General arvadı olan, müharibədə əsgərlərə 1120 konsert verən müğənni niyə həbs edilib?backend

General arvadı olan, müharibədə əsgərlərə 1120 konsert verən müğənni niyə həbs edilib

O, öz dövrünün ən məşhur müğənnilərindən biri sayılıb. Müharibə illərində isə Lidiya Ruslanovanın populyarlığı dillər əzbərinə çevrilib. 1941-ci ildən 1945-ci ilə qədər müğənni ən ağır döyüş bölgələrində 1120-dən artıq konsert verib. Hətta cəbhə qastrollarının birindən sonra marşal Georgi Jukov şəxsi heyətin qarşısında sinəsindən birinci dərəcəli “Vətən müharibəsi” ordenini çıxararaq Lidiya Ruslanovanın sinəsinə taxıb.

Müharibənin sonunda, 1945-ci ilin mayın 2-də Berlində ilk olaraq sovet müğənnilərindən Reyxstaq divarları qarşısında ilk konserti də məhz Lidiya Ruslanova verib.

Lidiya Ruslanova 1900-cü ildə Saratovda anadan olub. Uşaqlıqdan valideyn himayəsindən məhrum olan Lidiyanın atası rus-yapon müharibəsindən qayıtmayıb, anası isə vaxtsız vəfat edib. Elə bu səbəblərdən də Lidiya Ruslanova uşaq evində böyüyüb.

Onun istedadı, ifaçılıq məharəti hələ uşaq olarkən ətrafdakılarının diqqətini cəlb edib. Toylarda, bayram şənliklərində, kiçik məclislrdə ifaları ilə səs imkanlarını nümayiş etdirib. Bu istedadı nəzərə alan uşaq evinin rəhbərliyi Lidiyanının orta ixtisas musiqi məktəbində təhsil almasına köməklik göstərib. Lidiya Ruslanova sonra Moskvada Ali Musiqi mktəbində təhsil alıb.
Səs imkanları Lidiya Ruslanova üçün bütün qapıları açıb. İlboyu qasrrol səfərləri anşlaqla keçib, pərəstişkarlarının sayı günbəgün artıb.

Sovet-alman müharibəsi başlanan gündən Lidiya Ruslanovanın qastrolları yalnız cəbhə bölgələrinə yönlənib. Əslində onu bu səfərlərə heç kim məcbur etməyib. Müğənni döyüşən ordu qarşısında konsert proqramları ilə çıxış etməyi vətəndaşlıq borcu sayıb.

Qısa müddətdən sonra yüksəkçinli hərbçilər, generallar və marşallar arasında böyük hörmətə sahib olan Lidiya Ruslanova şəxsi həyatını da onlardan biri ilə, general-leytenant Vladimir Kryukovla bağlayıb.

Qeyd edək ki, general Kryukov marşal Jukovun ən yaxın silahdaşlarından biri sayılıb, onların arasında sıx dostluq münasibətləri olub, bütün ailə tədbirlərini birlikdə keçiriblər.

1948-ci ilə qədər Kryukovlar ailəsi xoşbəxt günlərini yaşayıblar. Ailənin heç bir maddi problemi də olmayıb. Lidiya Ruslanova illər boyu verdiyi konsertlərdən əldə etdiyi gəlirlər hesabına böyük var-dövlətə sahib olub. Briliyant və qızıl həvəskarı olan müğənni kifayət qədər böyük miqdarda zinət əşyalarına sahib olub. Bununla yanaşı general da müharibədən sonra Almaniyadan xarici avtomobillər, qiymətli rəsm əsərləri, xalça və mebellərlə vətənə dönüb. Ailə Moskvanın mərkəzində 5 otaqlı evə, şəhər ətrafında isə dəbdəbəli bağa sahib olub.

Tarixdən məlum olduğu kimi, 1946-cı ildə Ali Hərbi Şurada Jukova “Aviasiya işi” və “Qənimət işi” ilə bağlı ittihamlar irəli sürülüb. Marşal şəxsi istifadəsi üçün Almaniyadan külli miqdarda qiymətli əşyaların gətirilməsində günahlandırılıb. Məqsəd xalq arasında sonsuz nüfuza malik olan Jukovun fəaliyyətini əngəlləmək olub. Amma marşalı həbs etmək, yaxud da tutduğu vəzifələrdən uzaqlaşdırmaq üçün heç bir tutarlı əsas tapılmayıb. Belə olan halda Jukova yaxın olanlar müxtəlif bəhanələrlə həbs ediliblər və onlardan marşala qarşı ifadələrin verilməsi tələb olunub.

