Gənc Tamaşaçılar Teatrının direktoru “hoqqa” çıxarır: “Sən bizə lazım deyilsən, artıq 70 yaşın var” – AÇIQLAMAbackend

Gənc Tamaşaçılar Teatrının direktoru “hoqqa” çıxarır: “Sən bizə lazım deyilsən, artıq 70 yaşın var” - AÇIQLAMA

Son bir neçə gündür ki, 65 yaşı tamam olan aktyor və aktrisaların teatrdan uzaqlaşdırılması ilə bağlı məsələ gündəmi zəbt edib. Doğrudur, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu faktı təkzib etsə də, Gənc Tamaşaçılar Teatrında vəziyyət heç də ürəkaçan deyil. Belə ki, həmin teatrda direktorun qocaman xalq artistlərindən bəzilərini işdən kənarlaşdırdığı haqda məlumatlar var. Bəs, görəsən, aktyora yaş senzi tətbiq etmək nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı KONKRET.az-a danışan teatr və kino aktyoru, xalq artisti Tariyel Qasımov bildirib ki, dünyanın heç bir yerində incəsənət xadimlərinin 65 yaşdan sonra təqaüdə göndərilməsi ilə bağlı qanun yoxdur: “Aktyorun nəşi səhnədən getməlidir. Məsələn, Ağasadıq Gəraybəyli 90 yaşında “Əliqulu evlənir” tamaşasında baş rolu ifa edib.  Hətta gözləri də yaxşı görmürdü. Lakin buna baxmayaraq, rolun öhdəsindən məharətlə gəlirdi. Haqqına desək, Azərbaycanda da belə bir məsələ görünməmişdi. Amma Naidə İsmayılzadə Gənc Tamaşaçılar Teatrına direktor gələn kimi özündən “hoqqa” çıxarmağa başladı və 65 yaşı tamam olan əməkdaşları işdən kənarlaşdırdı. Yəqin ki, onun ətrafındakı adamlara teatrda əlavə “yer açmaq” lazım idi. Ancaq məni işdən kənarlaşdırmaqları başqa bir müəmmadır. Dedilər ki, direktor səni çağırır. Otağına girdim, qarşıma çay qoydu. Sonra dedi ki, işlər idarəsində Kəmalə xanımın yanına gedərsən. Mən də onun yanına gəldim. Bu zaman qabağıma ağ kağız qoydu və qol çəkməyimi istədi. Nə olduğunu soruşduqda “sonra bilərsən” dedi. Üzərindən 5-6 gün keçdikdən sonra “sən bizə lazım deyilsən, artıq 70 yaşın var” dedilər və məni işdən uzaqlaşdırdılar. Mən də sakitcə çıxıb getdim. Direktorla dalaşan deyildim ki…”

Xalq artisti vaxtilə Qazax və Dağıstan teatrlarında direktor və bədii rəhbər kimi işlədiyini xatırladıb: “Azərbaycanda hələ ki, Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə 65 yaşı tamam olan aktyor və aktrisaları işdən kənarlaşdırır. Azərbaycan Dövlət Akademik Milli Dram teatrında da işçilərin çıxarıldığını deyirlər. Ancaq mən həmkarlarımdan soruşmuşam, heç kim uzaqlaşdırılmayıb. Yalnız bizim teatr bu addımı atıb, səbəbi isə bilinmir. Mədəniyyət Nazirliyinə müraciət etməmişəm və bu haqda düşünmürəm. Madam ki, belə məsləhət gördülər, mən də çıxıb getdim. Amma oradakı cavanların yüzünə hərəkətimlə “fora” verərəm. Axı cavan aktyorlar mənim oynadığım rolları ifa edə bilməz. 70-80 yaşlı qoca kişi obrazlarını mən ifa edə bilərəm. Olara nə qədər qrim etsələr də, gözlərinin parıltısından cavan olduqları anlaşılacaq”.

Tariyel Qasımov “bundan sonra nə işlə məşğul olacaqsınız” sualını belə cavablandırıb: “Mən nə edə, harada işləyə bilərəm? Aktyorluq və rejissorluqdan başqa heç bir işlə məşğul olmamışam. Kombinat direktoru təyin etməyəcəklər ki… Yəni mənim sənətim aktyorluqdur. Bu sənəti sevib fəaliyyət göstərmişəm. Həm də ikinci-üçüncü dərəcəli rollarım olmayıb, hər zaman baş rolları ifa etmişəm”.

Mövzunu KONKRET.az-a şərh edən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev bildirib ki, aktyorun yaş senzi olmamalıdır: “Aktyor gəncliyində və qocalığında öz yaşına uyğun rolları ifa edə bilir. İndi yaşlı adamları pensiyaya göndərirlər, cavan aktyorları qrimləyib səhnəyə çıxarırlar. Bu isə yaxşı alınmır. Ona görə də,  sağlamlığı imkan verən aktyor və aktrisaları səhnədə saxlamaq lazımdır. Hətta 80 yaşında sağlam insanlar var. Düşünürəm ki, onlar teatrda qalmalıdır. Əvvəllər aktyorları ştata götürürdülər, indi hər il müqavilə bağlayırlar. Ona görə də teatra yararlı olan, qoca obrazlarını canlandıra bilən aktyorlar qalmalıdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*