Gənclər və İdman Nazirliyi “BATIB” – O boyda qurumda telefonlara cavab verməyə bir nəfər də işçi tapılmırbackend

Gənclər və İdman Nazirliyi “BATIB” – O boyda qurumda telefonlara cavab verməyə bir nəfər də işçi tapılmır

Belə bir müdrik deyim var ki, “Sağlam bədəndə sağlam ruh olar”. Ancaq sağlamlıq təkcə fizioloji məsələ deyil, bu həm də beyinlə əlaqədar olan bir məfhumdur. Yəni təkcə bədənin deyil, eləcə də beyinin və düşüncənin sağlam olması olduqca vacibdir. Hesab edirəm ki, ölkədə  bu teoriyanı həyata keçirən qurumlardan biri də Gənclər və İdman Nazirliyidir. Biz də məhz bu prinsipdən çıxış edərək adıçəkilən nazirliyin müxtəlif şöbələri ilə əlaqə saxlayıb, hazırlayacağımız mövzuya uyğun suallarımızı ünvanlamaq istəyirdik.

Ancaq başqa bir el məsələsində deyildiyi kimi, “Sən saydığını say, gör fələk nə sayır”. Təxminən bir saat ərzində (15:00-16:00) bu nazirliyin rəsmi saytında yerləşdirilən əlaqə nömrələrinə zəng vursaq da, dəstəyi bir Allah bəndəsi qaldırmadı. Prosesin bir neçə dəfə təkrarlanması da işimizə yaramadı, zənglərimizə yenə də cavab verilmədi. Belə olan halda isə istər-istəməz hazırlayacağımız mövzudan az da olsa kənarlaşıb, o boyda nazirlikdə niyə bir nəfərin telefonlarımıza cavab verməməsini aydınlaşdırmağa başladıq. Nəhayət, qaranlıq tunelin sonundan bir işıq göründü. Ardı-arası kəsilməyən zənglərimizə nazirliyin baş hüquqşünası Rauf Əliyev cavab verdi.

Eyforiyaya qapılmadan Rauf müəllimdən o boyda qurumda niyə bir nəfərin telefonlarımızı qaldırmamasının səbəbini soruşduq. Qurumun baş hüquqşünası bizə əməkdaşların tədbirdə ola biləcəyi versiyasını irəli sürdü, bir növ cavabdan yayınmış oldu. Və bizə mətbuat xidməti ilə əlaqə saxlamağımızı xatırlatdı. Müəllimə mətbuat xidmətindən zənglərimizə cavab verilmədiyini dedikdə isə, “mətbuat katibi oturub sizin zənginizi gözləmir ki” cavabını aldıq. Beləcə Rauf müəllimlə sağollaşıb yenidən suallarımıza cavab axtarmaq üçün nazirliyin Aparat rəhbərinin, “Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektoru”nun, “İdman” şöbəsinin rəsmi saytda qeyd olunan bir neçə nömrəsinə zəng vurduq. Lakin yenə də zənglərimiz cavabsız qaldı.

Gün ərzində məsələni diqqətdə saxladıq təbii olaraq və nəhayət, nazir müavini İndira Hacıyevanın əlaqə nömrəsinə təkrar zəng edəndən sonra “tale üzümüzə güldü”. Zəngimizə isə nazirliyin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüsalə Rəşidova cavab verirdi. Eyni sualı baş məsləhətçiyə də ünvanladıq. “Necə olur ki, bir saat ərzində nazirliyin bir neçə şöbəsinə zəng etdiyimiz halda, dəstəyi heç kim götürmür”, – soruşduq. Sualımıza cavab olaraq Vüsalə Rəşidova bildirdi ki, bütün dünyada pandemiyadır: “Bir şöbədə 25 nəfər işçi varsa, onlardan demək olar ki, 20-si xəstədir. Səbəb də bəllidir, Pandemiyadır, COVID və Omikron yayılıb. Gənclər və İdman Nazirliyi də prosesdən kənar deyil. Otaqda bir nəfər oturursa və həmin şəxs xəstədirsə, demək zəngə heç kim cavab verməyəcək”.

Daha sonra baş məsləhətçi mövcud vəziyyətə haqq qazandırmaq üçün bunları dedi: “Ola bilər ki, siz zəng etdiyiniz müddətdə əməkdaş otaqdan çıxar. Bu o demək deyil ki, həmin şəxs işdə deyil”. Yəqin ki, Vüsalə Rəşidovanın verdiyi cavab nəinki bizi, heç onun özünü də qane etmədi. Çünki Gənclər və İdman Nazirliyi kimi böyük bir qurumda onlarla, bəlkə də yüzlərlə əməkdaş çalışır. Belə olan halda isə telefon zənglərinə saatlarla cavab verilməməsinin heç bir məntiqi izahı ola bilməz. Ümid edirik ki, adıçəkilən qurum belə məsələlərə daha da həssas yanaşacaq və nazirliyə əlçatanlıq tam təmin olunacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*