Gələcək Azərbaycan Partiyası 31 Mart Soyqırımı ilə bağlı BƏYANAT YAYDIbackend

Gələcək Azərbaycan Partiyası 31 Mart Soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Gələcək Azərbaycan Partiyası 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

KONKRET.az həmin bəyanatı təqdim edir:

“1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər,digər ərazilərdə də dinc əhali xüsusi qəddarlıqla kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdu. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.

Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə yeksan edilmişdir.

Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Demokratik Respublikası 1918-20-ci illərdə ermənilərin törətdikləri soyqırımı tədqiq etmək üçün fövqəladə komissiya yaratmışdı. Komissiya 36 cildlik geniş material hazırlamışdı. Bu materialların ingilis, alman, rus dillərində çap edilərək Qərb dövlətlərinə göndərilməsi nəzərdə tutulmuşdu.
Lakin 1920-ci ilin 28 aprelində Sovet ordusu ADR-i süquta uğratdıqdan sonra həmin məsələyə xitam verildi. Xalqımızın haqq səsini ucaltmaq, tarixi həqiqəti dünyaya çatdırmaq sahəsində əməli fəaliyyət müstəqilliyimizin ikinci dönəmində yenidən bərpa edilmiş oldu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulmuş həqiqətlər bir-bir açılaraq dünyaya təqdim edilmiş oldu.

Gələcək Azərbaycan Partiyası olaraq bəyan edirik ki, hazırda da ölkəmizin beynəlxalq düşmənləri hərəkətdədirlər. Belə bir kövrək ictimai-siyasi vəziyyətdə dövlətimizin haqq səsinin dünya ictimaiətinə çatdırılması, ölkəmizin ərazi bütövlüyünün qorunması, separatçılardan təmizlənməsi və dövlətimizin daha da güclənməsi, inkişaf etdirilməsi yolunda bütün siyasi partiyalar – iqtidar-müxalifət düşərcəsində təmsil olunmasından asılı olmayaraq ölkəmizdə bu gün mövcud olan milli birliyi, siyasi həmrəyliyi qorumalı, düşmənə qarşı eyni cəbhədə, vahid mövqeydən çıxış etmək yolunu qorumalı və inkişaf etdirməlidir.

Hesab edirik ki, heç kim unutmamalıdır: Bu birlik, bu həmrəylik bizlərə millət, dövlət və bir xalq olaraq zəfər gətirmiş birlikdir, qələbə yaşatmış həmrəylikdir! Əminik ki, bizlərin siyasi partiyalar olaraq birliyi, həmrəyliyi hələ bundan sonra dövlətimizə və xalqımıza daha böyük zəfərlər və qələbələr yaşatmaq imkanındadır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*