Həmin şəxslərdən biri general-leytenant Vladimir Kryukov, digəri isə onun həyat yoldaşı Lidiya Ruslanova olub.
Cütlük Jukova qarşı heç bir ifadə verməyib. Bu “inadkarlıqlarına” görə Kryukov 25 azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, müğənni Ruslanova isə 10 il müddətinə Sibirə sürgünə göndərilib.

Beləliklə, bütün şəxsi əmlakları müsadirə olunmaqla antisovet fəaliyyətdə günahlandırılan generalla müğənninin məhbəs həyatı başlayıb.

Elə marşal Jukovun özünü də Moskvadan uzaqlaşdıraraq mədəni şəkildə əvvəlcə Odessa, sonra isə Ural Hərbi Dairəsinə komandan vəzifəsinə “sürgün” ediblər.

Nəhayət, 5 ildən sonra, 1953-cü ildə Stalinin vəfatından və Jukovla bağlı bütün intriqaların əsas müəllifi olan Beriyanın həbsindən sonra Kryukovların azadlığa çıxmaq şansı yaranıb.

Nikita Xruşovun təşəbbüsü ilə Moskvaya qaytarılan Jukov müdafiə nazirinin birinci müavini təyin edildikdən sonra general Kryukov marşala məktub ünvanlayıb. Jukov da öz növbəsində yazılı surətdə generalın və müğənninin bəraəti ilə bağlı Nikita Xruşova rəsmi müraciət edib.

Məsələ Mərkəzi Komitənin Rəyasət Heyətinin (həmin dövrdə Siyasi Büro belə adlanıb) iclasında müzakirəyə çıxarılıb. 1953-cü ilin avqust ayında Vladimir Kryukov və Lidiya Ruslanova azadlığa buraxılıb.

Bəraət aldıqdan sonra bütün orden və medallarını, o cümlədən Sovet İttifaqı Qəhrəmanı adını, general-leytenant rütbəsini Kryukova yenidən qaytarıblar və Moskva Hərbi Hüquq Akademiyasının rəis müavini vəzifəsinə təyin ediblər.

Lidiya Ruslanova azadlığa çıxdıqdan sonra bir müddət səhnədən uzaq olub. Ailə kirayə mənzildə yaşayıb. Məhbəs həyatından sonra Kryukovun səhhətində, xüsusilə də ayaqlarında ciddi problemlər yaranıb. Maddi sıxıntıları aradan qaldırmaq üçün Lidiya Ruslanova yenidən böyük səhnəyə qayıtmaq məcburiyyətində qalıb.

Müğənni bu dəfə də böyük uğurlara imza atıb. Qastrollar, konsertlər Lidiya Ruslanovanı yenidən maddi cəhətdən zənginləşdirib. O, ilk növbədə qazancı ilə ayaqlarında problem olan həyat yoldaşına avtomobil alıb. Və zaman-zaman ailə maddi sıxıntılardan yaxa qurtarıb.

1957-ci ildə Kryukov səhhəti ilə əlaqədar təqaüdə çıxıb. 1959-cu ildə, 62 yaşında vəfat edib.

Generalın vəfat etməsi Lidiya Ruslanovanın səhhətinə ciddi zərbələr vurub. Müğənnidə ciddi ürək xəstəlikləri aşkar olunub. Həkimlərin qadağasına baxmayaraq Lidiya Ruslanova fəaliyyətini əvvəlki illərdə olduğu kimi davam etdirib; qastrollar, səfərlər, efirlər, studiyalar, konsertlər…

Bütün bu gərgin iş rejimi nəhayət 1973-cü ildə qəfil ürəktutması ilə nəticələnib. Lidiya Ruslanova 1973-cü ildə, 73 yaşında vəfat edib.

Vladimir Kryukov və Lidiya Ruslanova Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*