Gədəbəydən Bakıya “uçan” 9 manatlıq toyuq, Naxçıvandan “üzüb gələn” sazan…backend

Gədəbəydən Bakıya “uçan” 9 manatlıq toyuq, Naxçıvandan “üzüb gələn” sazan...

Son günlər hər tərəfdən bahalaşma haqda xəbərlərin eşidildiyi bir vaxtda pandemiyaya görə dayandırılmış “Kənddən şəhərə” yarmarkalarının fəaliyyətinə yenidən icazə verilməsi paytaxt sakinlərinin kəndli-fermerlərlə birbaşa təmasına, nəticədə onlardan kənd məhsullarını daha ucuz almasına imkan yaradıb. Pandemiya dövründə məhsullarını satmaqda çətinlik çəkən kəndli- fermerlərin bazara çıxışını təmin etmək məqsədilə bu həftədən paytaxtın 3 ərazisində- metronun “Gənclik” stansiyasının çıxışında, Binəqədi rayonunda, Xırdalan şəhərində “Kənddən şəhərə” yarmarkaları keçirilir. 

KONKRET.az xəbər verir ki, yarmarkaya müxtəlif bölgələrdən gələn fermerlər məhsullarını çıxarıblar. Qiymətlər isə bazarlardan və supermarketlərdən hissolunacaq ölçüdə ucuzdur.

Satıcılar deyirlər ki, bir neçə gün əvvəldən yarmarkaların təşkili ilə bağlı onlara məlumat verilib və tibbi müayinədən keçiriliblər. Satıcılara yarmarkaya çıxarılan məhsulların bazar qiymətlərindən baha təklif edilməməsi  də tövsiyə olunub.  Onların sözlərinə görə, hələlik alıcılıq qabiliyyəti gözləniləndən aşağıdır, buna baxmayaraq, “yer haqqı” ödəmədiklərindən alver sərfəlidir.

“Pandemiya dövründə bazara məhsul çıxarırdım, amma o qədər də satış olmurdu. Bazar bağlı olanda lap çətinlik çəkirdik”,- Qəbələdən gələn satıcılardan biri belə deyir. Onun sözlərinə görə, orta və iri fermerlərdən fərqli olaraq qapısında məhsul əkib-becərənlər çətinliklə üzləşiblər. Çünki məhsullarını bazara çıxarıb sata bilmirdilər-bunun üçün gərək bazarda piştaxtan olsun, piştaxtaya görə isə gündəlik yer pulu ödəmək lazım gəlir.

Gəncədən gələn Arif adlı satıcı isə deyir  ki, qapısında göyərti, kök, çuğundur, kələm əkir: “Doğrudur, bazara məhsul çıxarmırdım, amma qonşu-qohumlara satırdıq. Qapısında məhsul əkib-becərənlər ac qalmırlar. Məsələn, qonşum bilir ki, mən kök, yaxud göyərti satıram, gəlib alırdı, mən də onlardan məhsul alırdım. Beləliklə dolanırıq”. Əlavə edir ki, yarmarkaya  çıxardığı göyərti artıq satılıb: “Göyərtini maksimum 2 gün saxlamaq olur.  Təlabat olduğuna görə Gəncəyə xəbər göndərdim, gecə yenə göndərəcəklər”.

Bazarda almanın kiloqramı 50 qəpik-2 manat, nar 1 manat 60 qəpik- 2 manat 30 qəpik, portağal 2 manat- 2 manat 50 qəpik, heyva 1 manat 50 qəpik, üzüm 2-3 manat, limon 25 qəpik, kartof 60 qəpik, soğan 70 qəpik, pomidor 1 manat 20 qəpik- 1 manat 50 qəpik, xiyar 2 manat 50 qəpik, badımcan 2 manat, gül kələmi 1 manat, göyərti 7 ədədi 1 manata təklif edilir.

Yarmarkaya balıq və quş əti də çıxarılıb. Satıcılardan Sərxan Əlizadə deyir ki, yarmarkaya çıxarmaq üçün həftənin cümə günü gecə saat 4-də Naxçıvandan sazan balıqları gətiriblər. Şənbə günü balıqların hamısı satılıb: “Araz balıqlarının alıcısı həmişə olur. Bundan əlavə Qəbələdən, Neftçaladan, Salyandan və Bakının Nardaran qəsəbəsindən balıqlar gətirmişdik. Bir gün içərisində demək olar ki, hamısını sata bildik”.

Yarmarkada çay və dəniz sazanının kiloqramı 8 manata, farel 11-13 manata, xanı 7 manata, belamor 8-9 manata, sudak 8-10 manata, kefal 9 manata, xəşəm 10 manata satılır.

Gədəbəydən  gələn Vüsal Hümbətov isə yarmarkaya ağartı məmulatları çıxarıb. Onun sözlərinə görə, satdığı məhsullar-süd, qatıq, pendir öz həyətinin məhsullarıdır. Məhsulları bazara çıxarmadan əvvəl yoxlayıblar: “Yarmarkada Gədəbəydən gələn fermerlər çoxdur. Baxın, nə yağın, nə digər ağartı məhsullarının tərkibində qatqılar yoxdur”.

Bazara Gədəbəyli fermerlər tərəfindən kartof da çıxarılıb və kiloqramı 1 manatdan aşağıdır.  Gədəbəyli digər fermer isə bazara özünün dediyi kimi, qapısında saxladığı toyuqları gətirib. Həmin toyuqları çəkisinə uyğun olaraq 7-9 manata satır: “Yarmarkada 5 manata da toyuq satılır, amma özünüz baxın və fərqi hiss edin”- satıcı belə deyib.

Yarmarkada toyuq 5-9 manat, hind toyuğunun kiloqramı 11-14 manat, qaz əti 10 manat, quzu əti 13 manat, mal əti 10 manata təklif edilir. Yumurtanın isə ədədi 25-30 qəpikdir.

Qeyd edək ki, yarmarka Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədarük və Təchizat ASC tərəfindən təşkil edilir. Yarmarka hər həftənin cümə, şənbə və bazar günləri olacaq. Bir sözlə, “Kənddən şəhərə” gələnlərdən alver eləməyə və soyuducuları nisbətən ucuz qiymətə ekoloji təmiz ərzaqla doldurmağa fürsət yaranıb…

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*