“Gedib qoşulacaq o keşişə, lazımdır?” – Paşinyan hansı separatçının Bakıda saxlanılmasından məmnundur?backend

"Gedib qoşulacaq o keşişə, lazımdır?" - Paşinyan hansı separatçının Bakıda saxlanılmasından məmnundur?

Paşinyana yaxınlığı ilə seçilən media qurumları Bakıda həbsdə olan ermənilərin noyabra qədər azad ediləcəyi təqdirdə, Ermənistan baş nazirinin COP29 tədbirində iştirakının mümkünlüyünü yazıb.

Maraqlıdır, erməni mediasının dövriyyəyə buraxdığı bu ehtimalın reallaşması nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi-siyasi ekspert Azad İsazadənin sözlərinə görə, Paşinyanın COP29-da iştirak etmək məqsədilə Bakıya gəlməsi çox müsbət addım olardı:

“Bu məsələdə Paşinyan bizdən daha çox maraqlı olmalıdır. Düşünrəm ki, rəsmi Bakı onun səfərinə etiraz etməz. Çünki sözügedən səfərin reallaşması Bakının sülh çağırışlarında nə qədər səmimi olduğunu bir daha təsdiqləyir.”.

Sülh müqaviləsi olmadan Paşinyanın Bakıya gəlməsinin çətin olduğunu xatırladan ekspert maraqlı nüansa toxunub:

“Ona görə də Paşinyan bir ay əvvəldən COP29 tədbirinə qədər sülh müqaviləsinin imzalanması zəruriliyindən danışmağa başlayıb. Amma indi Bakıda saxlanılan erməni əsirlərin azad edilməsini Paşinyanın Bakı səfərinin reallaşması şərti kimi irəli sürmək anlaşılan deyil. Paşinyan Bakıdakı erməni məhbusları gündəmə gətirməkdənsə, sülh müqaviləsinin üzərində işləməlidir. Azərbaycan Prezidenti ötən həftə bəyan etdi ki, Ermənistan konistitusiyasını dəyişməsə, sülh müqaviləsi bağlanmayacaq. Paşinyan hökuməti indi bu mövzunu müzakirə etməli, sülh naminə konstitusiya islahatlarına başlamalıdır”.

A.İsazadə Azərbaycan tərəfinin Bakıda saxlanılan separatçıları azadlığa buraxacağına inanmadığını deyib. Bununla belə, ekspert istisna etmir ki, məhkəmə prosesi yekunlaşdıqdan, məhkəmə qərarı ilə iş kəsildikdən bir müddət sonra onlar əfv oluna, hətta azadlığa buraxıla da bilər:

“Amma indiki məqamda bu, Azərbaycanın marağında deyil. Erməni mediasının iddia etdiyi kimi onları azad etsək, nə qazanacağıq? Paşinyanın gəlib Bakıda gəzməyini? Biz bundan nə qazana bilərik? Ona görə də buna inanmıram və separatçıların azad olunması üçün də səbəb görmürəm”.

Bakıda saxlanılan ermənilər arasında Paşinyana müxalif fiqurların da olduğunu xatırladan ekspert bunları deyib:

“Həmin şəxslərdən biri də Ruben Vardanyandır. Vardanyan azadlığa çıxsa, Paşinyan üçün  böyük təhlükəyə çevrilə bilər. Azərbaycan üçün isə bunun hər hansı təhlükəsini görmürəm. Azərbaycan onu çoxdan neytrallaşdırıb. Qarabağ azad olunandan sonra Vardanyan hansısa yolla Qarabağdan qaçaraq İrəvana gedə bilsəydi, Azərbaycana qarşı nəsə edə bilməyəcəkdi. Amma Paşinyana qarşı daha güclü hərakat başlada bilərdi. Vardanyan indi İrəvanda olsaydı, gedib o keşişə qoşulacaqdı. Odur ki, Vardanyanın azadlığı Paşinyanın marağında deyil”.

Mədinə Useynova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*