Azərbaycan Respublikası Prezidentinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə İraq və Suriya Türkmənlərini təmsil edən nümayəndə heyəti – ictimai fəallar, siyasətçilər, tədqiqatçılar və jurnalistlər – 27 il Ermənistan işğalı altında qalan və artıq azadlığa qovuşan Füzuli şəhərinə səfər edib.
KONKRET.az xəbər verir ki, nümayəndə heyəti şəhərə girişdəki nəzarət-buraxılış məntəqəsini keçdikdən sonra, vaxtilə qanlı döyüşlərin getdiyi, şəhid qanları ilə sulanmış ərazilərdən keçərək mərkəzə çatıb. Yol boyu ermənilər tərəfindən qurulan müdafiə sədləri, tank əleyhinə xəndəklər və minalanmış sahələr şəhərin necə viran qoyulduğunu açıq şəkildə göstərir. Bir vaxtlar 144 min azərbaycanlının yaşadığı Füzulidə sağlam bir bina belə qalmayıb, hər yer xarabalığa çevrilib. Küçə və məhəllələrin izləri belə silinib. Ağdamda törədilən dağıntının eynisi burada da təkrarlanıb. Şəhər adeta açıq səma altında bir xaraba muzeyini xatırladır.
Füzuli 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində azad olundu. Azadlıqdan sonra Füzuli tamamilə bərpa və yenidənqurma mərhələsinə keçdi. Bu gün Füzuli artıq “ağıllı şəhər” konsepsiyası ilə yenidən qurulur. Yol infrastrukturu, hava limanı, yaşayış kompleksləri və sosial obyektlər sürətlə tikilir.
Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tikdiyi ilk hava limanıdır. Cəmi 8 ayda inşa olunan bu hava limanı Karabağın dünyaya açılan qapısı funksiyasını daşıyacaq. Müasir texnologiyalarla təchiz olunmuş terminal saatda 200 sərnişinə xidmət edə bilir və iri gövdəli yük təyyarələrinin eniş və qalxışına tam uyğundur.
Ərazidə tikilən ilk məktəb Özbəkistan tərəfindən 1000 şagird üçün nəzərdə tutulmuş və Mirzə Uluğ Bəyin adını daşıyır. Qazaxıstan dövləti isə tanınmış musiqiçi Kurmanqazının adını daşıyan Uşaq Yaradıcılıq Mərkəzini inşa edib. Həmçinin Azərbaycan dövləti tərəfindən yeni yaşayış binaları tikilərək əhaliyə təqdim olunur. Artıq bəzi yaşayış sahələrində həyat başlayıb, marketlər və kafelər fəaliyyət göstərir, oyun meydançaları uşaqların səsi ilə canlanıb.
Füzuli şəhərinin adı da xüsusi tarixə malikdir. Şəhər ilk dəfə 1827-ci ildə Karabulaq adı ilə salınıb. 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin 400 illiyi münasibətilə şəhərə onun adı verilib. Məhəmməd Füzuli – 16-cı əsrdə İraqda yaşamış, Bayat tayfasına mənsub, türk dünyasının mədəniyyət abidəsi sayılan unikal söz ustadıdır. Şairin “Bana gönlümdeki ateş dışında kimseler yanmaz oldu; kapımı ise sabah rüzgarından başka açan kalmadı” misrası onun türbəsinin qübbəsində əks olunub.
27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi zəfəri ilə nəticələndi. Qarabağ heç vaxt gözdən çıxarılmamış, bu müqəddəs torpaqlar uğrunda mübarizə bir an belə dayandırılmamışdı. Azərbaycan dövləti azad edilmiş torpaqlarda dərhal bərpa işlərinə başlayaraq, bu torpaqların əsl sahibinin kim olduğunu bütün dünyaya göstərdi.
İraq Türkmən Jurnalistlər Cəmiyyəti Xarici Əlaqələr üzrə sədri Dr. Kürşat Çavuşoğlu
KONKRET.az