böyük qardaşı var. Bütün bu sadalanan faktlar isə bəzi dünya dövlətlərini qıcıqlandırır və onlar Azərbaycanın uğurlarını həzm edə bilmir.
Buna misal kimi ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməməsini göstərmək olar. Dünyaya demokratiya dərsi keçən bu iki supergücün əslində necə riyakar və ikiüzlü siyasət apardığını bütün dünya bilir. Üstəlik, erməni lobbisinin ən güclü yayıldığı ölkələr arasında ABŞ və Fransa ilk yerlərdə qərarlaşır. Elə ermənipərəst mövqeləri də gün kimi aydındır. Bütün bunları nəzərə alsaq, ABŞ və Fransa səfirlərinin Şuşada keçirilən tədbirdə iştirak etməməsinə təəccüblənməməliyik. Biz onsuz da təəccüblənmirik, amma, görünür, bu ölkələrin bəzi rəsmiləri hələ də Qarabağın işğaldan azad edildiyini, heç nəyə yaramayan ATƏT-in Minsk Qrupunun “gorbagor” olduğunu, Azərbaycanın dünyadakı nüfuzunun artdığını həzm edə bilmir. Belə olmasaydı, Uqanda, Qvatemala və digər bu kimi uzaq dövlətlərin səfirlərinin qatıldığı tədbirdə ABŞ və Fransa nümayəndələri də iştirak edərdi. Bunun bir adı var – paxıllıq, qısqanclıq, ikiüzlülük, riyakarlıq və saxta demokratiya təəssübkeşliyi… Azərbaycan hökumətinin açıq dəvətini qəbul etməməyin digər adı isə ərazi bütövlüyümüzə qarşı hörmətsizlikdir. Görünür, bu dövlətlər hələ də 30 il ərzində heç bir işə yaramayan Minsk Qrupunun yoxluğunu həzm edə bilmirlər və münaqişənin bitmədiyini düşünürlər. Amma unutmasınlar ki, artıq nə Qarabağ münaqişəsi, nə də Minsk Qrupu mövcud deyil. Onsuz da bu dövlətlərin səfirlərinin Azərbaycanın keçirdiyi tədbirdə iştirak etməməsi ilə reallıqlar dəyişmir. Əvəzində isə ABŞ və Fransa kimi ölkələrin iç üzü bir daha açılır.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Anar Əliyevin sözlərinə görə, Füzulidə həyata keçirilən abadlıq işlərinə və minatəmizləmə əməliyyatlarına baxış keçirməklə öz işinə başlayan beynəlxalq konfrans Şuşada davam edəcək: “Bu konfransda bir çox beynəlxalq təşkilatların, regional qurumların nümayəndələri, eləcə də ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri, səfirləri və hərbi attaşeləri iştirak edirlər. Bu konfransda postmünaqişə dövründə aparılan yenidənqurma işləri, minaların təmizlənməsi prosesi və müxtəlif infrastrukturun qurulması istiqamətində atılan addımlar iştirakçılara nümayiş etdirilib. Daha sonra isə konfrans iştirakçıları Əhmədbəyli-Füzuli–Şuşa avtomobil yolu vasitəsi ilə tarixi Şuşa şəhərinə gedərək, oradakı beynəlxalq konfransda iştirak ediblər. Bu konfransda 160-dan çox nümayəndənin, demək olar ki, dünyanın bütün qitələrini təmsil edən dövlətlərin rəsmilərinin, eləcə də beynəlxalq və regional təşkilatların iştirak etməsinə baxmayaraq, ABŞ və Fransa ikiüzlülük və riyakarlıq sərgiləyərək, öz səfirlərini göndərməyiblər. Bununla da bir çox istiqamətlərdə beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik nümayiş etdiriblər. Həmçinin Azərbaycan dövlətinin 30 ildən sonra ərazi bütövlüyünü və dövlət suverenliyini təmin etdiyi prosesi sobataj etməyə çalışıblar. BMT Təhlükəsizlik Şurasının işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələrinə (bu qətnamələrin qəbulunda Fransa və ABŞ dövlət başçılarının imzaları var) qarşı hörmətsizlik sərgiləyiblər. Odur ki, ABŞ və Fransanın göstərdiyi bu ikiüzlülüyü və riyakarlığı heç cür anlamaq mümkün deyil”.
Politoloqun sözlərinə görə, Napaleon hakimiyyəti dövründə xarici işlər naziri olmuş Taleyranın (Şarl Moris de Taleyran-Periqor), polis naziri işləmiş Jozef Fuşenin nümayiş etdirdiyi ikiüzlülük və simasızlıq ABŞ və Fransanın Azərbaycana qarşı sərgilədiyi münasibətin yanında daha real və obyektiv görünə bilər: “Hesab edirəm ki, Jozef Fuşe kimi insanlar sağ olsa idilər, ABŞ və Fransanın belə ədalətsiz, haqsız və riyakar siyasəti qarşısında təəccüblənərdilər. Onlar belə bu dərəcədə ikiüzlülük və riyakarlığı nümayiş etdirəcək səviyyədə və qabiliyyətdə deyildilər. Azərbaycan dövlətinin işğal faktını aradan qaldırmaqla bölgəyə davamlı və ədalətli sülhgətirmə prosesinə, ABŞ və Fransadan daim əks mövqe nümayişini müşahidə edirik. Münaqişə bitdikdən sonra Azərbaycan torpaqlarını işğal edən Ermənistan belə bu yeni reallıqlarla barışsa da, Fransa və ABŞ kimi dövlətlər tərəfindən hələ də gerçəklərə zidd olan qərar və qətnamələr qəbul edilir. Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı sərsəm bəyanat səsləndirir. ABŞ-ın Qanunvericilik orqanı işğaldan azad edilən torpaqlarımızda guya erməni irsinin Azərbaycan tərəfindən dağıdılması haqqında bəyanatlar səsləndirir. Bölgədə əldə olunan kövrək sülhün davamlılığının təmin olunmasına çalışmaq əvəzinə, dünyaya demokratiya dərsi keçmək istəyən həmin dövlətlər regionda yenidən münaqişənin qızışması üçün əllərindən gələni edirlər. Bütün bunlar onu göstərir ki, 10 noyabr Bəyanatı ilə əldə olunan sülh ABŞ və Fransa kimi dövlətlərin maraqlarına xidmət etmir”.
Anar Əliyev əlavə edib ki, ABŞ və Fransa bölgədə yenidən münaqişənin olmasında, xalqlar arasında düşmənçiliyin davam etməsində maraqlıdır: “Bununla da bulanıq suda balıq tutmaq və maraqlarını həyata keçirmək istəyirlər. Hesab edirəm ki, Azərbaycan dövlətinin apardığı ağıllı, düşünülmüş siyasət ABŞ və Fransa kimi riyakar, ikiüzlü dövlətlərin qaranlıq planlarını və çirkin siyasətlərini puça çıxaracaq. Bölgənin söz sahibi Azərbaycandır və rəsmi Bakı öz gücü ilə yeni reallıqlar formalaşdırıb. Bu reallıqları dəyişmək qüdrətinə malik heç bir dövlət yoxdur. Azərbaycan xalqı və hökuməti arasında olan birlik bütün qüvvələrin qaranlıq məqsədlərini puça çıxarmaq iqtidarındadır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az